Gülşən Paşayeva: Zaman bizdən yeni ideyalar və yeni yanaşmalar tələb edir
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə 13 saylı Xəzər ikinci seçki dairəsi üzrə öz namizədliyini irəli sürmüş Gülşən Paşayeva ilə müsahibəni oxucularımızın diqqətinə təqdim edirik.
- Gülşən xanım, 40 ilə yaxın çoxşaxəli fəaliyyətdən sonra 1 sentyabr 2024-cü il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək fikriniz haradan yarandı?
- Doğru qeyd edirsiniz - mənim 40 ilə yaxın fəaliyyətim bir sıra müxtəlif sahələri əhatə edir. İlk olaraq, mən də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSSR-nin aparıcı ali məktəblərində minlərlə təhsil almış azərbaycanlı gənclərdən biriyəm. Həyatımın beş ili Moskva Dövlət Universitetində keçib. "Struktur və tətbiqi dilçilik" ixtisası üzrə təhsilimi bitirdikdən sonra Vətənə qayıdıb Azərbaycan Dövlət Universitetində işə başlamış, burada əyani aspiranturanı bitirərək, filologiya elmləri namizədi elmi dərəcəsini və daha sonra müəllimlik dövründə dosent elmi adını qazanmışam. Məncə, insanın uğur hekayəsi məhz yaxşı təhsildən başlayır.
Daha bir digər əhəmiyyətli ixtisasın əsaslarına 1995-cü ildə ABŞ-ın Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzində yiyələnmişəm. İştirak etdiyim proqram münaqişələrin həlli məsələlərinə həsr edilmişdi və mən Azərbaycana qayıtdıqdan sonra bu mövzu ilə daha ətraflı məşğul olmağa başladım. “Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi” adlı qeyri-hökumət təşkilatını təsis etməklə yanaşı, Azərbaycanın bir sıra özəl universitetlərində regional münaqişələr, vasitəçilik, danışıqlar prosesi mövzularında mühazirələr oxumuşam. 1998-1999-cu illərdə ABŞ-ın Tafts Universitetinin nüfuzlu Hüquq və Diplomatiya üzrə Fletçer Məktəbində bu istiqamətdə tədqiqatlar aparmışam.
Getdikcə, konfliktologiya üzrə araşdırmalar mənim karyeramın əsas prioritet istiqamətinə çevrildi, sonralar həm Strateji Araşdırmalar Mərkəzində, həm də hazırkı Beynəlxalq Münasibətlərin Təhlili mərkəzində bu sahədə öz fəaliyyətimi davam etdirdim. Bunun əsas səbəbi isə ölkəmizin qarşısında o dövrdə duran taleyüklü məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişənin həlli yollarını araşdırmaq və Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq hər bir Azərbaycan vətəndaşı kimi o dövrdə mənim də həyatımın mənasına çevrilmişdi.
Daha sonra mən, 2001–2009-cü illərdə BMT sisteminə qatılaraq BMT-nin Qadınlar üçün İnkişaf Fondunun Cənubi Qafqazda həyata keçirdiyi regional layihəsinin Azərbaycan üzrə Milli Əlaqələndirici olmuş, eləcə də BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisində çalışmışam. Bu dövrdə beynəlxalq təşkilatda iş təcrübəsi qazanmaqla yanaşı, qadın hüquqları və gender məsələləri sahəsində də daha dərin bilik və bacarıqlara yiyələndim. Məlum olduğu kimi, hər bir cəmiyyətin yarısını qadınlar təşkil edir və onlara həm bərabər hüquqlar, həm də bərabər imkanlar verilməlidir.
Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək fikrim isə bu gün Vətənimizin yeni tarixi mərhələyə qədəm qoyması ilə birbaşa bağlıdır. Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşən xalqımızın və şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində tarixi zəfər çalması müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa edərək ölkəmizin gələcək inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu gün bölgəmizdə uzun müddətli sülhün və rifahın qurulması üçün əlverişli şərait mövcuddur. İnanıram ki, növbədənkənar seçkilər nəticəsində formalaşan yeni Milli Məclis Azərbaycan xalqının təmsilçisi kimi dövlətçilik, müstəqilliyimizin möhkəmlənməsi və çiçəklənməsi istiqamətində xalqımızı daha da birləşdirəcək. Ümid edirəm ki, mənim əmək və elmi fəaliyyətim, geniş təcrübəm və bu təcrübədən irəli gələn bilik və bacarıqlarım Milli Məclisə seçildiyim təqdirdə həm öz seçicilərimi, həm də beynəlxalq səviyyədə Azərbaycanı layiqincə təmsil etməyə imkan verəcəkdir. Qeyd etdiyim kimi, bu gün ölkə qarşısında yeni çağırışlar durur və onlara cavab vermək üçün zaman bizdən yeni ideyalar və yeni yanaşmalar tələb edir.
- Sizcə, bugünün tələblərinə cavab vermək üçün millət vəkili hansı keyfiyyətlərə malik olmalıdır?
- Yaxşı sualdır. Mənə elə gəlir ki, müasir dövrdə millət vəkili öz fəaliyyətini üç istiqamətdə aparmalıdır.
İlk olaraq o, yerli səviyyədə fəaliyyət göstərməklə seçildiyi ərazinin problemlərinə yaxından bələd olmalı, öz elektoratını yaxşı tanımalı, onların ehtiyac və istəklərindən xəbərdar olmalıdır. Seçicilərinin etimadını doğrultmaq üçün millət vəkili unutmamalıdır ki, əməllər sözdən üstündür.
Ümummilli səviyyədə qanunvericilik fəaliyyətində iştirak millət vəkilinin həyata keçirdiyi ikinci istiqamətdir. O, yerli səviyyədə həlli mümkün olmayan məsələləri qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə Milli Məclisdə müzakirəyə çıxartmalı və vətəndaşların hüquqlarını təmin edən yeni və daha mükəmməl qanunların qəbulu üçün əlindən gələni etməlidir. Millət vəkili həm öz seçicilərinin, həm də bütün millətin vəkili olmalıdır, çünki Vətən bizim evimiz, xalqımız ailəmizdir.
Beynəlxalq səviyyədə fəaliyyət millət vəkilinin həyata keçirdiyi üçüncü istiqamətdir. Parlament diplomatiyası mexanizmlərindən istifadə etməklə o, regional və qlobal çərçivələrdə ölkəmizin haqlı mövqeyini müdafiə etməli, Azərbaycanın nüfuzunun möhkəmləndirilməsinə çalışmalıdır. Ümumiyyətlə, Millət vəkilinin gündəlik fəaliyyətində öncə Vətən prinsipi əsas prioritet olmalıdır.
- Sizin seçki platformanız hansı konkret məsələlərin həllinə yönəlib?
- Təbii ki, seçki platformam ilk növbədə sosial-iqtisadi, təhsil və səhiyyə, nəqliyyat və kommunal xidmətləri sahələrində vətəndaşlarımızı narahat edən məsələləri əhatə edir. Eyni zamanda seçiləcəyim təqdirdə həssas əhali qruplarının - aztəminatlı ailələrin, şəhid ailə üzvlərinin, Vətən Müharibəsi əlilləri və iştirakçılarının sosial təminat hüquqlarını da nəzarət altında saxlamağı planlaşdırıram. Gəncləri düşündürən məsələlər, eləcə də mədəni və tarixi abidələrin bərpası, milli dəyərlərin və adət-ənənələrin qorunması, uşaqların və qadınların hüquqlarının müdafiəsi ilə bağlı məsələlər də mənim diqqətimdə olacaqdır.
Hesab edirəm ki, bu və digər problemlərin həlli üçün biz hamımız: hər bir vətəndaş, ərazidə fəaliyyət göstərən icmalar və qeyri-hökümət təşkilatları, bələdiyyələr və yerli dövlət qurumları öz səylərini birləşdirməlidir. Bu birliyin yaradılmasını əsas vəzifələrimdən biri kimi görürəm və bu məqsədlə bütün imkanlarımdan istifadə etməyə hazıram.
Əminəm ki, belə birlik nəticəsində Binəmizi, Qalamızı birgə quracayıq, inkişaf etdirəcəyik, yaşadacayıq!