Zaur Əhməd: “Media seçki dövründə öz tərəfsizliyini, obyektivliyini qorumalıdır”
“Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Zəngilan və azad olunmuş digər ərazilərimiz üzrə deputatlığa namizədlər artıq öz seçiciləri ilə doğma yurdlarında görüşürlər. Torpağı azad olan qarabağlılar azad şəkildə öz seçimlərini edəcəklər. Azərbaycan ərazi bütövlüyünü tam təmin edəndən sonra ilk dəfədir ki, parlament seçkiləri keçirir. Bu, qürurverici tarixi anlardır”.
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Unikal.az saytının baş redaktoru, Cəbrayıldan olan jurnalist Zaur Əhməd deyib.
O, seçki prosesində media nümayəndələrinin iştirakı mövzusuna da toxunub: “Media haqqında” qanunda, Seçki Məcəlləsində jurnalistlərin hüquqları və səlahiyyətləri, seçki prosesini hansı formada işıqlandırmaları barədə müddəalar var. Media bu gün seçki prosesini lazımi formada işıqlandırmağa hazırdır. Əsas məqam odur ki, media bütün hallarda tərəfsizliyini qorumalıdır. Hansısa maraqlara əsaslanaraq qara piar kampaniyası aparmaq olmaz. Media öz tərəfsizliyini, obyektivliyini qorumalıdır. Təbii ki, dövlət və milli maraq məsələlərində media bu məqamları nəzərə almalıdır”.