KİV: Rusiya Yerusəlimdə səfirliyin filialını açacaq
ABŞ-ın Yerusəlimdə yeni səfirliyini açmasından beş il sonra Rusiya da eyni addımı atmağa hazırlaşır.
1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə "İsrael Hayom" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Rusiya və İsrail Yerusəlimin mərkəzində Rusiya səfirliyinin filialının açılması barədə razılığa gəliblər.
Bələdiyyə rəhbəri Moşe Lionun rəhbərlik etdiyi Yerusəlim bələdiyyəsi ilə Rusiya Xarici İşlər Nazirliyi arasında bağlanmış müqavilədə Rusiya rəsmi olaraq şəhərin mərkəzində "King George" küçəsində konsulluq şöbəsini tikmək öhdəliyini götürüb.
Diplomatik kompleks Yerusəlim və onun ətrafının sakinlərinə konsulluq xidmətləri göstərəcək, həmçinin diplomatlara da ev sahibliyi edəcək ki, bu da ona konsulluq statusundan daha yüksək status verəcək. Müqaviləyə əsasən, tikinti beş il ərzində başa çatdırılacaq, onun on ilə qədər uzadılması variantı da nəzərdə tutulub.
Nəşr bildirib ki, saziş Yerusəlim Günündə meriyada imzalanıb və son altı ayda həm bələdiyyə sədri Lionun özü, həm də xarici işlər naziri Eli Koen danışıqlarda iştirak edib. Müqavilə ilə bağlı danışıqlarda Rusiyanı xarici işlər nazirinin müavini Mixail Boqdanovun adından Sergey Makarov və Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov təmsil edib.