Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır
"İşğaldan azad edilmiş ərazilərdəki 8 məktəbdə 800-dən çox şagird təhsil alır".
1news.az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbində bu gün keçirilən "3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə" konfransında çıxışı zamanı elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir.
"Daha bir vacib məsələ müəllimlərin rifahının yaxşılaşdırılmasıdır. Son iki ildə 40 min müəllim sertifikasiyadan keçib və proses davam etdirilir. Bundan başqa, məktəblərdə internetə əlçatanlığın təmin edilməsi üçün də işlər aparılır. Hədəf məktəb üzrə hər altı uşağa bir kompüterin təmin olunmasıdır" - deyə nazir müavini qeyd edib.