“Ölkəmizdə bir çox müəssələrdə ixtisasa yox diploma üstünlük verirlər” - MÜSAHİBƏ
Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir.
Düzgün peşənin seçilməməsi bəzən insanların bədbəxt olmasına gətirib çıxarır. Hər bir insanı hansı peşəni seçəcəyi, hansında uğur qazanacağı fikri düşündürür. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəsisinə də çevrilə bilir. Bəyənmədiyin,sevmədiyin işi yerinə yetirmək çox çətin və maraqsız olur, adam işdən yorulur, bezir, işinin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir. Çox zaman gənclər peşəni seçərkən hansı sahənin daha çox pul gətirəcəyi haqda fikirləşirlər. Peşə təkcə pul qazanmaq,dolanışıq məqsədi ilə yox, həm də özünü ifadə etmək, doğrultmaq üçün seçilməlidir. Peşənin insan həyatında rolu yüksəkdir. Peşə insanın gələcəyini təmin edir. Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir.
Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası icraiyyə komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov 1news.az-a müsahibə verib.
Sözügedən müsahibəni təqdim edirik:
- Hazırda ölkədə ali məktəbdən məzun olan gənclərin bəlkə də böyük əksəriyyəti universitetdə bitirdikləri ixtisas üzrə çalışmırlar. Bunun əsas səbəbi nədir? İş tapa bilmirlər ya səhv ixtisasdan məzun olduqlarını düşünüb həmin sahədən qaçırlar?
- Əslində bunun çox səbəbləri var. Bunlardan əsas səbəb kimi hazırda ölkəmizdə bir çox müəssələrdə ixtisasa yox diploma üstünlük verirlər. Diplomun varsa, işləyə bilərsən kimi. Dövlət qulluğuda da belə ixtisaslar da var. Ora qəbul olmaq üçün ali təhsil kifayətdir. Amma bəzi ixtisaslar var ki, orada mütləq ixtisas üzrə təhsil lazımdır. Məsələn həkimlik, hüquqşünaslıq və başqa bu cür ixtisas var ki, orada mütləq sahə üzrə təhsil lazımdır. Bir başqa səbəb də odur ki, yeniyetmələr və gənclər sadəcə qrupu seçə bilirlər. Universitet imtahanı zamanı yığdıqları bal onları istədikləri ixtisasdan uzaq salır. Belə deyək “bəxtə-bəxt” hansısa ixtisasa qəbul olurlar. Beləliklə, istədikləri ixtisas üzrə təhsil almırlar. Bir başqa səbəbdə ki, ölkədə hər ixtisasa uyğun kifayət qədər iş yeri yoxdur. Buna görə də əksər gənclər işsiz qalmaqdansa, bir işdə işləyib pul qazanmağı üstün tuturlar.
- Universitetə qəbul imtahanı verəndə əksəriyyət 16-17 yaşında olur. Bəzən valideyn təsiri, bəzən özünün yeniyetməklik dönəmində uzaqgörmə bacarıqlarının zəif olmasına görə səhv ixtisas seçir nəticədə 4 il həmin sahədə oxuyurlar. Bitirəndə isə iş tapa bilmirlər. İxtisas seçimi edərkən nələrə diqqət edilməlidir?
- Valideyn təsiri bizim ölkədə həmişə olub, düşünürəm ki, olacaq da. Biz övlada fərd kimi yox, mülkiyyət kimi yanaşırıq. Düzdür məsləhət vermək olar, amma ciddi təsir göstərib, övladlarımızı istədikləri ixtisasdan uzaqlaşdırmaq düzgün deyil.
- Əksər dünya ölkələrində 30 yaşa qədər insanın özünə düzgün ixtisas seçmə dönəmi kimi qiymətləndirilir. Lakin bizim ölkəmizdə bu belə deyil. Gecikmiş kimi qiymətləndirilir. Bu amillərdən necə uzaqlaşa bilərik?
- Məncə, bizim ölkədə də bu belə olmalıdır. Həm hazırda ixtisas üçün yaş məhdudiyyəti də yoxdur. Ölkədə kifayət qədər 40-50-60 yaşlarında tələbələr var. İndiki zaman 1 ixtisası tələb etmir. Ən az əlimizdə 2 ixtisas olmalıdır. 2 peşəni öyrənməliyik. Çünki bəzi peşələrin nüfuzu get-gedə zəifləyir, bəziləri isə əksinə artmaqdadır. Yeni peşələr yaranır. Bəzi hallarda bir peşəni hər zaman istifadə etmək də olmur.
- Sonda gənclərə peşə seçimi ilə bağlı tövsiyələriniz nələrdir?
- Diplom sahibi olmaq xatirinə universitetə qəbul olmasınlar. İnsanın ona uyğun peşə tapması əslində çox çətin məsələdir, amma mümkündür. Bir hətta mümmkündürsə, iki peşəni dərindən öyrənib mənimsəsinlər. Bu zaman diplom xatirinə iş tapmış olmayacaqlar.