Braziliyada Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO
12 martda Mədəniyyət Nazirliyinin və Braziliyadakı Səfirliyin dəstəyi ilə ölkəmizin mədəniyyətinin, onun musiqisinin təbliği çərçivəsində Rio de Janeyro şəhərində Latın Amerikasının ən qədimi və tanınmış teatrı olan Teatro Munisipalda xalq artisti, maestro Yalçın Adıgözəlovun dirijorluğu ilə Braziliya Dövlət Simfonik Orkestrinin konserti keçirilmişdir.
1news.az xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz, bu ilin Heydər Əliyev İli kimi qeyd edildiyini bildirmişdir. O, bu konsertin Azərbaycanın müasir musiqisinə əvəzolunmaz dəstəyini vermiş, onun beynəlxalq ictimaiyyətə yayılması, mədəni irsimizin müasirliyə uyğunlaşdırılması üçün beynəlxalq klassik musiqisinin də Azərbaycan tərəfindən mənimsənilməsinə yardım etmiş, Azərbaycanın musiqiçilik istedadlarına, bu musiqi ənənələrin gələcək nəsillərə ötürülməsi üçün daim dəstək vermiş Ümummilli Lider Heydər Əliyevin şanlı adına həsr edildiyini bəyan etmişdir. Səfir R.Novruz dinləniləcək bu konsertdə məşhur bəstəkarımız Qara Qarayevin “Leyli və Məcnun” simfonik poemasının ifa ediləcəyini qeyd etmiş, bəstəkarımız haqqında qısaca məlumat vermişdir. Təntənəli konsert axşamı Q.Qarayevin məhz bu simfonik poeması ilə başlanmışdır. Həmçinin rus bəstəkarı S. Raxmaninovun 2 saylı simfoniyası və Norveç bəstəkarı E.Qriqın fortopiyano konserti səslənmişdir.
Səfir öz çıxışında bildirmişdir ki, bu konsert cari il Səfirlik tərəfindən Braziliyada təşkil ediləcək silsilə mədəniyyət tədbirlərinin yanlız başlanğıcıdır. Belə ki, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, elecə də Braziliya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinə həsr olunacaq bir neçə fərqli repertuar və təqdimatlarda Braziliyanın digər şəhərlərində də tədbirlər keçiriləcək.
Konsertə yerli tamaşaçılarla yanaşı Rio de Janeyro Ştatı qubernatorluğu, yerli qanunvericilik və icra hakimiyyətinin yüksək vəzifəli nümayəndələri də qatılmışlar.