“Orucu dieta üçün tutanların qazanacağı savab pəhriz zamanı itirdiyi çəkilər olacaq” - İlahiyyatçı | 1news.az | Xəbərlər
Müsahibə

“Orucu dieta üçün tutanların qazanacağı savab pəhriz zamanı itirdiyi çəkilər olacaq” - İlahiyyatçı

Aynurə Xudaverdiyeva16:18 - 30 / 03 / 2023
“Orucu dieta üçün tutanların qazanacağı savab pəhriz zamanı itirdiyi çəkilər olacaq” - İlahiyyatçı

Bu gün Ramazan ayının 8-ci günüdür.

Belə ki, builki təqvimə əsasən, Ramazan ayı martın 23-dən başlayıb. Bu ay bütün dünya müsəlmanları üçün müqəddəsdir və bu İslam dinində bu ayda möminlərin oruc tutmaları buyurulub. Hər il milyonlarla müsəlman sübh tezdən gün batana qədər Ramazan ayında 30 gün ərzində oruc tutur. Lakin bəzi insanlar var ki, onlar ibadət adı altında orucu arıqlamaq məqsədilə də tuturlar.

Sual yaranır “Bu cür tutulan oruclar, həmin şəxsə savab qazandırırmı?”.

Məsələ ilə bağlı 1news.az-a İlahiyyatçı alim Elşad Miri açıqlama verib. Onun sözlərinə görə, bu tip tutulan orucların heç bir savabı yoxdur:

“Kimlər ki orucu dieta üçün tutursa, alacağı savab da pəhriz zamanı itirdiyi çəkilər olacaq. Əgər bir insan doğurdan da orucu Allah üçün tutursa, niyyəti ibadət, Allaha, Qurana, dininə daha yaxın olmaqdırsa, o şəxslər də ona uyğun cavablarını alacaqlar. Niyyət bu olmalıdır ki, mən bunu sırf Allah üçün edirəmsə, savab qazana bilirəm. Əgər buna görə deyil, sırf hansısa bir şərtə görə oruc tutursansa, həmçinin buraya pəhriz də daxildir, bunun Allah səviyyəsində heç bir savabı yoxdur. Peyğəmbərimizin dediyi bir söz var, “əgər sən hansısa bir mənfəətli məqsədə qulluq edib, oruc tutursansa, bu, susuz və ac qalmaqdan başqa bir şey deyil”.

"İbadətlər Allah üçün deyil, Allaha edilir" - deyə, ilahiyyatçı əlavə edib:

"Bir insanın oruc tutması üçün lazım olan əsas amil sağlam, əqli yerində, həddi-büluğa çatması, azad olmasıdır. Artıq çəkilərdən qurtulmaq üçün oruc tutmaq əlbəttə ki, düzgün deyil. Bu gün oruc tutanlar, sağlam insanlara “Niyə oruc tutmursan?”,- deyib onları qınaya və ya tənqid edə bilməzlər. Bu tamamilə şəxsi seçimdir. Kimisə nəyəsə məcbur etmək olmaz. Və ya bunun əksinə də kimsə nə isə deyə bilməz. Oruc tutmağın qaydası yeməkdən, içməkdən, intim münasibətdən, cinsi əlaqədən uzaq durmaq üçündür. Yoxsa, oruc tutum arıqlayım. Bu doğru yanaşma deyil. Oruc özünü qoruya bilməkdir, oruc nəfsini saxlamaqdır. İnsan nəyə görə oruc tutduğunu dərk etməlidir. Əsas meyar bu olmalıdır”.

Paylaş:
2269

Son xəbərlər

Bütün xəbərlər