Təhsil siyasəti - Hansı proqramlar təhsilimizi inkişaf etdirə bilər? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil siyasəti - Hansı proqramlar təhsilimizi inkişaf etdirə bilər? - ŞƏRH

Ayşən İsmayılova10:00 - 16 / 10 / 2023
Təhsil siyasəti - Hansı proqramlar təhsilimizi inkişaf etdirə bilər? - ŞƏRH

“Dünyanın varı-yoxu elm adamlarının gözündə əhəmiyyətsiz və dəyərsizdir.

Elm adamları dünyagir olmazlar, çünki dünyagirliyin sonu görünməz, insan bir arzuya çatdımı, başqa arzu eşqinə düşər... Mən rahat ölürəm, çünki ömrümü xeyrə, xalqımın xeyrinə, elmin xeyrinə həsr etmişəm... Xeyrə həsr edilməmiş həyatı hədərə getmiş hesab et”.

Dahi alim və mütəfəkkir Nəsrəddin Tusinin bu kəlamı elmlə bağlı deyilmiş hikmətli sözlər ümmanından götürülmüş sadəcə bir damladır. Təsadüfi deyil ki, özümüzü və könlümüzün muradını kəşf etməyimizdə, ziyalı bir şəxsiyyət kimi yetişməyimizdə məktəb və universitetlərin rolu olduqca böyükdür. Çünki bilik və bacarıqlarımızın rüşeymi məhz burada formalaşır və həyatımız boyunca bizə mayak olur.

Bəs elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları dedikdə nələr nəzərdə tutulur? Təhsilimizin inkişafı üçün hansı beynəlxalq proqramlardan istifadə edə bilərik və hansı proqramlardan istifadə etsək, Azərbaycan təhsilində tərəqqi görə bilərik?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə ekspert Elmin Nuri beynəlxalq təhsil proqramlarının Azərbaycan təhsili və tədris prosesinə tətbiqi ilə bağlı məsələlərin təhsil mütəxəssisləri tərəfindən birmənalı qarşılanmadığını söyləyib.

“Bunun da səbəbi bəllidir. Şəxsən mən də bunu birmənalı qarşılamayan insanlardan biriyəm. Ümumiyyətlə, bununla bağlı fikirlərim pozitiv deyil. Zaman göstərdi ki, beynəlxalq təhsil proqramlarına hələ ki hazır deyilik. Təhsilimiz uzun illər sovet təhsilinin qılafında qalıb, onun ənənələrini mənimsəyib, yalnız faktlara və izafi informasiya yüklənməsinə yönəlik təhsilin çərçivəsindən çıxa bilməyib. Artıq 21-ci əsrdir. Bu hələ də mi davam edir? Bəli, təəssüf ki, bu hələ də davam edir. Bu gün bizim məktəblərimiz, xüsusən də paytaxtda fəaliyyət göstərən bəzi seçmə məktəblər Elm və Təhsil Nazirliyinin tabeliyində olan təmayüllü liseylər və özəl məktəbləri çıxmaq şərtilə yerdə qalan sıravi orta statistik Azərbaycan məktəbləri beynəlxalq təhsil proqramlarını dəstəkləməyə imkan vermir. Gəlin reallıqla barışaq, reallığı etiraf edək, problemi açıq-aşkar görək ki, ondan çıxış yollarını da verə bilək. Məsələ bundan ibarətdir. Bu gün bunun nümunəsi də var. Sinqapur təhsil modelini Azərbaycan təhsilinə tətbiq etmək istədilər, amma alınmadı. Alınmayacaq da. Sinqapur təhsil modelinin uğur qazanması üçün əvvəlcə cəmiyyət Sinqapur kimi düşünməlidir. Məktəbyaşlı uşaqlar Sinqapur uşaqları kimi düşünməlidir. Oradakı riyazi təfəkkür, analitik bacarıq, təhsilə yanaşma burada da olmalıdır. Məhz bu mərhələlərdən sonra modeli tətbiq etmək olar. Elə ona görə də Sinqapur təhsil modeli söz olaraq da qaldı”.

Ekspert öz təkliflərini də diqqətə çatdırıb:

“Haşiyədən çıxaraq deyim ki, ümumiyyətlə, mən hansısa bir beynəlxalq modelin tətbiqinin olduğu kimi sirayətini qəbul etmirəm. Bir neçə beynəlxalq tətbiqlər var. Şərt deyil ki, olduğu kimi tətbiq olunsun. Bu hibrit şəkildə də ola bilər. Yəni bizim özümüzün milli təhsil kodeksimizlə həmin beynəlxalq proqramın maraqlı və adekvat tərəflərini birləşdirib, sintez edib ortaya yaxşı, yeni bir proqram çıxarmaq olar. Biz buna da getmirik. Nə öz təhsil modelimizi, nə özümüzə məxsus olan milli təhsil proqramlarımızı hazırlayırıq, nə də ki beynəlxalq təhsil proqramını tətbiq edirik. Belə olan surətdə ən yaxşısı beynəlxalq təhsil proqramını bizim milli təhsil dəyərləri ilə birləşdirməkdir. Bu təklifi ona görə deyirəm ki, yeganə çıxış yolu budur”.

E.Nuri qeyd edib ki, sadaladığı məktəblər (Elm və Təhsil Nazirliyinin tabeliyində olan təmayüllü liseylər və özəl məktəblər) bu gün tədris prosesinə görə yerdə qalan məktəbləri çox qabaqlayır.

“Onların faiz göstəricisi ümumi Azərbaycan məktəblərinin heç 10%-i belə deyil. Belə çıxır ki, bu 10%-dən aşağı rəqəm bizim təhsilimizə xidmət edir. Məsələ bundan ibarətdir. Beynəlxalq təhsil proqramını indi tətbiq etməyə çalışsaq, uğurla nəticələnəcəyini düşünmürəm. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme), Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education), Yüksək yerləşdirmə (Advanced Placement) və digər Avropa təhsil proqramları var. Amma onları bizim məktəblərə gətirmək mümkün deyil. Birincisi, onlar dil bilgisi tələb edir. İkincisi, hər fənnə başqa yanaşma tələb edir. Onların tələb etdiyi fizika, kimya bizim oxuduğumuz fizika, kimya deyil. Tamam başqa şeydir. Digər fənnlər də həmçinin. Söhbət hələ müəllimdən gedir, mən şagirdləri demirəm. Bu bizim üçün anlaşılmaz bir sistem olar”.

Təhsilin idarəedilməsi üzrə mütəxəssis Şəhla Aslan isə açıqlamasında ilk olaraq təhsilin cəmiyyətimizdəki önəmini vurğulayıb.

“Təhsil gələcək nəsillərin mənəvi-intellektual dünyasının formalaşmasında, mədəniyyətin ötürülməsində mühüm rol oynayır. Cəmiyyət və onun gələcəyi üçün həyati əhəmiyyət kəsb edən təhsil, şübhəsiz ki, müəyyən siyasətlər çərçivəsində formalaşır. Təhsil fərddə arzu olunan istiqamətdə davranışın formalaşdırılması prosesidir. Burada mühüm məqam “arzu olunan istiqamətdə” fikridir. Bu da şübhəsiz ki, təhsil siyasəti ilə müəyyən olunur. İkinci məqam “proses” sözüdür. Bu o deməkdir ki, təhsil qısamüddətli bir iş və ya fəaliyyət deyil, uzunmüddətli və gələcəyə yönəlmiş bir hadisədir.

Hər bir ölkə özünün iqtisadi və sosial reallığını nəzərə alaraq hədəfə uyğun təhsil sistemi yaradır. Bu sistemin əsasını nizamın davamlılığını təmin etmək təşkil edir. Ona görə də təhsil sistemində bu məqsədi ön plana çıxararaq insanlara qavrayış, düşüncə və davranış xüsusiyyətlərini vermək əsas hədəfdir. Bu, nizamın sağ qalması üçün qaçılmazdır.

Bununla belə, bugünkü qloballaşan dünyanın təhsil sistemini bu ümumi çərçivəyə yerləşdirdikdə və ya çərçivəni günümüzə uyğunlaşdırarkən nələri kənarda buraxmalı, nələri dəyişməli, yenidən müəyyən etməli, bax bunu dəqiq bilməliyik”.

“Müzakirəni Azərbaycan təhsil sistemi üzərində aparsaq, mövcud problemlərə nəzər yetirməliyik” – deyə Ş.Aslan, fikirlərinə davam edib:

“Məsələn... Bu gün Azərbaycan təhsil sisteminin ən böyük problemlərindən biri imtahanlardır. Məktəblər imtahanlara giriş vəsiqələri verən binalara çevrilib. Orta məktəblər bilik verməklə yanaşı, həyati bacarıqlar da verən mühüm qurum olmaqdan çıxıb, sadəcə universitet imtahanlarına girmək üçün lazım olan sənədin – Atestatın alınacağı yerə çevrilib.

İmtahanlar təhsil prosesinin kiçik bir hissəsi olmaqdan kənara çıxıb, təhsil sisteminin mərkəzində dayanıb. Bütün təhsil sistemi yarış marafonuna çevrilib. Yəni “imtahan üçün təhsil” anlayışı bütün sistemi ələ keçirib. Məhz buna görə də bu gün şagirdlər məktəbə getməyə vaxt itirmək istəmirlər və qarşıda onları gözləyən imtahanlara hazırlaşmaq qayğısı çəkirlər. Kurslar, özəl müəllim hazırlıqları, yüksək miqdar ödənişlər və s. Bu imtahanlar sistemi ailələr üçün də böyük maddi və mənəvi yükə çevrilib. Buna görə də, məktəbi dəyərli etmədən təhsil sistemindən səmərəlilik gözləmək doğru deyil.

Biz imkan bərabərliyini ədalətli təhsildə axtarmalıyıq. Ancaq Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə gələcəyi imtahanlardan asılı olan uşaqlar üçün ədalətli təhsil prosesindən danışmaq mümkün deyil. Gəlin, beynəlxalq qiymətləndirmə imtahanlarına baxaq; ən çox müvəffəqiyyət qazanan şagirdlər məhz sosial-iqtisadi cəhətdən imkanlı ailələrin uşaqlarıdır”.

Mütəxəssis Azərbaycan təhsil sisteminin kəmiyyət epidemiyasına tutulduğunu söyləyib:

“Kəmiyyət məsələsi... O təhsil sistemində ki kəmiyyətlə keyfiyyət arasında zidiyyət var, orada ciddi inkişafdan bəhs edilə bilməz. İllərdir Azərbaycan təhsil sistemi kəmiyyət epidemiyasına tutulub. İllərdir bu virusun qarşısını almaq üçün peyvəndlər aparılsa da, ciddi nəticə əldə olunduğunu söyləmək olmaz. Hesab edirəm ki, təhsil sistemində kəmiyyətlə keyfiyyət arasındakı məna fərqi aradan qaldırıldıqda təhsildə lazımi səviyyədə irəliləyiş əldə olunacaq.

Heç müsbət irəliləyiş yoxdur? - Əlbəttə ki, var. Son illərdə bölgələrdə müəllim sayı, məktəb sayı, sinif sayı və s. kimi məsələlərdə kəmiyyət baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib. Təəssüf ki, keyfiyyət üçün eyni şeyi söyləmək mümkün deyil”.

Ş.Aslan Sinqapur, Koreya, Yaponiya və Avstriya kimi ölkələrin təhsilindən də söz açıb:

“Bilirsiniz, bu gün Azərbaycanda ibtidai təhsili başa vurmasına baxmayaraq sagirdlərin əhəmiyyətli hissəsi oxuduqlarını başa düşmürlər və ya sadə riyazi əməliyyatları yerinə yetirə bilmirlər. Gəlin, son illərdə beynəlxalq qiymətləndirmə işlərində uğurları ilə diqqət çəkən Sinqapur, Koreya, Yaponiya və Avstriya kimi ölkələrdə şagirdlərə baxaq. Demək olar ki, hamısı təməl bilik səviyyəsindən çox yüksəkdə nəticələr göstərirlər.

Ekspert həmçinin təhsilimizin əsas fiqurlarından olan müəllimlərdən söz açıb:

“Digər faktor - müəllimlik peşəsi! Bu peşəsinin statusunu və reputasiyasını bərpa etməyə şiddətli ehtiyac var! Bu gün müəllimlik peşəsi texniki imtahan hazırlığına və mexaniki biliklərin ötürülməsi səviyyəsinə endirilib. Müəllimlər qısa müddət ərzində daha çox məzmun ötürə bilən tədris metodlarına üz tutmağa məcbur edilib. Bununla da şagirdlərin məlumatı anlama və öyrənmədən həzz alma imkanları arxa plana keçib.

21-ci əsr Azərbaycanda “Necə müəllim yetişdirmək istəyirik?” sualının cavabı da aydın deyil. Bu da effektiv müəllim hazırlığı modelinin yaradılmasına böyük maneədir.

Nə etməli? - Universitetlərdə milli ehtiyaclar nəzərə alınmaqla ehtiyaca görə gələcəyə uyğun müəllim hazırlığı proqramları hazırlanmalıdır”.

Azərbaycanda hər il dövlət büdcəsindən ciddi bir miqdar təhsilə ayrıldığını qeyd edən Ş.Aslan resurslardan səmərəli istifadə edilməməsindən gileylənib:

“Təhsilə ayrılan xərclərin müsbət iqtisadi nəticələr verməsi təhsilin ixtisaslı insan potensialını artırmaq gücündən və resurslardan səmərəli istifadə etməsindən asılıdır. Görünür, bizdə resurslardan səmərəli istifadə olunmur.

Texnoloji inkişafın inanılmaz həddə çatdığı dünyamızda bu inkişaflar sayəsində təhsil sahəsində yeniləşmə qaçılmaz olmuşdur. Biz təhsili texnologiyadan ayrı düşünə bilmərik. Təhsil texnologiya ilə birlikdə düşünülməli ən mühüm anlayışdır. Təhsilin inkişafı texnologiyadan, texnologiyanın inkişafı isə təhsildən asılıdır. Ona görə də inkişaf edən texnologiya fonunda təhsil sahəsində köklü dəyişikliklərin edilməsi dövrün tələbatlarından birinə çevrilib.

Azərbaycan təhsil sistemində klassik təhsil yanaşmasından imtina edilməməsi, təhsildə imkan bərabərliyi (kənd və şəhər məktəbləri arasındakı fərq, təhsildə fiziki infrastrukturun və avadanlıqların kifayət qədər olmaması), təhsil sahəsində elmi-tədqiqat işlərinin qeyri-kafi olması, təlim proqramının intensivliyi və onun qeyri-adekvatlığı, təhsilin mərkəzləşdirilmiş strukturu, müəllim hazırlığı (və ya ehtiyacdan artıq müəllimlərin olması), müəllimlərin məvacibi məsələsi, peşə təhsili, sistemin dəyişikliklərlə ayaqlaşa bilməməsi və s. kimi problemlər mövcuddur.

Eskpert son olaraq təhsildə islahatlara ehtiyac olduğunu deyib və öz təkliflərini irəli sürüb:

“Hesab edirəm ki, hazırki mərhələdə Azərbaycanın milli təhsil siyasətinə ciddi ehtiyacı var. Bu siyasət özünü təhsil sistemində milli xarakterli, innovativ meyllər, dövrün tələbləri nəzərə alınmaqla hazırlanması və tətbiq olunmasında göstərməlidir.

Təhsil – onun idarə olunması, məzmunu, məqsəd və strategiyaları tamamilə yenidən nəzərdən keçirilməlidir. Yeni təhsil meyarları inkişaf edən texnologiya ilə paralel olmalı, biliklər, fiziki şərait, sosial-mədəni və idman fəaliyyəti bu prosesində inkişaf edən dünyadan geri qalmamalıdır.

Digər tərəfdən, müəllim hazırlayan fakültələrin giriş ballarının tutmuş, universitetdə verilən təhsilin adekvatlığına qədər, müəllimlərin işə qəbulundakı proseslərdən namizədlərin hazırlıq səviyyəsinə qədər, imtahan sistemindən tutmuş kurrikuluma, dərsliklərdən tutmuş onların məzmununa qədər və s. yenidən təşkil olunmalıdır”.

Müəllif: Ayşən İsmayılova

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanıb.

Paylaş:
1139

Son xəbərlər

Bütün xəbərlər