Deputat: “Bəlkə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistandan Azərbaycan ərazisinə silah-sursat daşınıb”
"Xankəndi istiqamətində gedən Ermənistan vətəndaşları Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərindən istifadə edilərək qanunsuz yüklər daşıyırlar".
Bu sözləri 1news.az-a açıqlamasında Millət Vəkili Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, ermənilər hər bir vasitədən istifadə edərək əraziyə qanunsuz yüklərin daşınmasını davam etdirirlər:
"Laçında Sərhəd Buraxılış məntəqəsinin açılması bir daha qaçaqmalın, eyni zamanda qanunsuz hərbi birləşmələrin Azərbaycana keçməsinin qarşısını aldı. Buna baxmayaraq humanitar yüklər adı altında daşınmaların qarşısının alınması istiqamətində atılan addımlar bir daha göstərdi ki, ermənilər hər bir vasitədən istifadə edərək əraziyə qanunsuz yüklərin daşınmasını davam etdirir. Təbii ki, bu əvvəl də var idi. Xankəndi istiqamətində gedən yüklərin içərisində Ermənistan vətəndaşlarının məhz Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərindən istifadə edilərək yüklərin daşınması bunun bariz sübutudur. Heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb. Təbii ki, Azərbaycan Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi bununla bağlı müvafiq qərarlar qəbul edəcək. Əməliyyat-istintaq işləri icra olunacaq".
A.Nağıyev indiyə kimi humanitar yardımların daşınması adı ilə fəaliyyət göstərən bu qaçaqmalçıların qarşısının hər dəfə alındığını vurğulayıb:
"Biz bir daha dünyaya göstəririk ki, məhz sərhədlərin bağlanılması və orada delimitasiya və demarkasiya məsələsinin aparılması, dəqiqləşdirilməsi, eyni zamanda sərhəd buraxılış məntəqələrinin açılması çox mühüm əhəmiyyət kəsb edir. Bu vaxta qədər, istər xəstə adı ilə, istər humanitar yardımların daşınması adı ilə fəaliyyət göstərən bu qaçaqmalçıların qarşısı alındıqca, təbii ki, narazılıqlar da artmaqdadır. Buna görə də düşünürəm ki, Azərbaycan tərəfi dəqiq qərarlar qəbul edir. Birmənalı şəkildə Azərbaycan öz ərazilərini, suverenliyini qorumaqdadır. Əgər hansısa bir bu cür əməllər yenidən törədilsə onlar bunun cavabını alacaqdır".
Əlavə məlumat üçün qeyd edək ki, müxtəlif vaxtlarda Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmış, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıb. Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.