Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasında tibbi laboratoriya yenilənib - FOTO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının tibbi laboratoriyası tamamilə yenilənib.
TƏBİB-dən 1news.az-a verilən məlumata görə, Uşaq Xəstəxanasında laboratoriya beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib və tibb müəssisəsində Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.
Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və s. sistemləri ilə təchiz olunub.
Eyni zamanda laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib.
Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 800-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilirlər.
Qeyd edək ki, pasiyentlər tamamilə elektronlaşdırılmış analizlərinin nəticələrini Uşaq Xəstəxanasına gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə www.tabib.gov.az ( https://lab.tabib.gov.az ) saytından əldə edə bilərlər.