Daha bir şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb, hesabına pul yerləşdiriləcək - FOTO
“YAŞAT” Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir.
Fonddan 1news.az-a verilən məlumata görə, 11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Elşad Həsənovun Bakı şəhərində doğulan övladı Əzizin zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Əzizin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Layihə indiyədək 107 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.