“İlk növbədə məqsədimiz Azərbaycanın Naxçıvanla olan nəqliyyat kommunikasiyasını bərpa etməkdir”
"İlk növbədə məqsədimiz Azərbaycanın Naxçıvanla olan nəqliyyat kommunikasiyasını bərpa etmək, ‘’Şimal-Cənub’’ və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri ilə yüklərin həm də ‘’Zəngəzur’’ dəhlizinə cəlb olunaraq istər Türkiyə vasitəsi ilə Avropaya, istərsə də İran vasitəsilə (Culfadan) Fars körfəzinə çatdırılmasıdır".
1news.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları’’ QSC-nin (ADY) Tikinti layihələrinin idarə olunması departamentinin müdiri Tural Abbaslı "Qafqazinfo"ya müsahibəsində azad olunan ərazilərdə görülən işlərdən danışarkən deyib.
"Eyni zamanda, biz Naxçıvan dəmir yollarının yenidən qurulması ilə əlaqədar texniki-iqtisadi əsaslandırmasını da yekunlaşdırmışıq. Qeyd edim ki, Naxçıvanı Türkiyə ilə birləşdirəcək Qars-İğdır-Naxçıvan layihəsi də türkiyəli həmkarlarımız ilə aktiv müzakirə olunur. Bu layihənin işə düşməsi yüklərin Türkiyə və Avropaya çatdılıması üçün hal-hazırda istifadə olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin imkanlarına əlavə olaraq diversifikasıya edilməsi məqsədi güdəcək və ölkə üzərindən daha çox tranzit yükünün daşınmasına imkan yaradacaq. Bu xəttin layihələndirilməsi və tikilməsi məsələsi gündəmdədir, və bizdə olan məlumata əsasən layihələndirmə işləri artıq tamamlanmışdır".
"Onu da qeyd edim ki, cari ilin Sentyabr ayının 25-i iki ölkə Prezidenti bu yolun tikintisi ilə bağlı Anlaşma Memorandumu imzalayıb" - deyə, T.Abbaslı qeyd edib:
"Dilucu sərhəd-buraxılış məntəqəsindən Qarsa qədər yolun uzunluğu 220 km-dən çoxdur. Naxçıvan dəmir yollarının əsaslı bərpasına stansiyaların yenidən qurulması, rabitə və işarəvermə sistemlərinin yenilənməsi də daxildir. Bu istiqamətdə investisiya ayrılacağı təqdirdə 2024-2028-ci illər ərzində Naxçıvan dəmir yollarının əsaslı təmiri həyata keçiriləcəkdir".