Prezident: Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq
Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən bildirib.
“Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”, - dövlət başçısı vurğulayıb.