Paris İqlim Sazişi: Dünya temperatur balansını qorumaq üçün necə mübarizə aparır – FOTO – VİDEO
Bu ilin noyabr ayında Bakının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyəti bu mövzu ilə bağlı maarifləndirmək məqsədilə silsilə məqalələr hazırlamaqda davam edir.
Daha əvvəl oxucularımıza iqlim dəyişmələrinin və qlobal istiləşmənin mahiyyəti, dünya ictimaiyyətinin bu mühüm ekoloji problemlə necə mübarizə aparması, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişmələri ilə bağlı görülən işlər, eləcə də qlobal təşkilatların COP ilə əməkdaşlığı barədə söhbət açmışdıq. Bu gün isə Paris İqlim Sazişi haqqında daha ətraflı danışmaq, onun məqsəd və vəzifələrini nəzərdən keçirmək istəyirik.
Qlobal istiləşmə dünyanı nə ilə təhdid edir?
İqlim dəyişməsi və ətraf mühitin mühafizəsi məsələləri çoxdan sadəcə elm adamlarının və ekoloqların problemi olmaqdan çıxıb. Bu gün bu məsələlər hər birimizə toxunur. Qlobal istiləşmə ilə mübarizədə ən mühüm hadisələrdən biri 2015-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 21-ci sessiyasında (COP21) qəbul edilmiş Paris İqlim Sazişi olub. Onun əsas məqsədi qlobal orta temperatur artımını Sənaye İnqilabından əvvəlki səviyyə ilə müqayisədə 2°C-dən aşağı salmaq və temperatur artımını 1,5°C-dək məhdudlaşdırmaq üçün çalışmaqdır. Bəs niyə məhz bu rəqəmlər əsas kimi götürülüb?
2°C - elm adamlarının iqlim dəyişmələrinin bərpaolunmaz və dağıdıcı ola biləcəyi hədd hesab etdikləri kritik nöqtədir. Qlobal temperatur bu həddi keçərsə, dünya dəniz səviyyəsinin ciddi şəkildə artması, güclü quraqlıqlar, daha tez-tez baş verən və daha şiddətli təbii fəlakətlər, eləcə də növlərin nəslinin kütləvi şəkildə kəsilməsi kimi fəlakətli fəsadlarla üzləşəcək. Bu fəsadlar kütləvi miqrasiya və resurs çatışmazlığı səbəbindən qlobal münaqişələrin artması kimi sosial və iqtisadi sarsıntılara səbəb ola bilər.
2°C temperatur artımının icazə verilə bilən ən yüksək həddi hesab edilsə də, araşdırmalar göstərir ki, hətta bu səviyyədə belə dəyişikliklərin ciddi fəsadları olacaq. Paris Sazişində göstərildiyi kimi temperatur artımının 1,5°C-dək məhdudlaşdırılması ekosistemlər və bəşəriyyət üçün riskləri əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Bu iddialı məqsəd eyni zamanda dağıdıcı qasırğalar kimi ekstremal hava hadisələrinin baş vermə ehtimalını, eləcə də dəniz səviyyəsinin yüksəlməsi ilə tamamilə su altında qala biləcək sahiyanıl zonaları və kiçik ada dövlətləri kimi həssas bölgələr üçün riskləri azaldır.
Temperaturun aşağı salınmasının real faydaları
Temperaturun artım səviyyəsini 2°C əvəzinə 1,5°C səviyyəsində saxlamaq dəniz ekosistemlərinin mühüm hissəsi və milyonlarla insan üçün qida mənbəyi olan mərcan riflərinin itirilməsi riskini azalda bilər. Bundan əlavə, bu, buzlaqların əriməsi riskini azaldacaq ki, bu da öz növbəsində qlobal dəniz səviyyəsinin artmasını ləngidəcək, eləcə də sahilyanı şəhərlərin və yaşayış məntəqələrinin su altında qalmasının qarşısını almağa imkan verəcək.
İlk baxışdan yarım dərəcə bir o qədər də əhəmiyyətli fərq kimi görünməyə bilər. Bununla belə, elmi araşdırmalar göstərir ki, bu əlavə 0,5°C iqlim dəyişmələrindən zərər çəkən insanların sayını və dağıntıların miqyasını əhəmiyyətli dərəcədə artıra bilər.
Bu məqsədlərə nail olmaq üçün dünya ictimaiyyəti kompleks tədbirlər görməlidir: istilik effekti yaradan qazların emissiyası azaldılmalı, bərpa olunan enerji mənbələrinə keçid edilməli, enerji səmərəliliyi artırılmalı və təbii resursların idarə edilməsinə yanaşmalar dəyişməlidir. Artıq qaçılmaz olan iqlim dəyişmələrinə uyğunlaşma səyləri də mühüm rol oynayır ki, bu da zərəri minimuma endirməyə və planetin bioloji müxtəlifliyini qoruyub saxlamağa imkan verəcək.
İstilik effekti yaradan qazların emissiyalarının balanslaşdırılması
Paris İqlim Sazişi dünyanın bütün ölkələrinin üzərinə iqlim dəyişməsi ilə mübarizədə birgə işləmək öhdəliyi qoyan ilk qlobal saziş idi. Bu sazişi imzalamaqla ölkələr qlobal istiləşməyə əsas töhfə verən karbon dioksid (CO2) və metan (CH4) kimi istilik effekti yaradan qazların emissiyalarını azaltmağı öhdələrinə götürmüş oldular.
Paris Sazişinin məqsədi istilik effekti yaradan qazların emissiyasında “tarazlığa” nail olmaqdır. Bu o deməkdir ki, bəşəriyyət bu əsrin ortalarınadək istilik effekti yaradan qazların emissiyasını minimuma endirməli və qalan emissiyanı isə müxtəlif təbii və texnoloji həllər vasitəsilə kompensasiya etməlidir. Məsələn, meşələr və okeanlar CO2-ni aktiv şəkildə udan təbii mənbələrdir. Lakin, emissiyaların azaldılması kifayət deyil, atmosferdə karbon dioksidi təhlükəsiz səviyyədə saxlamağa kömək edəcək təbii ekosistemləri bərpa etməliyik.
Emissiya balansına nail olmaq üçün günəş, külək və su enerjisi kimi təmiz və bərpa olunan enerji mənbələrindən istifadə etmək vacibdir. Eyni zamanda, atmosferdən karbonun tutulmasına və saxlanmasına kömək edəcək texnologiyalar işlənib hazırlanmalı və tətbiq edilməlidir. Bu CO2-ni birbaşa atmosferdən tutmağa və yerin altında saxlamağa imkan verən həm təbii üsullar (məsələn, meşələrin salınması), həm də innovativ texnologiyalar ola bilər.
Bu məqsədlərə nail olmaqda əsas yük hökumətlərin və böyük şirkətlərin üzərinə düşsə də, hər bir fərd bu işə öz töhfəsini verə bilər. Şəxsi avtomobillərdən istifadənin azaldılması, enerjiyə qənaət, təkrar istifadə oluna bilən əşyalardan istifadə və ekoloji məsuliyyətə malik şirkətlərə dəstək - bütün bunlar şəxsi karbon izimizi azaltmağa kömək edəcək və bizi Paris Sazişinin məqsədlərinə çatmağa daha da yaxınlaşdıracaq.
Paris İqlim Sazişində müəyyən edilmiş COP məqsədləri təkcə iddialı deyil, həm də planetimizi olduğu kimi qoruyub saxlamaq baxımından həyati əhəmiyyətlidir. Qlobal istiləşməni 1,5°C-dək məhdudlaşdırmaq üçün mübarizə bütün ölkələrin və hər birimizin birgə səylərini tələb edir. Bu, həyat, iş və resurslardan istifadə tərzimizdə ciddi dəyişikliklər tələb edir. Amma digər tərəfdən bu, bizdən sonrakı nəsillərin gələcəyi baxımından ödəməli olduğumuz qiymətdir.
Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək.
Bu məqalə hazırlanarkən rəsmi açıq mənbələrdən götürülmüş məlumatlardan istifadə edilib.
Leyla Məmmədova