Dünyanın iqlim dəyişməsinə uyğunlaşması: problemlər və həll yolları – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın iqlim dəyişməsinə uyğunlaşması: problemlər və həll yolları – FOTO

10:36 - 22 / 08 / 2024
Dünyanın iqlim dəyişməsinə uyğunlaşması: problemlər və həll yolları – FOTO

Bu ilin noyabr ayında Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyəti bu mövzu ilə bağlı maarifləndirmək məqsədilə silsilə məqalələr dərc etməkdə davam edir.

Daha əvvəl oxucularımıza iqlim dəyişmələrinin və qlobal istiləşmənin mahiyyəti, dünya ictimaiyyətinin bu mühüm ekoloji problemlə necə mübarizə aparması, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişmələri ilə bağlı görülən işlər, qlobal təşkilatların COP ilə əməkdaşlığı, eləcə də Paris İqlim Sazişi haqqında söhbət açmışdıq. Bu gün isə dünyanın iqlim dəyişmələrinə necə uyğunlaşdığı barədə daha ətraflı danışmaq istəyirik.

Xatırladaq ki, iqlim dəyişməsi bu gün dünyanın üzləşdiyi ən ciddi təhlükələrdən biridir. Onun dağıdıcı qasırğalar və daşqınlar, quraqlıq və dəniz səviyyəsinin qalxması kimi fəsadları artıq bütün dünyada hiss olunur. Bu çağırışların öhdəsindən gəlmək üçün ölkələr yeni iqlim şəraitinə uyğunlaşmaq istiqamətində fəal iş aparır, zəngin və inkişaf etmiş dövlətlər isə iqlim dəyişməsinin fəsadlarının öhdəsindən gəlməkdə xüsusilə çətinlik çəkən ən həssas regionlara yardım göstərir.

Ölkələr iqlim dəyişmələrinə necə uyğunlaşır?

Artıq bir çox dövlətlər iqlim dəyişmələrinə uyğunlaşmaq üçün tədbirlər həyata keçirir. Məsələn, tarixən dəniz səviyyəsinin qalxması problemindən əziyyət çəkən Niderlandda daşqınlardan müdafiə üzrə kompeks sistem işlənib hazırlanıb. Bu ölkədə həyata keçirilən “Delta” layihəsi alçaq ərazilərdə daşqınların qarşısını almaq üçün bəndlərin, kanalların və nasos stansiyalarının tikintisini əhatə edir.

Quraqlığın getdikcə daha tez-tez baş verdiyi Afrika ölkələrində suvarma sistemlərinin təkmilləşdirilməsi və quraqlığa davamlı bitkilərin əkilməsi istiqamətində layihələr həyata keçirilir. Bu, ərzaq təhlükəsizliyini təmin etməyə və kütləvi aclıq böhranlarının qarşısını almağa kömək edir.

Zəngin dövlətlərin dəstəyi

İnkişaf etmiş ölkələr yoxsul və həssas regionların dəstəklənməsində həlledici rol oynayır. Onlar təkcə maddi yardım göstərmir, həm də texnologiyaları və bilikləri bölüşür. Məsələn, Avropa İttifaqı və ABŞ Afrika və Asiyada iqlim dəyişməsinə uyğunlaşma layihələrini fəal şəkildə maliyyələşdirir.

Belə yardıma misal olaraq BMT-nin “Yaşıl İqlim Fondu” (Green Climate Fund) proqramını göstərmək olar. Bu fondun məqsədi inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinə uyğunlaşmaq və istilik effekti yaradan qazların emissiyasını azaltmaq səylərində dəstək olmaqdır. Bu proqram sayəsində Banqladeşdə daşqına davamlı evlər tikilib və təbii fəlakətlər haqqında erkən xəbərdarlıq sistemləri təkmilləşdirilib.

Həyata keçirilmiş layihələr və onların faydaları

Uğurlu layihələrdən biri Hindistanda su resurslarının idarəetmə sistemidir. İqlim dəyişməsinin daşqınların artmasına səbəb olduğu ölkədə yağış sularının toplanması və su anbarlarının tikintisi sistemi tətbiq edilib. Bu, quraqlıq dövrlərində su təchizatını yaxşılaşdırmağa və dağıdıcı daşqın riskini azaltmağa imkan verib.

Keniyada fermerlər üçün hava məlumatları, eləcə də dəyişən iqlim şəraitində əkinçiliklə bağlı məsləhətlər verən mobil tətbiqlər sistemi işlənib hazırlanıb. Bu layihə məhsuldarlığı və əlverişsiz hava şəraitinə dayanıqlığı əhəmiyyətli dərəcədə artırıb.

Adaptasiya Fondu

İnkişaf etməkdə olan ölkələrdə innovativ təşəbbüslərin maliyyələşdirilməsi üzrə Adaptasiya Fondunun fəaliyyəti də insanların iqlim dəyişməsinə uyğunlaşmasında mühüm rol oynayır. Fond ən həssas icmaların dayanıqlığını artıran innovativ layihələri maliyyələşdirməklə inkişaf etməkdə olan ölkələri iqlim dəyişmələrinə uyğunlaşma səylərində fəal şəkildə dəstəkləyir.

2023-cü ildə Fond ümumi dəyəri 1,1 milyard dollardan çox olan 165 layihəni təsdiqləyib. 112 ölkəni əhatə edən bu təşəbbüslər 43 milyondan çox insanın iqlimə dayanıqlılığını yaxşılaşdırmağa kömək edir. Fondun layihələri arasında 635 min hektar təbii ərazinin bərpası və 164 min metr sahil zolağının möhkəmləndirilməsi də var. Bu baxımdan digər regionlarda da tətbiq oluna biləcək genişmiqyaslı uyğunlaşma modellərinin həyata keçirildiyi az inkişaf etmiş ölkələrə və kiçik ada dövlətlərinə xüsusi diqqət ayrılır.

Azərbaycan da uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi çərçivəsində dəstək alıb. Xüsusilə, 22-26 iyul 2024-cü il tarixlərində Yaşıl İqlim Fondunun maliyyələşdirdiyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə tərəfdaşlıq çərçivəsində BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi layihə baş tutub. Bu layihə çərçivəsində dövlət qulluqçuları üçün iqlim dəyişmələrinə uyğunlaşma mövzusunda təlimlər keçirilib. Bu layihə ölkənin iqlim çağırışlarını həll etməyə hazırlığını yaxşılaşdırmağa kömək edir ki, bu da daha geniş Milli Adaptasiya Planının bir hissəsi hesab olunur.

Gələcək planlar və çağırışlar

Artıq bir sıra tədbirlər həyata keçirilsə də, iqlim dəyişməsinə uyğunlaşma istiqamətində işlər hələ yenicə başlayır. Növbəti illərdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, yeni maliyyə alətlərinin yaradılması və ölkələrə dəyişən iqlimə daha yaxşı uyğunlaşmaqda kömək edəcək qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutulur.

Məsələn, prioritet istiqamətlərdən biri karbon qazının udulmasında əsas rol oynayan meşələrin bərpası və mühafizəsi tədbirləridir. Planlara həmçinin dayanıqlı enerjinin inkişafı və qalıq yanacaqlardan imtina daxildir.

İqlim dəyişməsinə uyğunlaşma bütün ölkələrin birgə səylərini tələb edən qlobal problemdir. Zəngin dövlətlər yardım göstərilməsində mühüm rol oynasalar da, inkişaf səviyyəsindən asılı olmayaraq hər bir dövlət iqlim dəyişməsinin fəsadları ilə mübarizəyə öz töhfəsini verməlidir. Biz yalnız birlikdə planetimizin bütün sakinləri üçün dayanıqlı gələcək qura bilərik.

Qeyd edək ki, 1news.az Bakının ev sahibliyi edəcəyi COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək.

Bu məqalə hazırlanarkən rəsmi açıq mənbələrdən götürülmüş məlumatlardan istifadə edilib.

Müəlllif: Leyla Məmmədova

Məqalə rus dilində

Paylaş:
257

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər