Bu gün Xalq rəssamı Kazım Kazımzadənin doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq rəssamı Kazım Kazımzadənin doğum günüdür

13:39 - 10 / 08 / 2024
Bu gün Xalq rəssamı Kazım Kazımzadənin doğum günüdür

Xalq rəssamı Kazım Kazımzadə Azərbaycan fırça sənətinin görkəmli nümayəndələrindən biridir.

Onun fırçasından çıxmış qrafik əsərlər yaradıcılığı üçün daha səciyyəvidir və üstünlük təşkil edir. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat ən incə zövqlü şəxslər tərəfindən də rəğbətlə qarşılanır. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd idi. “Kitabi-Dədə Qorqud” eposuna, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə sənətkarlıqla çəkdiyi illüstrasiyalar bunları bir daha sübut edir.

1news.az xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadənin anadan olmasından 111 il ötür.

Kazım Kazımzadə 1913-cü il avqustun 10-da Bakı şəhərində doğulub. Əmək fəaliyyətinə də müəllim kimi başlayıb. Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət Şabran rayonunda müəllimlik edib, kənd məktəbinin direktoru işləyib.

Hələ texnikumda təhsil alarkən rəssamlığa böyük həvəs göstərib. Texnikumda sənət dərslərini tədris edən müəllimləri onun rəssamlıq istedadını hiss edərək bu sahədə təhsil almasını məsləhət görüblər. Nəhayət Kazım Kazımzadə Bakı Rəssamlıq Texnikumunu da bitirib. Daha sonra bu sahədə ali təhsil alıb. Kazım müəllim o dövrün işıqlı simalarının əhatəsində olub, onlardan öyrənib. O, Əzim Əzimzadədən dərs alıb, Üzeyir Hacıbəyli, Səməd Vurğun kimi şəxsiyyətlərlə oturub-durub.

Kazım Kazımzadə Böyük Vətən müharibəsinin iştirakçısı olub, həmin illərdə, hətta müharibədən sonra bu mövzuda dəyərli əsərlər yaradıb. Rəssamın əsərləri keçmiş SSRİ-nin müxtəlif guşələrində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Kazım müəllim teatr və kino rəssamlığı sahəsində də çalışıb, onun eskizləri əsasında gözəl xalçalar toxunub. O, sənət sahəsindəki uğurlarına görə Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, orden və medallarla təltif edilib.

Xalq rəssamı əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərib. Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına çəkdiyi illüstrasiyalar onu daha da məşhurlaşdırıb.

Yaradıcılığında siyasi plakat və karikaturalara da geniş yer ayıran rəssamın “Cəbhə yollarında” rəsmlər silsiləsində İkinci Dünya müharibəsinin fəlakətləri əks etdirilib.

Bütün bunlarla yanaşı, Kazım müəllim milli dəyərlərimizin təəssübkeş qoruyucusu və təbliğatçısı olub. Yarım əsr Dövlət İncəsənət Muzeyində direktor vəzifəsində çalışan K.Kazımzadə bu sahədə də səmərəli fəaliyyət göstərib. Məhz onun rəhbərliyi dövründə muzeyin fondları ən dəyərli sənət əsərləri ilə zənginləşdirilib, eyni zamanda, Azərbaycanda, habelə dünyanın bir çox guşələrində nümayiş etdirilib, təsviri sənətimizin təbliğinə, fırça və tişə ustalarımızın geniş miqyasda tanınmasına, şöhrətlənməsinə mühüm təsir göstərib.

Dövlət İncəsənət Muzeyi 1951-ci ildə, məhz Kazım müəllimin rəhbərliyi dövründə Bakının mərkəzində ikimərtəbəli binaya köçürülüb. 1991-ci ildə Kommunist Partiyasının ləğvindən sonra Bakı Şəhər Partiya Komitəsinin binası da muzeyə verilib. Kazım müəllimin rəhbərliyi ilə qısa müddətdə burada muzeyin yeni ekspozisiya bölmələri yaradıldı, fond və xidmət otaqlarının sayı artırılıb.

Kazım müəllim dünya miqyasında tanınan muzey mütəxəssisi idi. O, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin üzvü olub, 1992-ci ildə isə yeni təsis edilmiş Azərbaycan Milli Komitəsinin üzvü seçilib.

Respublikamızda muzey şəbəkəsinin inkişafına da dəyərli töhfələr bəxş edən Kazım Kazımzadə Bakı şəhərində Səməd Vurğun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını verib. O, eyni zamanda, respublikamızda sənətşünasların və muzey kadrlarının yetişdirilməsinə böyük əmək sərf edib.

Xalq rəssamı Kazım Kazımzadə 1992-ci il oktyabrın 4-də dünyasını dəyişib.

Paylaş:
680

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər