Gəncənin 5-ci dəəfə raket atəşinə tutulmasından 6 il ötür: 17 oktyabr faciəsi
Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini beşinci dəfə raket atəşinə tutmasından altı il ötür.
1news.az xəbər verir ki, 2020-ci il oktyabrın 17-də Gəncəyə endirilən raket zərbələri nəticəsində çoxsaylı mülki şəxslər həlak olub, onlarla insan yaralanıb, yaşayış evləri və mülki infrastruktur obyektləri dağılıb.
Ermənistanın müharibə dövründə cəbhə xəttindən uzaqda yerləşən Gəncəni hədəfə alması mülki əhali arasında qorxu yaratmaq və Azərbaycanın müqavimət iradəsini sarsıtmaq məqsədi daşıyırdı. Bununla yanaşı, Ermənistanın Azərbaycanı öz ərazisinə zərbə endirməyə təhrik etməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməyə çalışdığı barədə də fikirlər səsləndirilirdi.
Lakin Azərbaycan rəhbərliyi hərbi və diplomatik müstəvidə öz strategiyasını davam etdirərək bu təxribatlara uymadı.
2020-ci il oktyabrın 17-də Gəncəyə endirilən raket zərbələri şəhərdə böyük dağıntılara və insan tələfatına səbəb oldu. Hücum nəticəsində 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həlak oldu, 20-si qadın, 5-i uşaq olmaqla 48 nəfər yaralandı.
Ümumilikdə, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhəri oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də raket və ağır artilleriya atəşinə tutulub. Bu hücumlar nəticəsində 10-u qadın, 6-sı azyaşlı olmaqla 26 nəfər həyatını itirib, 57-si qadın, 32-si azyaşlı olmaqla 175 nəfər yaralanıb.
Atəşlər nəticəsində şəhərdə çoxsaylı yaşayış evlərinə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Gəncənin raket atəşinə tutulması Vətən müharibəsi dövründə Azərbaycan mülki əhalisinin üzləşdiyi ən ağır faciələrdən biri kimi yadda qalıb.












