“Kəndlərdə yaşayan azərbaycanlılar ən səxavətli insanlardır” - Aİ-nin Azərbaycandakı sabiq nümayəndəsi ilə MÜSAHİBƏ
“Məni mənzillərinə çay içməyə dəvət edən, köhnə albomları açan, gənclik illərinin fotoşəkillərini mənə göstərən, gözəl xatirələrini mənlə bölüşüb, xatırlayan təvəzökar insanları heç vaxt unutmaram. Bunlar heç vaxt unuda bilməyəcəyim anlardır”.
Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti rəhbərinin sabiq müavini və diplomatik nümayəndəliyin Siyasət və Mətbuat şöbəsinin müdiri vəzifələrində çalışmış Denis Daniilidis 1news.az-a müsahibəsində deyib.
Daniilidis 2016-2020-ci illərdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyətinin rəhbərinin müavini və 4 il diplomatik missiyanın siyasət və mətbuat şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
– Cənab Denis, siz 4 il ölkəmizdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyətinin rəhbərinin müavini və diplomatik nümayəndəliyin siyasi və mətbuat şöbəsinin müdiri vəzifələrində çalışmısınız. Siz uzun müddət Bakıda yaşamısınız. Bakı deyəndə ağlınıza ilk nə gəlir? Şəhərimiz yaddaşınızda necə qalıb?
– Bakıda olduğum müddətdə dəniz gəzintisində dənizə baxan Bulvarda gəzən ailəni əks etdirən bir tablo almışdım. Rəsmdəki insanların Bakının məşhur dəniz mehinə görə saçları dalğalanırdı. Amma ən əsas məsələ rəsmdə təsvir edilə bilməyən Bakının özünəməxsus neft qoxusu var. Həmin rəsm küləklər şəhəri haqqında düşünəndə ağlıma gələn minlərlə şəkildən biridir.
– Siz Bakıda diplomat kimi çox aktiv həyat sürmüsünüz. Siyasi təmaslarınızla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan insanlar arasında mədəni əlaqələrin və şəxsiyyətlərarası körpülərin qurulmasına həmişə töhfə vermisiniz. Sizin şəxsi təşəbbüsünüz nəticəsində Bakıda təkcə yerli istedadların deyil, həm də dünyanın müxtəlif ölkələrindən onlarla yaradıcı insanların iştirak etdiyi Avropa Tolerantlıq Festivalı təşkil olundu. Bu həm də Aİ nümayəndəliyinin sponsorluğu ilə keçirilən dünyada ilk festival idi. Sözügedən layihənin təşkili və həyata keçirilməsi ilə bağlı ən yaddaqalan xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
– Xaricdə çoxlu layihələrim olub, lakin bir sıra səbəblərə görə ideyalarımı konkret layihələrə çevirməkdə ən çox uğur qazana bildiyim yer Bakı oldu. Ətraf mühit, ümumi kontekst və görüşməkdən məmnun olduğum bir sıra əsas şəxslər bir çox qapıları açdı və bir çox praktik problemləri həll etdi. İnanıram ki, mədəni mübadilə insanları daha da yaxınlaşdırır. Mədəniyyət bizi digər baxışları anlamağa və hörmət etməyə məcbur edir. Mədəniyyət bizi daha yaxşı, daha tolerant, sülhə meyilli vətəndaşlar edir. Buna görə də mən Avropa İttifaqının Nümayəndəliyinin Bakıda olduğum müddətdə (2016-2020-ci illər) tolerantlıq və irslə bağlı festivalların keçirilməsinə dəstək verdiyini görməkdən məmnun oldum. Hər ikisi Bakının çoxmillətli və çoxkonfessiyalı birgəyaşayış ənənəsini qeyd etmək məqsədi daşıyırdı. Bu mənada bakılılar üçün son 30 ildə geniş dəyişikliklərə məruz qalmış öz şəhərləri ilə yenidən əlaqə yaratmaq imkanı oldu. Aİ Nümayəndəliyinin dəbdəbəli şəhər mehmanxanalarında deyil, Sovetskidə turistlərin və gənc nəsil bakılıların çox vaxt diqqətdən kənarda qaldığı məkanlarda tədbirlər keçirməsi məni xüsusilə sevindirdi. Tədbirlərimiz vasitəsilə jurnalistlərin də öz şəhərlərini kəşf etdiklərini görmək mənim üçün böyük sevinc idi.
– Bildiyimizə görə, siz yunan əsillisiniz. Yunanıstan da bir neçə dənizlə əhatə olunub, Bakı da Xəzər dənizinin sahilində yerləşir. Bu baxımdan qohumluq və oxşarlıq hiss etdinizmi?
– Bakının mövqeyi bir yunan kimi mənim genlərimə yaxın olan Aralıq dənizinin bir çox limanlarını xatırladır. Yadıma İtaliyada Neapol, Yunanıstanda Saloniki, Türkiyədə İzmir və ya İspaniyada Malaqa gəlir. Sirr deyil ki, yaşadığımız mühit bizim davranış tərzimizdə, qarşılıqlı münasibətimizdə həlledici rol oynayır. Odur ki, bir yunan və ya Aralıq dənizində yaşayan hər kəsin Bakıda özünü bir az evindəki kimi hiss etməsi təbiidir. Aydındır ki, davam edən dramatik şəhər regenerasiyası layihələri Bakının dəniz sahilinin ümumi mənzərəsini dəyişdirərək onu Körfəzdə çiçəklənən şəhərləri xatırladan post-modern bir şəhərə çevirə bilər. Buna baxmayaraq, bu nəhəng blokların kölgəsində insanlar hələ də sələflərinin nəsillər boyu etdiyi kimi meyvə mürəbbələri ilə çay içir, söhbət edir, bir-birini qucaqlayır, gülürlər. Xatırlayacağım bu Bakıdır, xatırlamaq istədiyim də elə bu Bakıdır.
– Nə vaxtsa Azərbaycana yenidən səfər etməyi planlaşdırırsınız?
– Tezliklə Azərbaycana qayıtmaq istərdim, amma hazırda Ekvadorda yaşadığım üçün məsafə böyükdür. Məsafələrdən danışarkən Aİ, Ekvador və Azərbaycanı birləşdirən kiçik bir hekayəni bölüşmək istərdim. Bu dünya sürprizlərlə dolu deyilmi?! Bakıda Avropa İttifaqının dəstəyi ilə keçirilən Tolerantlıq Festivalının bir hissəsi olaraq, Bakıda nümayiş oluna biləcək mümkün Ekvador filmlərini müəyyən etmək üçün Ekvador-Belçika kinorejissoru olan dostumla əlaqə saxladım. İki Ekvadorlu qardaşın istehsal etdiyi və rejissoru olduğu filmdən xəbər tutdum. Dostum filmin satışa çıxacağını təsdiqlədi və çox təəccübləndim ki, dostum mənə dedi ki, bu iki qardaşın Bakı ilə əlaqəsi var! Əslində, bu iki qardaş 90-cı illərin əvvəllərində azərbaycanlı həmkarları ilə bir film çəkmək üçün Bakıda olublar. Yeri gəlmişkən, indi Ekvadorda iki qardaş mənim yaxşı dostlarım oldular. Biz mütəmadi olaraq görüşürük: onlar Bakı haqqında öz xatirələrini bölüşməkdə davam edir, mən isə onlara şəhərdə baş verən dəyişikliklər və Bakıda qalan ümumi dostlarımız haqqında məlumat verirəm.
– Paytaxt Bakıdan başqa hansı bölgələrdə olmusunuz? Həmin bölgələr sizdə hansı təəssürat yaratdı?
– Azərbaycanın bir neçə bölgəsinə səfər etmək və oradan zövq almaq mənə nəsib olub. Nic, Ordubad və daha çox turistik olan Şəkini mənim üçün ən təsirli, ən gözəl yerlər kimi qiymətləndirərdim.
– Bakıda ən çox harada gəzməyi xoşlayırdınız?
– Tarixə, orijinal memarlığa və orijinal insanlara olan həvəsim məni Bakının Sovetski və Sabunçu rayonlarına apardı. Gəzmək, dostluq etmək, yerli sakinlərlə çay içmək, insan hekayələrini kəşf etmək ən çox bəyəndiyim xatirələrdir. Sabunçuda canlı, ləzzətlərlə, qoxularla, əsl gülüşlərlə dolu bit bazarını çox bəyəndim. İnsanların səxavətini, köhnə açıqcalar, sikkələr və ya işlənmiş çini üzərində sonsuz söhbətləri heç vaxt unutmaram. Məni mənzillərinə çay içməyə dəvət edən, köhnə albomları açan, gənclik illərinin fotoşəkillərini mənə göstərən, gözəl xatirələrini mənlə bölüşüb, xatırlayan təvəzökar insanları heç vaxt unutmaram. Bunlar heç vaxt unuda bilməyəcəyim anlardır.
– Yəqin ki, artıq Azərbaycanın milli mətbəxi ilə tanış olmusunuz və sevdiyiniz Azərbaycan yeməyini müəyyənləşdirmisiniz. Bilmək istərdik ki, ən çox sevdiyiniz Azərbaycan yeməyi hansı olub?
– Müxtəlif kulinariya ənənələrinin təsiri altında olan Azərbaycan çox incə qastronomiya ənənəsini inkişaf etdirib. Narın istifadəsi bir çox yeməklərə, xüsusən də ətə çox xüsusi dad verir. Bütün Qafqazda olduğu kimi, quzu əti müsəlman üsulla hazırlanır və kabab edilən quzu ətinin qoxusu çoxları üçün Azərbaycanla bağlıdır. Amma mənim ən sevdiyim Azərbaycan yeməyi fisincan plovu və şah plovdur.
– Düşünürük ki, ölkəmizdə çoxlu insanlarla tanış olmusunuz. Sizcə azərbaycanlılar necə millətdir?
– Hesab edirəm ki, orta azərbaycanlı çox səbirli, səxavətli və səmimidir. Başıma belə bir hadisə gəlmişdi. Deməli, taksi sürücüləri ilə dəfələrlə Bakı və Azərbaycan haqda təəssüratımı müzakirə edərkən, onlar mənə “bizim fəxri qonağımızsan” deyərək, ödənişdən imtina etdilər. Həm də kəndlərdə yaşayan azərbaycanlılar ən səxavətli insanlardır.
– Azərbaycan dilini öyrənə bildinizmi? Hansısa sözləri xatırlayırsınız?
– Açığı, hələ də çoxlu Azərbaycan sözlərini təxmini xatırlayıram, amma ən çox bəyəndiyim, bulvarda çay içən, azərbaycanca, rusca və bəzən fransızcaya bənzər sözləri çox özünəməxsus intonasiya və vurğu ilə danışan azərbaycanlı xanımlardır.
– Sonda, Azərbaycanı 3 sözlə necə təsvir edərdiniz?
– Görünüşdən kənar hisslər...