Bakıda Kibertəhlükəsizlik Günləri çərçivəsində “Taxt Oyunları” formatlı kiber yarış keçiriləcək
Sentyabrın 22-də Kibertəhlükəsizlik Günləri çərçivəsində Bakıda keçiriləcək “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” konfransı çərçivəsində “Taxt Oyunları” (Game of Thrones) formatlı kiber yarış baş tutacaq.
1news.az xəbər verir ki, sentyabrın 21-23-də Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və Kibertəhlükəsizlik” adlı konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ölkənin ən böyük kibertəhlükəsizlik müəssisəsi olan “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək. “ICSD 2023” çərçivəsində 2 konfrans, 1 kibermüsabiqə, 13 panel təşkili və 92 mütəxəssisin çıxışı gözlənilir.
“Taxt Oyunları” (Game of Thrones) formatlı kiber yarış tədbirin keçiriləcəyi məkanda baş tutacaq və 6 saat davam edəcək.
Kiber yarış 2 və ya 3 üzvdən ibarət olmaqla, komandalar arasında baş tutacaq. Seçiləcək 10 komanda müsabiqə zamanı verilən tapşırıqların həllini mümkün ən qısa zamanda təmin etmək uğrunda mübarizə aparacaqlar. Məhdud vaxt çərçivəsində tapşırıqları uğurla yerinə yetirən və ən yüksək xal toplayan komanda “Taxt”ın sahibi (qalib) elan olunacaq. Qalib komandanın üzvləri xüsusi mükafatlarla təltif ediləcək.