Hərbi İnstitutda buraxılış mərasimi keçirilib - VİDEO
İyunun 24-də Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda 2023-cü ilin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, buraxılış mərasimində Milli Müdafiə Universitetinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, hərbi institutun şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət olunaraq qarşısına qızılgüllər qoyulub. Ümummilli Liderin və Vətənimizin müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızım xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, hərbi institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.
Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, gənc zabitləri Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara xalqımıza, dövlətimizə, qalib ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.
General-leytenant H.Piriyev ordu quruculuğunda aparılan islahatların müsbət nəticələrindən, hərbi qulluqçuların döyüş ruhunun, mənəvi-psixoloji təminatının yüksəldilməsi, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb, hərbi institutun məzunlarının 44 günlük Vətən müharibəsində iştirakından danışıb.
Gənc zabitlər də öz növbəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər.
Sonra hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə diplom və hədiyyələr təqdim olunub.
Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirildikdən sonra yaş kötüyünə simvollar vurulub.
Hərbi orkestrin və kursantların ifasında hərbi institutun marşı ifa edilib, şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.