Zahid Oruc: ”Siyasi qətnamələrin sayı artdıqca, erməni xalqının sayı azalır”
“Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də dövlətlərin siyasi simasını açdığına görə böyük qələbədir. Fransa Senatının dünənki qərarı da, 2020-ci ilin noyabrın 25-də Qarabağı tanımağa çağıranların 44 günlük müharibədəki məğlubiyyətidir”.
1news.az xəbər verir ki, bu sözləri Millət vəkili və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc sosial şəbəkə hesabında yazıb. O, paylaşımında bildirib ki, qətnamənin preambulasında BMT Nizamnaməsinə istinad olunur: “Baxın dünya təhlükəsizliyinə cavabdehlik daşıyanlar millətləri necə birləşdirir?
Senatın qərarında ikinci bənd Türkiyədən qorxunu nümayiş etdirir. Yunanıstanda olduğu kimi, Ermənistanla sərhədlərə qoşun yığıb, Gümrüdən Rusiya hərbi qüvvələrini çıxarıb Qafqazı tutmaq istəyirlər. Xalqımız bilməlidir ki, dünən Fransa Senatında qərar çıxaranlar İstanbulun mərkəzində qanlı terrorun sifarişçiləri ilə eyni qüvvələrdir. Siz Şarli Hebdo qətlindən sonra Parisdə çiyin-çiyinə dayanan dövlətləri Türkiyə və Azərbaycanla bir sırada görməzsiniz. Lakin o qətnamələr Vətən müharibəsinin nəticələrini dəyişmir, əskinə erməni xalqına növbəti zərbədir. Çünki ondan yalnız bir ovuc siyasi avantürstlər fayda götürür. Baxın tarixə, belə qərarların sayı artdıqca erməni xalqının sayı azalır.
Fransa Senatı Xankəndi ermənilərinin təmçilçisi adı ilə Ovanes Kevorkyanı da dəvət edib. Qərbin siyasi riyakarlığına baxın, sabah ölkəmizi insan hüquqları və demokratiya pozuntusunda qınayanları bir daha tanıyın”.
Deputat qeyd edib ki, çıxış yolu səfirliyə hücum etmək, yumurta və pomidor atəşinə əl atmaq deyil: “Ərzağa heyifdir. Total şirkətini Abşeron yatağından qovmaq da ölkəmizin iqtisadi izolyasiyasını istəyənlərin xeyrinədir, əksinə kompaniyanın resurslarını Avropaya və Fransa elitasına qarşı yönəltmək gərəkdir.
Cavab reaksiyamız Bolqarıstandan Ağdama, Praqadan Səmərqəndə qədər qələbəmizi möhkəmləndirən Prezidentlə bir olmaq, eləcə də Şərq və Azərbaycan qadınının etirazını ləyaqətlə ifadə edən Mehriban xanım Əliyevanın qərarına onlarla dövləti qoşmaqdır. Biz ermənilərə deməliyik: siz türklərə və azərbaycanlılara xidmət edəndə xilas olursunuz. Onları başa salmalıyıq - əsgərini hərbi meydanda, ticarətçisini birjada.
Biz Fransa parlamentinə Şuşada yeni bəyannamələrlə cavab verməliyik. Çünki bizim müttəfiqlərimiz daha çoxdur!”
Aynurə Xudaverdiyeva