İKT və Azərbaycan - Görülən işlər, hədəflər və qarşıda duran vəzifələr - ŞƏRH
Müasir dünyanı İnternetsiz, İKT sektoru olmadan təsəvvür etmək mümkün deyil.
Artıq dünyada müharibələr də İnternet üzərində aparılmağa başlanılıb. Əvvəllər dövlətlər müdafiə olunmaq üçün bütün diqqəti hərbi sahəyə ayırsalar da, hazırkı dövrdə hərbi ilə yanaşı İKT sahəsinə də diqqət ayrılır. Sürətlə inkişaf edən bu sahə həyatımızın hər anında var.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu sahəyə xüsusi diqqət ayrılır. İnternet şəbəkəsi təkmilləşdirilir, elektron hökümət sistemi inkişaf etdirilir, rəqəmsallaşma istiqamətində konkret addımlar atılır. Bu istiqamətdə işlərin sürətlə irəlilədiyini torpaqlarımız işğaldan azad olunandan sonra daha aydın şəkildə görürük. Artıq azad olunmuş ərazilərimiz sürətli İnternetlə təmin olunub.
Bəs ölkəmizdə bu istiqamətdə görülən işlər nələrdən ibarərdir? Qarşıya qoyulan hədəflərə nail oluna bilirmi? Bu sahənin daha sürətli inkişafı üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası-nın İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, bu sahə daim inkişaf edən bir sahədir.
“Yəni dinamik bir sahədir, burada hədəflər daim dəyişir, individuallıq var, dünya tendensiyasına yeni texnologiyalara ayaq uydurulur və xüsusən də ölkəmizdə hal-hazırda quruculuq işləri sürətli şəkildə getdiyi, rəqəmsal mühitə sürətli keçid etdiyimiz üçün bir çox işlər paralel gedir. Ümumiyyətlə, bildiyimiz kimi əsas fundamental məsələ İnternetdir, İnternetin hamı üçün əlçatan olmasıdır.
Bu istiqamətdə nazirliyin 2024-cü ilin sonuna qədər götürdüyü “deadline” var idi və hal hazırda bu hədəfə tam riayət olunur. Builki kvota demək olar ki, vuruldu. Artıq ölkədə 60 faizə yaxın ailə təsərrüfatı rəqəmsallaşıbdır. Digər istiqamətdə də dünya statistikalarında görüldüyü kimi, Azərbaycan İntenetin sürəti keçən illə müqayisədə bu il 17 faiz daha sürətli, yəni 35 meqabitə yaxın olub. Bəzən, statistikalarda görünür ki, Azərbaycan arxaya düşür, amma əslində bu arxaya düşmə deyil, digər ölkələr də eyni vaxtda inkişaf edirlər. Sadəcə o birilərin inkişafı bəzən bizi keçir deyə, elə görünür. Biz əslində statistikalarda arxaya düşmürük. Yəni ki, arxaya düşmək o deməkdir ki, misal üçün İnternet Azərbaycanda 30,31 meqabit idi, aşağı düşdü oldu 27. Əslində elə deyil, bizdə daim artan temp var. Sadəcə o biri ölkələr bəzi istiqamətlərdə daha sürətli inkişaf edə bilir..
E.Abbasov deyib ki, İnternet artıq kommunalın bir hissəsidir.
“İnternet elektrik kimi, su kimi vacib kommunal tərkibinə keçib və rəqəmsallaşmada fundamental sayıla biləcək şey ilk öncə İnternetdir. Bu istiqamətdə Azərbaycanda dörd illik strategiya var idi və hal-hazırda bu ilin cari vəziyyətində lazımi səviyyədə lazımi hədəflərə çatıbdır”.
“Digər önəmli məsələ dövlət qurumlarının rəqəmsallaşmasıdır” – deyə o, əlavə edib.
“Dövlət qurumlarının rəqəmsallaşması istiqamətində Azərbaycanda bir neçə ildir işlər gedir. Bütün dövlət qurumları paraleldə öz ənənəvi xidmətlərini rəqəmsal müstəviyə keçirirlər və demək olar ki, Azərbaycanda bir çox xidmət artıq onlayn olaraq tərtib olunub. İnsanlar bir neçə seçim ilə rəqəmsal imza əldə edirlər, burada biometrik imza, ASAN imza, SİMA, Mərkəzi Bankın yaratdığı və digər imza növləri var ki, insanlara seçim haqqı verilib. Bununla da insanlar rəqəmsal imza ilə öz xidmətlərini dövlətdən əldə edə bilirlər.Ümumi Elektron hökumət konsepsiyasına uyğun olaraq qurumlararası məlumat mübadiləsi ilə də daha təkmil hala gəlib. Azərbaycanda rəqəmsal hökumətin quruluş istiqamətində ilk proses odur ki, hər bir qurum öz-özlüyündə öz xidmətini rəqəmsallaşdırılmalıdır və bunlar qurumlararası məlumat mübadiləsi ilə olmalıdır, insanlar bunu elektron imza ilə, yəni quruma getmədən, elektron imza ilə özlərini təsdiq etməlidirlər. Bu proseslərin hamısı Azərbaycanda faəliyyətə başlayıb. Demək olar ki, fundamental lazımi proseslər öz həllini tapıb, qalıb bundan sonrakı proses -təkmilləşmə. Təkmilləşmə elədir ki, daim davam edən prosesdir, yəni bitiş prosesi yoxdur. Məsələn, biz heç vaxt deyə bilməyəcəyik ki, Azərbaycan bu sahədə 100 faiz nəticə əldə etdi. Misal üçün, bu, Estoniya üçün də keçərli deyil. Dünyanın rəqəmsal mühitdə ən inkişaf etmiş ölkələrdən biri Estoniyadır, Estoniyada dövlət xidmətləri 99 faiz rəqəmsallaşıb. Amma bu o demək deyil ki, işlər yekunlaşıb. Bu sahədə təkmilləşmə hər zaman gedir, optimallaşır, xidmətin keyfiyyəti, sürəti, əlçatanlığı artır”.
E.Abbasov deyib ki, digər istiqamətlərdən biri də insanların rəqəmsal dünya ilə uzlaşması ilə bağlıdır.
"Bunun üçün də Azərbaycanda işlər görülür, bir neçə proqramlar var. Misal üçün, Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyinin “Teknest” layihəsi var, Kibertəhlükəsizlik Mərkəzi var və digər qurumların da aidiyyatı layihələri var. Artıq Azərbaycan öz-özlülyündə elektron vətəndaş, elektron cəmiyyət kimi anlayışları qəbul edir. Dövlət qurumları rəqəmsal mühitdədirsə vətəndaşların da artıq rəqəmsal vətəndaş anlayışı da, rəqəmsal cəmiyyət anlayışı da ölkəmizdə qəbul olunur və bu terminlər artıq vətəndaşlar arasında da anlaşılır”.
“Həm dövlətdə, həm özəl sektorda elektron xidmətlər yaradılır, inkişaf etdirilir, bəs bunların qorunması, kibertəhlükəsizliyi necə təmin olunur? deyə E.Abbasov əlavə edib:
“Kibertəhlükəsizlik istiqaməti Azərbaycanda kifayət qədər əhəmiyyətli bir məsələdir. Burada bir çox altçalarlar var, kiber gigiyena, məxfi məlumatların, yəni konfidensiallığın qorunması və s anlayışlar təbliğ olunmağa başlanılıb. Yəni ən azından insanlar kiber gigiyena haqqında maariflənmənin, şəxsi məlumatların qorunmasının lazım olduğunu bilirlər. Rəqəmsallaşma ilə onun müdafiəsi, kiber təhlükəsizliyi paraleldə gedən bir məsələdir”.
“Vətən Müharibəsindən sonra Böyük qayıdış konsepsiyası çərçivəsində azad edilmiş ərazilərdə bərpa işləri sürətlə gedir” – deyə, E.Abbasov əlavə edib:
“Azərbaycan sıfırdan qurduğu kənd və şəhərlərin hamısını ağıllı konsepsiya üzərində, yəni ağıllı şəhər, ağıllı kənd konsepsiyaları Azərbaycanda sıfırdan qurulma şansını əldə edib. Burada da ölkəmizdə bir çox şirkətlərin, bir çox ölkələrə məxsus şirkətlərin birgə təcrübə mübadiləsi var. Gələcək perspektiv bizə göstərir ki, Azərbaycan uzun perspektivdə yaratdığı strateji layihələri və qısa hədəflərin hər birini ayrı-ayrılıqda ələ alır və nəticələr yüzdə 100 faiz olmasa da, 90 faizə yaxındır. Bu o demək deyil ki, biz artıq hazırıq, hər şey eləmişik, xeyr, biz bu yolda irəliləyirik, daim təkmilləşirik, daim inkişaf edirik və Azərbaycan üçün bu proseslər ümumiyyətlə qəbul olunmalıdır. Yəni birdən birə sürətli bir şəkildə həm fundamental, həm ən üst səviyyə, yəni həm İnternetin Azərbaycanda əlçatanlığı və eyni vaxtda ağıllı şəhər, ağıllı kənd quruculuğu, yəni ən üst səviyyə ilə ən aşağı fundamental səviyyəni paraleldə aparmaq o qədər də asan bir məsələ deyil. Bu o deməkdir ki, Azərbaycan çoxşaxəli olaraq rəqəmsallaşma yolunda irəliləyir və bunların hər birində nailiyyətləri əldə edə bilir”.
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun icraçı direktoru Fərid Kazımov deyib ki, Azərbaycanda bir çox sahədə olduğu kimi yüksək texnologiyalar sahəsində də irəliləyişlər var, işlər aparılır.
“ Azərbaycanda infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlərdən biri və ən önəmlisi İnternet şəbəkəsinin təkmilləşdirilməsi idi. Əvvəllər ölkə ərazisində, xüsusilə regionlarda İnternetə çıxış üçün ADSL texnologiyası istifadə olunurdu. ADSL İnternetin aşağı sürətli olması böyük problemlərə gətirib çıxarırdı. Lakin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbəyliyi öz daxili strategiyasını qəbul etdi və strategiya çərçivəsində yaxın iki il ərzində Azərbaycanın regionlarında yüksək sürətli geniş zolaqlı İnternetə çıxış məsələsi həll olunmalıdır. Bu isiqamətdə də də geniş işlər aparılır, sistem təkmilləşdirilir. Ən maraqlısı odur ki, gələn ildən artıq Azərbaycanın bütün regionlarında, bütün yaşayış məntəqələrində yüksək sürətli İnternet olmalıdır. Bu, bəyan edilmiş bir hədəfdir.
Azərbaycanda bu istiqamətdə dövlət özəl tərəfdaşlığı modeli tətbiq olunmağa başlanıldı. Bəzi regionlarda, bəzi yaşayış məntəqələrində dövlət yox, özəl provayderlər öz şəbəkələrini yaradırlar. Bu da işlərin sürətlə irəliləməsinə şərait yaradır”.
F.Kazımov qeyd edib ki, digər önəmli məsələ rəqəmsal hökumət məsələsidir.
“Azərbaycanda rəqəmsal hökumət məsələsində işlər görülür. Ancaq təəssüflər olsun ki, əvvəllər bu məsələ də sistemli deyildi. Hər dövlət qurumu öz verilənlər bazasını, sistemini yaradırdı. Burada da mübadilə məsələsində problemlər ortaya çıxırdı. Lakin artıq bu ildən başlayaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə öz hədəflərini bəyan etdi. Bu istiqamətdə Rəqəmsal İnkişaf İnnovasiya Agentliyi yaradılmışdı. Nazirliyin bu istiqamətdə işlər aparması nəticəsində Azərbaycanda elektron xidmətlərin, elektron hökumət konsepsiyasının daha da təkmil bir formada qurulmasına, qurumlar arasında məlumat mübadiləsinin daha yaxşı formada təşkilinə gətirib çıxardı, ancaq bu son deyil, hələ də sahə təkmilləşməlidir”.
“Bütün dünyada olduğu kimi Azərbaycanda İKT-nin inkişafı biznesin inkişafına səbəb olur. Qonşu ölkələrdə İKT sahəsində çalışan şirkətlər üçün bir çox güzəştlər var idi. Ancaq Azərbaycanda bu yox idi, 2023-cü il yanvarın 1-dən Prezident İlham Əliyevin sərəncamı ilə İKT sektoruna genişmiqyaslı güzəştlər tətbiq edilməyə başlanıldı” – deyə F.Kazımov əlavə edib:
“Belə ki, bu dəyişikliklər nəticəsində İKT sahəsində fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara mühüm vergi güzəştləri tətbiq edilir.
Bununla yanaşı, həm yerli, həm də əcnəbi işçilərin məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub. Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən, əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmur.
Bu, vergi və sosial müdafiə güzəştləri ilə bağlı ölkədə konkret bir sektoru hədəfləyən ilk dəyişikliklər paketlərindən biridir. Bu, cənab Prezidentin Azərbaycanda İKT sektorunun inkişafına xüsusi diqqət və qayğısının göstəricisidir. Bununlada İT sahəsində fəaliyyət göstərən gəlirləri, dövriyyələri artır. Gələcəkdə bu şirkətlər daha da böyüyəcək, gəlir gətirməyə başlayacaq. Sübut olunub ki, İT sektor iqtisadiyyatın lokomatividir, o inkişaf etdikcə iqtisadiyyatı da öz arxasınca apara bilir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.