Könül Nurullayeva: “Ermənistan anlamalıdır ki, kənar müdaxilələr sülhə mane olur”
"Azərbaycanla Ermənistan sülh müqaviləsi istiqamətində ikitərəfli səviyyədə əldə olunan nəticələri yüksək qiymətləndirir".
1news.az xəbər verir ki, bu sözləri Milli Məclisin VI çağırış deputatı Könül Nurllayeva deyib.
O, bildirib ki, Prezident İlham Əliyevin Kanadanın ölkəmizə təyin edilmiş yeni səfirinin etimadnaməsini qəbul edərkən bəyan etdiyi kimi, kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur.
"Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Təsadüfi deyil ki, delimitasiya məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyalar ötən gün işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar. Danışıqlar konstruktiv məcrada davam edir. Hətta razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır. Yəni, sülh müqaviləsi imzalanmasa da artıq sərhədlərin delimitasiyasına nail olunub".
O bildirib ki, Rəsmi Bakı Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz üçün mühüm rol oynaması fikrini qəbul etmir.
"Dövlət başçımızın da söylədiyi kimi, Avropa İttifaqının 10 ölkəsi arasında mövcud olan strateji tərəfdaşlıq haqqında sənədlərinin çoxu torpaqlarımızın işğalı zamanı Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Prezident Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün bir amil ola bilməz.
Bu gün regionda elə bir reallıq yaranıb ki, kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Sülh müqaviləsinə gəlincə, bunun əsas şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Yəni, Ermənistan Azərbaycana qarşı ərazi iddialarında əl çəkməlidir. Dövlət başçımız bir daha bəyan etdi ki, konstitusiya dəyişməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, Ermənistan üçün növbəti xəbərdarlıqdır. Bununla belə, rəsmi Bakı hesab edir ki, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdırmaq mümkündür. Bir sözlə, Ermənistan bu prosesin normal məcrada davam etməsinə mane olmamalıdır. Kənar qüvvələrin prosesə cəlb olunması işin xeyrinə deyil. Bu, tərəfləri sülhdən daha da uzaqlaşdırır".