Azərbaycanda insan hüquqlarının müdafiəsi səhəsində mühüm işlər həyata keçirilir - ŞƏRH
Bəşəriyyətin daim insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması məsələsində narahatlığı olub.
Bir az keçmişə getsək, tarix fənnində keçdiyimiz qədim Roma dövründən insan hüquq və azadlıqlarının təmin edilməsi əsas prioritetlərdən biri olub. Sözügedən dövrdə yaşayan mütəfəkkirlər hər bir insanın qanun qarşısında bərabərliyini və şəxsiyyətin azadlıqlarını, ictimai həyatın hüquqi nizama salınmasını əsas meyar olar göstərirdilər.
Azərbaycanı beynəlxalq arenada insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması kimi yönlərdən inkişaf etmiş ölkələrlə müqayisə etsək, görərik ki, ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması məsələsində xeyli inkişaf edib.
18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Konsitutisiyası qəbul olunduqdan sonra insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması məsələsi daha da yaxşı səviyyədə inkişaf edib.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması məsələsini daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev hüquq mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etmək və bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədi ilə “cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının daha da möhkəmləndirilməsi haqqında” 9 avqust 1994-cü il tarixli sərəncam imzaladı.
İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Sözügedən məsələ ilə bağlı 1news.az-a danışan "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas, prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, insanların bir-birindən ayrılmaz, təbii hüquqlara malik olması, cinsi, dini, irqi ayrıseçkiliyə məruz qalmaması, o cümlədən beynəlxalq miqyasda qəbul olunan prinsip və konvension normaların formalaşdırılmasının labüdlüyü ən vacib amillərdən biridir:
“Yəhudilərin kütləvi şəkildə qətlə yetirilməsi, qadınlar və kişilər arasında cinsi ayrıseçkilik, irqçilik, dini ayrıseçkilik, müqəddəs kitabların yandırılması, təhqirə uğraması insan hüquqlarının pozulmasının əsas göstəricilərindən biridir. Ümumiyyətlə, dövlətlər insan hüquqları müdafiə etmək üçün bir sıra beynəlxalq müqavilələr qəbul ediblər. Bu müqavilələr insan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması məsələsində öhdəliklər qoymaqla onların davranışı üçün obyektiv standartlar yaradıblar. Sözügedən müqavilələr iki yerə bölünür: hüquqi cəhətdən öhdəlik yaradan və yaratmayan".
"Hüquqi cəhətdən öhdəlik yaradan sənəd dedikdə nəyi nəzərdə tuturuq kimi sual yarana bilər" - deyə, Ə.Nuriyev əlavə edib:
"Deməli, Müqavilə, Konvensiya və ya Pakt bunlar öhdəlik yaradan sənədlərdir və dövlətlərin insan hüquqlarını milli səviyyədə tətbiq etmək üzrə könüllü öhdəlik götürməsini təmsil edir. Dövlətlər fərdi şəkildə ratifikasiya və ya qoşulma yolu ilə sadəcə sənədi imzalamaq onu həyata keçirmək arzusunu əks etdirsə də, hüquqi öhdəlik yaratmır bu standartlara əməl etmək öhdəliyi götürürlər.
Hüquqi öhdəlik yaratmayan vasitə, əsasən, sadəcə dövlətlər tərəfindən heç bir öhdəlik olmadan, müəyyən hüquqların təmin olunması məqsədilə bütün cəhdlərin ediləcəyinə dair verilən bəyannamə və ya siyasi müqavilədir. Bu, təcrübədə, adətən, güclü siyasi öhdəliklər olsa da, onların yerinə yetirilməsi üçün heç bir rəsmi və ya hüquqi mexanizmlərin mövcud olmadığı deməkdir”.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycan da insan hüquq və əsas azadlıqlarının qorunmasının əsas meyarı demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol olaraq seçib.
“Ölkəmizdə İnsan hüquqları 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyası ilə qorunur. Konstitusiyanın 12-ci maddəsində insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi olduğu göstərilir. Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil, yəni Ombudsman institutu fəaliyyət göstərir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib.
Təbii ki, sual oluna bilər ki, hüquqlarımızı necə müdafiə edə bilərik? Hüquqlarımızı bilmək üçün, ilk növbədə hüquq və vəzifələrimizi öyrənməli, bunlarla bağlı müəyyən bilgilərə sahib olmalıyıq. Bütün bunlar nəzərə alınaraq məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan uşaq, yeniyetmə və gənclərimizə tədris olunan fənlər üzrə biliklər verilməklə yanaşı, onlara mütəmadi olaraq insan hüquqları barədə də ətraflı məlumatlar verilir, maarifləndirmə işləri aparılır”.
Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, müasir cəmiyyətlərin əsas göstəricilərindən biri onların qanunlar əsasında idarə olunmasının təşkil edilməsidir.
“Bu qanunlar insanlar üçün çox sadə qanunların verilməsini təmin etməkdədir. Sadə hüquqlar dedikdə ilk növbədə bərabərliyin təmin edilməsi, ləyaqətin, hörmətin, azadlığın olmasıdır. Bütün bunlar arasında insanlar arasında ayrı seçkiliyə məruz qalmamaq, yaşamaq, söz azadlığı, təhsil almaq və bərabər resursların bölüşdürülməsi kimi bir sıra alt hüquqlar da vardır ki, müasir, sivil cəmiyyətlərdə bu hüquqlar insalara verilir. İnsanların azadlıqları və hüquqları daim dövlət tərəfindən müdafiə edilir. Azərbaycanda insan hüquqların və azadlıqlarının müdafiə edilməsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması üçün təxirə salınmaz işlər görülür”.
N.Həmzəyev Azərbaycanın müstəqillik qazandıqdan sonra BMT-nin üzvü olmasını, daha sonra 2001-ci ildə AŞPA-ya üzv seçilməsini və bütün bunlarla yanaşı bir çox beynəlxalq sənədlərin iştirakçısına çevrilməsini də xatırlatdı:
“Azərbaycanda Ombudsman Aparatı yaradıldı. Bu da insan hüquqlarının müdafiəsi və insan azadlığının bərqərar olması üçün çox mühüm işlər həyata keçirməkdədir. Həmçinin ölkəmizdə məhkəmələrdə də insan hüquqlarının müdafiəsi və insan azadlığının bərqərar olması üçün mühüm işlər görülüb. Həm qanunvericilik təkminləşdirilib, həm də savadlı, bilikli kadrların yetişdirilməsi həyata keçirilib. Həmçinin vəkillik institutu da son illərdə özünün inkişaf dövrünü yaşamaqdadır. Vəkillərin sayının artırılması, vəkillik bürolarının yaradılması, vəkillərin əl çatan olması da bu yöndə inkişafı təsdiq edən əsas faktorlardan biridir. Bununla yanaşı Azərbaycanda elektron məhkəmələrin yaradılması üçün də mühüm işlər həyata keçirilir”, - deyə deputat vurğulayıb.
Ümumiyyətlə, hüquqi dövlətlərdə ən əsas qaydalardan biri insan və vətəndaş azadlıqlarıdır. Bunları sadaladığımız zaman hamının qanun və məhkəmə qarşısında bərabərliyi vətəndaş cəmiyyətinin bərqərar olunmasını da unutmamalıyıq.
Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda hazırlanıb
Aynurə Xudaverdiyeva