Bu gün Azərbaycanda Od çərşənbəsidir
Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir.
1news.az xəbər verir ki, bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
Buna bəzən xalq arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Bu çərşənbə qədim insanların Günəşə, oda inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Od, tonqal istiliyin rəmzidir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qaynamalı, ocaqların üstü boş qalmamalıdır. El arasında deyilənə görə, od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Bir sözlə, ruzi-bərəkətin bol olar. Od çərşənbəsində də su çərşənbəsində olduğu kimi, bütün ailə üzvləri süfrə başına yığılar ki, ailə bütöv olsun. Aş dəmlənər, süfrə açılar, şəkərbura, paxlava bişirilər.
Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan atəşpərəstlik dini ilə bağlanılır. Çünki Zərdüşt tərəfindən yaradılan “Avesta” kitabındakı odun müqəddəsliyi və insanların ona inamı, sitayişi tarix boyu özünü çox güclü göstərib. Bakının Suraxanı qəsəbəsində yerləşən “Atəşgah” məbədi buna əyani misaldır.
Tonqal haqqında ümumi məlumatlara “Kitabi-Dədə Qorqud” dastanında rast gəlmək mümkündür. Burada tonqala münasibət və onun müqəddəsliyi haqqında danışılır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunub. Xalqın həm şad, həm də kədərli günündə tonqal köməyə gəlib, müjdəçi, carçı rolunu oynayıb.
Od çərşənbəsinə və oda aid, ümumiyyətlə, bir çox atalar sözləri və məsəllər də vardır. “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” və s.
Ümumiyyətlə, Novruz bayramı özündə insana və bəşəriyyətə faydalı olan ən gözəl ünsürləri birləşdirərək, əcdadlarımızın dünyagörüşünü, düşüncə tərzini əks etdirir.
Novruz müjdəçiləri olan yel və torpaq çərşənbələrində də torpağımızda ocaqlar çatılacaqdır.
Od çərşənbəniz mübarək!
Qeyd edək ki, martın 12-də Yel, martın 19-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.