Qədim dövrdən çıxa bilməyən Ələsgərli kəndi - Eşşəklərin “tıxac”ı, şəraitsizlik və yerinə yetirilməyən vədlər... | 1news.az | Xəbərlər
Reportaj

Qədim dövrdən çıxa bilməyən Ələsgərli kəndi - Eşşəklərin “tıxac”ı, şəraitsizlik və yerinə yetirilməyən vədlər...

Ayşən İsmayılova09:30 - 18 / 05 / 2023
Qədim dövrdən çıxa bilməyən Ələsgərli kəndi - Eşşəklərin “tıxac”ı, şəraitsizlik və yerinə yetirilməyən vədlər...

Şəmkir rayonunda, dağların qoynunda Ələsgərli adlı ucqar bir kənd yerləşir.

Əgər haçansa yolunuz buraya düşsə, ya öz avtomobilinizdən istifadə edib kəndə sağ-salamat çatmaq üçün yol boyu dua edəcəksiniz, ya da 25-30 manatınızdan keçib taksi tutmalı olacaqsınız. Baxımsız və bərbad gündə olan yollarla kəndə çata bilsəniz də, şükür etməyə tələsməyin. Nə vaxt ki əl-üzünüzü yumaq, quruyan dil-damağınızı islatmaq istəyəcəksiniz, kənd camaatı sizi də götürüb kəndin cəfakeşləri olan eşşəklərlə birgə bulaq başına gedəcək. Bulağa çatanda da sevinməyin, çünki uzaqdan belə gözünüzü qorxudan “eşşək tıxacı”nı görəndə şərəfinə kəndə adı verilmiş Aşıq Ələsgərin də dediyi kimi “sınıb qol-qanadınız, yanınıza düşəcək”. Böyük mübarizədən sonra növbə sizə çatanda qablarınızı doldurub gəldiyiniz məşəqqətli yolla geri qayıdacaq və evə çatacaqsınız. Yol və bulaq macəralarından sonra nəhayət ki, sevinə-sevinə “qəşəng” bir kənd çolpası yemək istəyəcəksiniz. Qollarınızı çırmalayıb süfrəyə keçəndə isə kənddə təbii qaz olmadığından yeməyin hələ də bişmədiyini öyrənəcəksiniz. Necə deyərlər, Qəribi burada ağlamaq tutacaq. Vay o gündən ki burada qonaq olanda çimmək fikrinə düşəsiniz. Yəqin ki sonuncu dəfə qədim daş dövründə istifadə edilmiş metodlarla sizi bir paklayacaqlar ki, gəl görəsən. Əgər cəsarət edib kəndin sakinləri ilə kənddə var-gəl edən, lakin aiddiyyəti qurumların gözünə görünməyən problemlər barəsində söhbət etsəniz, çox güman ki, həmin dəqiqə Vaqifin bu şeiri yadınıza düşəcək:


Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.

Bizim bu dünyada nə malımız var,
Nə evdə bir sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.

Asfalt üzünə həsrət qalmış yollar, uzaq-uzaq diyarlara rahatlıqla göndərilən, amma ucqar bir kəndə gedib çıxa bilməyən təbii qaz, heç cür çəkilə bilməyən içməli su, yağış yağan kimi dizə çıxan palçıq, iynə-dərmanı olmayan tibb məntəqəsi, yalnız pul müqabilində kəndə gələn təcili yardım maşını, zibil qabı olmadığı üçün hara gəldi atılan zibillər, əkmək üçün torpaq tapmayan kəndlilər və s.

Bəs ilk baxışda təbiəti ilə insanı valeh edən Ələsgərli kəndi niyə bu gündədir? İki şəhid verən kəndlə bağlı edilən şikayətlər niyə bir qulaqdan girib o biri qulaqdan çölə qaçır? Kənd sakinləri normal həyat sürmək üçün niyə bu qədər əzab-əziyyətə qatlaşmalı olurlar?

1news.az Şəmkir rayonunun Ələsgərli kəndində olub və kəndin problemləri ilə yaxından tanış olub. Kəndin 57 yaşlı sakini Faqət Rəhimova kənddə 600 ailədən 70-dən də az ev qaldığını söyləyib.

“Payızda köçüb gedirlər. Qışda heç o da qalmır. İşığın biri burada yanır, biri də bir kilometr o yanda yanır. Biri öləndə cənazəni götürməyə 4 kişi tapılmır. Damın altında qocalar qalıb, cavan ailə yoxdur. Qızlar başqa kəndlərə gəlin köçürlər, oğlanlar isə Rusiyaya gedirlər. Ağlar vəziyyətdə qalmışıq. Təzə məktəb tikildi. Kənddə cavan ailə qalmayıb ki, uşağı məktəbə getsin”.

Faqət Rəhimova gənc ailələri kənddən didərgin salan problemlərdən bəhs edib.

“Suyumuz, qazımız, yolumuz yoxdur. İşıq isə borca görə kəsilib, camaat qaranlıqda oturur. Adam bir şeydən, iki şeydən yoxluq çəkər. Bu kənddə heç nə yoxdur.

Səhər tezdən yerimizdən durub yuxulu-yuxulu eşşəyi palanlayırıq, su qablarını belinə aşırıb qaça-qaça bulağa gedirik. Bir də ayılırıq ki, bulağa çatmışıq. Niyə? Növbə tutub bir qab su gətirək deyə. Hansı zəmanədəyik ki, eşşəklə bulaqdan su gətiririk? Ayda bir dəfə çimirik. Su tapmırıq. Su ilə paltarımızı yuyaq, toyuq-cücəyə su verək, özümüz içək yoxsa çimək? Bir gündə 2 qab su gətirməklə nə edə bilərik?”

Kənd sakininin sözlərinə görə, kəndin ən böyük problemlərindən biri də təbii qazın olmamasıdır.

“Qaz yoxdur, odun kəsib gətirəndə də cərimə olunuruq. Bura dağın başıdır, qışda 1 metr qar yağır. Bəs bu camaat nə ilə isinsin? Evdə soyuqdan tir-tir əsirsən. Gecə üstümə 2 dənə yorğan örtürəm, yenə donuram”.

Kəndin problemlərini sadalamaqdan təngnəfəs qalan F.Rəhimova digər məsələlərə də toxunub.

“Torpaq, su, qaz, yol yoxdursa, nə üçün yaşayım bu kənddə? Bu boyda kəndi dağıdıb viran qoyublar. Torpaq sahələrimiz satılır. Şəmkirin varlı adamları torpaqlarımızı alıb əkirlər. Kəndin uşaqları isə gedib onlara hamballıq edir. Hər ailənin oğul övladları var. Başqalarına verilənə kimi hər ailəyə bir hektar yer verilsin, camaat gedib hamballıq etməsin, öz torpağında işləsin. Əkin-biçin etmək istəyirsən, bələdiyyə pul istəyir, verməyəndə də məhkəməyə verir. Kənddə örüş qalmayıb. Bəs bu mal-qara harada otlasın?

Kənddə tibb məntəqəsi tikilib, amma nə iynəsi var, nə də dərmanı. Bir tibb bacısı qoyublar. Yazıq tibb bacısı öz pulu ilə iynə-dərman alıb verir bizə. Kəndə təcili yardım gəlmir, gələndə də 50 manat istəyir. Pulum yoxdur deyə ölməliyəm?

Kimə deyirsən ki, mən aşağı-Şəmkirə apar, deyir, 25-30 manat ver. Qayıdanda da yenə o qədər pul istəyirlər ki, pul ver, səni kəndə qaldırım. Mən o qədər pulu hardan alım?

Gör nə gündəyik ki, yaxınımız öləndə ya da toy edəndə mağarı gedib qonşu kəndlərdən gətiririk. Kəndin bir çadırı da yoxdur. Problemin hansına ağlayaq?”

Faqət xanım son olaraq aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, ancaq heç bir fayda vermədiyini bildirib.

“Hər yerə müraciət etmişik. Xeyri yoxdur. Kimin əli hardan tutur kəndi dağıdır. Kim gəlir, çapıb talayır, sonra da qaçır. Onlardan biri də bələdiyyə başçımızdır”.

Kənd sakini Sevda İbrahimova da Faqət xanımın dediklərini təsdiqləyib.

“Nə qazımız var, nə yolumuz var, nə də suyumuz. Təqaüd almırıq, işləmirik, heç bir yerdən qazancımız yoxdur. Bəs nə ilə dolanmalıyıq? Bir-iki mal-heyvan var, onun da nə otu, suyu var. Kənd sakinləri yüz dəfə şikayət ediblər, bir əncam çəkən olmayıb. Gəlib bir ölçü götürsünlər, biz də bir ağ günə çıxaq”.

Pərvanə Hüseynova da illərdir kəndin şəraitsizliyindən əziyyət çəkən sakinlərdən biridir.

“Suyumuz, yolumuz, qazımız yoxdur. Dolana bilmirik. Camaat köçüb gedir, evlər boş qalır. Payızda heç 50-60 ailə qalmayacaq. Şəraitsiz bir yerdir. Mağarımız yoxdur. Xeyir-şər olanda qapı-qapı düşüb qab-qacaq gətiririk. Odun qırmağa icazə vermirlər, amma özləri satırlar. Bir maşın odun üçün fəhləsi ilə bir yerdə azı 600 manat lazım olacaq. Bir qışa heç bir maşın odun da bəs etmir. Ondansa, gedib rayonun özündə kirayə yaşayarıq, oduna verəcəyimiz pulu qaza verərik. Belə zülm çəkməkdənsə, rahat yaşayarıq. Kənddə iş də yoxdur. Həm orada qışı keçirərəm, həm də işləyərəm.

P.Hüseynova da şikayətlərinin qulaqardına vurulduğunu qeyd edib.

“İcra Hakimiyyətinə nə qədər şikayət etmişik. Geri göndərirlər ki, get, yaxşı olacaq, amma ortada heç nə yoxdur”.

1news.az məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, zənglər və verilməli olan bütün suallar cavabsız qoyulub.

Xatırladaq ki, 1news.az iki il ard-arda işıqlandırdıqdan sonra Nikolayı taxtda görmüş kənd məktəbinin yerinə yeni məktəb tikilib.

Ümid edirik ki, aidiyyəti qurumlar tez bir vaxtda qulaqlarına tıxadıqları pambığı çıxarıb insanların səsini eşidər və adlarına layiq fəaliyyət göstərərək kəndin problemlərinə radikal bir son qoyarlar.

Paylaş:
2581

Son xəbərlər

Bütün xəbərlər