Kənd təsərrüfatına görə verilən kreditlərə dövlət zəmanəti veriləcək - FƏRMAN
Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.
1news.az xəbər verir ki, fərmana əsasən, bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.
Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na yeni bəndlər əlavə edilib:
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə, müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına verilən və aşağıdakı tələblərə cavab verən kreditlərə bu qaydaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada dövlət zəmanəti və Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına faiz subsidiyası verilir:
hər bir layihə üzrə kreditin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;
müasir suvarma sistemlərinin alıcıları tərəfindən həmin sistemlərin qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 faizi həcmində ilkin ödəniş edilməli;
kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;
kreditin müddəti 5 (beş) ildən çox olmamalı;
kredit üzrə güzəşt müddəti müasir suvarma sistemlərinin alınması, quraşdırılması, ərzaqlıq buğda əkini, yığımı və satışı üçün bazarda tələb olunan müddətlərə uyğun olmalı, lakin 12 (on iki) aydan çox olmamalıdır.
Bu qaydaya uyğun olaraq verilmiş kreditlərə ümumi kredit məbləğinin aşağıda müəyyən olunmuş həddində dövlət zəmanəti verilir:
illik faiz dərəcəsi 14,01 faizdən 15 faizədək olduqda – 30 faiz;
illik faiz dərəcəsi 13,01 faizdən 14 faizədək olduqda – 40 faiz;
illik faiz dərəcəsi 12,01 faizdən 13 faizədək olduqda – 50 faiz;
illik faiz dərəcəsi 12 faizədək olduqda – 60 faiz.
Bu qaydaya uyğun olaraq verilən kreditlər üzrə sahibkarlıq subyektləri illik 5 faiz dərəcəsi ödəyir, qalıq faiz dərəcəsi isə bu qayda nəzərə alınmaqla dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.
Bu qaydaya uyğun olaraq verilmiş kreditin illik faiz dərəcəsinin subsidiyalaşdırılan hissəsi dövlət büdcəsindən bu məqsədlərlə ayrılmış vəsait hesabına Agentlik tərəfindən rübdə 1 (bir) dəfədən az olmamaqla kredit təşkilatına ödənilir. Kreditin əsas məbləğinin ödəniş qrafiki mövsümilik amili əsasında sahibkarlıq subyektinin dövriyyəsi və ərzaqlıq buğda istehsalı nəticəsində satışdan daxilolmalar nəzərə alınmaqla müəyyən olunur.
Nazirlər Kabineti üç ay müddətində İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifləri əsasında yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin satışı zamanı tətbiq edilən dövlət güzəştlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu fərmana uyğun olaraq, sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi yerli istehsal məhsulu olan müasir suvarma sistemlərinin yerli istehsala aid olmasına dair meyarları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.