Süni intellektdə İNQİLABİ addım: Azərbaycanlı gənc şəxsi resursları ilə milli ekosistem yaradır - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Süni intellektdə İNQİLABİ addım: Azərbaycanlı gənc şəxsi resursları ilə milli ekosistem yaradır - MÜSAHİBƏ

17:31 - 28 / 10 / 2024
Süni intellektdə İNQİLABİ addım: Azərbaycanlı gənc şəxsi resursları ilə milli ekosistem yaradır - MÜSAHİBƏ

Rəqəmsal transformasiyanın bir parçası olan süni intellekt artıq bütün həyatımızı fəth edib və bu “data inqilabı” daim təkmilləşir.

Rəqəmsal inqilabın ən proqressiv nümunələrinin indi əsasən inkişaf etmiş ölkələrdə yarandığını müşayiət edirik. Amma artıq Azərbaycanın da öz “ağıllı sistem” yaradıcıları yetişib. Onların bir məqsədi var - yerli ekosistem yaratmaq və bu yöndə xarici asılılığı aradan qaldırmaq...

Belə təşəbbüskar gənclərimizdən biri Boston Universitetinin kompüter elmləri üzrə məzunu, 26 yaşlı Vüqar Cavadovdur.

1news.az xəbər verir ki, Bizim.Media-nın qonağı olan Vüqar süni intellekt sahəsini dərindən öyrənib real perspektivlərini və ölkəmizə verə biləcək töhfələrini hesablayaraq “Neurotime” şirkətini təsis edib.

Müsahibimiz deyir ki, hələ Boston Universitetində təhsil aldığı zaman süni intellekt sahəsi ilə ciddi maraqlanıb, hətta potensialı yüksək olduğu üçün xüsusi olaraq buna fokuslanıb:

- Universitetdə təhsilimi bitirdikdən və bu sahədə lazımi bilikləri əldə etdikdən sonra “Neurotime” şirkətini təsis etmək qərarına gəldim. Təbii ki, universitet məzunu olaraq belə bir layihəni daha uğurlu reallaşdırmaq üçün peşəkar tərəfdaşa ehtiyacım vardı. Aktiv axtarışlarımın nəticəsi olaraq azərbaycanlı elm adamlarından olan Samir Rüstəmovu tanıdım. Onunla fikirlərimiz və elmi baxış bucaqlarımız eyni olduğu üçün birgə layihə üzərində çalışmağa başladıq, nəticədə isə “Neurotime” yarandı.


Şirkətin adı təsadüf deyil təbii ki, süni intellektdə beyinin işləmə prinsipindən ilhamlanan neyron şəbəkələr əvəzolunmaz rol oynadığından və zamanın ifadə etdiyi dərin abstrakt məfhumdan irəli gələrək, biz “neyro” (beyin) və “taym” (zaman) anlamlarını birləşdirdik. Şirkətin loqosunu isə sonsuzluq və idealizmi ifadə edən həndəsi fiqurlarla - dairə ilə ifadə etdik.

Təbii ki, şəxsi biznesin qurulması müəyyən resurslar tələb edir. Bu yol heç də asan olmadı, şəxsi maddi resurslarım yox idi, buna görə də, arzuladığım biznesi reallaşdırmaq üçün kredit imkanlarından istifadə etdim, bu arada ailəm də mənə maksimum dəstək oldu. Amma nəticə mükəmməl oldu. Fiziki və maddi fədakarlığın bəhrəsi olaraq “Neurotime” formalaşdı.

Şirkəti yaratmaqda təkcə maddi yox, insan resursu, idarəçilik təcrübəsi baxımından da çox əmək sərf etməli oldum. Məsələn, istənilən istehsal müəssisəsində əsas resurs avadanlıqlardır. Süni intellekt sahəsində isə önəmli olan insan resursudur. Yaratmaq istədiyimiz ekosistem məhz bu insanlarla bizim aramızdakı enerji əsasında qurulur. Bu baxımdan idarəetmə çox önəmli və mənim üçün çətin idi. Amma bunların da öhdəsindən gəldik və artıq nəticələrimiz də var.

Şirkətimizin formalaşmış məhsulları və xidmət növləri mövcuddur. Azərbaycanda həm dövlət qurumları, həm də böyük şirkətlər bizimlə əməkdaşlıq edir. Ən əsası odur ki, beynəlxalq səviyyəyə çıxa bilmişik, xarici şirkətlə də artıq işbirliyinə başlamışıq.

- “Neurotime”ın əsas hədəfi nədir?

- Şirkətin əsas hədəfi - Azərbaycanın süni intellekt ekosistemini yaratmaqdır. Hazırda hər yerdə tətbiq olunan bu sistemi əsasən “OpenAI” və onun bənzəri xarici şirkətlərdən alırıq. Əgər nə vaxtsa “OpenAI” proqram təminatını dayandırsa, o zaman ona əsaslanan yerli məhsullar qeyri-işlək vəziyyətə düşəcək. Məhz bu asılılığı aradan qaldırmaq əsas məqsədimizdir.

- Yaratdığınız süni intellekt nələrə qadirdir? Yəni “Neurotime” nə istehsal edir?

- Şirkətimizin ərsəyə gətirdiyi ilk məhsul - “MediaEye”dır. Yəni “medianın gözü”. “MediaEye”-ın təyinatı böhran vəziyyətlərin idarə edilməsi, müvafiq hesabatların hazırlanması və reklamların monitorinqidir. Məhsul şirkətlərə mövcud olan bütün internet resurslarında dərc edilən məlumatların anında media hesabatını hazırlamaq imkanı yaradır.


Süni intellekt anında sosial mediadakı məlumatları avtomatik klassifikasiya edib onun pozitiv, yaxud neqativ olduğunu müəyyənləşdirir. Bu yolla müştəriyə mənfi və müsbət rəylərin obyektiv məcmusunu hazırlayır. Hər insan bu mövzuda öz fikrinə görə qərar verə bilər, amma datalar obyekt, yaxud subyekt haqda nə düşünürlərsə, nə danışırlarsa, bununla bağlı konkret fikir ortaya çıxarır. Bunlar fakt olaraq veriləndə həm özəl, həm də dövlət qurumları daha təkmil və faktlara əsaslanan qərar verir. Bu da subyektivliyi aradan götürür və obyektiv sistem qurulmasına gətirib çıxarır.

- Süni intellekt rəylərin pozitiv, neqativ yaxud neytral olduğunu necə təyin edir?

- Bu məsələdə önəmlisi verilən datalardır. Məhz onlar göstərir ki, söz hansı məqamda işlənəndə müsbət, yaxud mənfi anlam ifadə edir. Hansı sözün harda, hansı konteksdə işlənməsi ilə bağlı qanunauyğunluqları o qədər təhlil edir ki, dərhal hansı mənada işləndiyini təyin edə bilir. Çünki bizim yaratdığımız bu sistem yeni gələn məlumatlar əsasında daim təkmilləşir.

- Növbəti addımlarınız nədir?

- Qeyd edim ki, biz Azərbaycanda süni intellektin yaradılması və işlək vəziyyətə gətirilməsi sahəsində ixtisaslaşmış yerli şirkətlərdənik. Bir çox şirkətlər adətən, hazır modelləri qoşurlar. Öz modelləri olduqda belə müvafiq infrastruktur yaratmaqdan qaçırlar. Amma sistem böyüdükcə, bu, bir sıra problemlər yaradır. Məhz bu səbəbdən, böyük maddi resurslar və geniş insan resurslarını bu məsələyə yönləndirərək, biz əvvəldən böyüyə bilən və güvənli bir sistem qururuq.

“MediaEye” məhsulundan əlavə olaraq, ikinci istiqamətimiz fərqli Aİ (Sİ) servislərdir. TTS və STT - səsi mətnə, mətni səsə çevirməyi bacaran xidmətlərdir. Əlavə olaraq, “Neurotext” layihəmiz mətnləri qrammatik və orfoqrafik analiz edir.

Son olaraq, süni intellekt əsaslı chatbot-ların hazırlanması istiqamətində fəaliyyət göstəririk. Chatbot-lar üzərindən, dövlət qurumları və biznes subyektləri avtomatik kommunikasiya edəcək sistemlər yarada bilir - bura həm tez-tez verilən sualların cavablandırılması, həm də şəxsi məlumatların emalı əsasında cavabların verilməsi də daxildir.

- Səsi mətnə çevirmə proqramlarına ən çox jurnalistlərin ehtiyacı var...

- Hazırda resurslarımız məhdud olduğundan ancaq ana məhsullar yaratmağa üstünlük veririk, xidmətdən necə istifadə olunacağına isə sifarişçilər qərar verir. Məsələn, bəzi şirkətlər bu tipli xidmətlərdən çağrı mərkəzlərində istifadə edirlər, zənglər avtomatik mətnə çevrilir və təhlil edilir. Yaxud görmə qabiliyyəti məhdud olanlar üçün belə xidmətlər mətni avtomatik səsə çevirməyə icazə verir.


- Dediniz ki, məhsullarınız artıq xarici şirkətləri də cəlb edib. Elədirmi?


- Bəli. Artıq Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bir şirkətlə tərəfdaşlıq edirik. Şirkətin qeydiyyat prosesinin avtomatlaşdırılması məqsədi ilə xüsusi bot hazırlayırıq. Həmin servis daxil olan müraciətləri avtomatik araşdıracaq, cavablandıracaq, göndərilən sənədləri təhlil edəcək.

- Tərəfdaşınız Georgia Tech-in yetirməsidir. Bəs, digər əməkdaşlarınız? Onlar da xarici ölkələrdə təhsil alan gənclərdir?

- Biz əməkdaşları seçərkən onların xarici təhsil almasına xüsusi bir önəm vermirik. Əsas olan əzm, bacarıq, təcrübə və loyallıq kimi xüsusiyyətlərdir. Bu yay biz hətta şirkətin çox da böyük olmamasına baxmayaraq, tələbələri ödənişli təcrübə proqramına cəlb etdik. 12 tələbəni 3 aylıq iş yeri ilə təmin etdik. Tələbələri yalnız yuxarı kurslardan deyil, həm də 2-ci, 3-cü kurslardan da seçdik.

Çünki düşünürük ki, bir gəncin əzmi varsa, ona qapı açmaq lazımdır. Bu gün o tələbələrin bir neçəsini artıq şirkətimizdə daimi işlə təmin etmişik. Bu istiqamətdə işlərimizi davam etdirir, gənclərə yeni iş yerləri və təcrübə qazandırmağa davam edirik. Məqsədimiz gənclərin maraqlarını Azərbaycanda da üstün tutan şirkətin mövcud olmasıdır. Artıq bizimlə çalışan gənclər sözdə yox, əməldə də onların maraqlarını üstdə tutan şirkətin mövcudluğunu əyani olaraq görürlər.


- Yerli ekosistemin daha fundamental olması üçün nələrə ehtiyac var?


- Süni intellekt, mənə görə, strateji məhsuldur. Yəni bu məsələdə ölkəmizin heç kimdən asılı olmasını istəmirik. Bu səbəbdən də biz bu şirkəti yaradanda kommersiya maraqlarından öncə dövlətçilik maraqlarımızı əsas tutmuşuq. Bu gün ölkədə saysız insanlar var ki, otel, restoran, yaxud digər sahədə biznes qura bilər. Lakin, ölkədə əlində bu qədər süni intellektlə bağlı bilgili insan resursları, əlaqələri, biznes səriştəsi və maddi resursları olan, belə bir sistem qura biləcək çox az adam ola bilər. Mən deyərdim, bəlkə də yoxdur. Biz fikirlərimizi deyəndə hamı “çox sağ ol” deyir, əl çalır. Amma faktiki bu işlə pul qazanmaq çox çətindir.

Çünki kommersiya tərəfi oturuşmuş biznes üzərindən deyil. Düzdür, dövlət qurumları, banklar bizə çox böyük dəstək verir. Onların bizimlə əməkdaşlıq etməsi çox ciddi köməkdir. Amma buna baxmayaraq, satışın aparılmasında böyük risklər etdik. Stress, gərginlik olmasına rəğmən, biz daha radikal addımlar atdıq və ölkə üçün mənfəətini gördüyümüz istiqamətə yönəldik, çünki yerli ekosistem mütləq olmalıdır. İndi məqsədimiz yerli ekosistemin daha da genişləndirilməsidir.


İstərdik ki, yerli şirkətlərin bizimlə əməkdaşlıqları daha da dərin olsun, çünki ölkədə işbirliyi qura biləcəyimiz qurumlar həddən artıq çoxdur. Təəssüf ki, bu və ya digər səbəblərdən biz onlarla çalışmırıq. Bu yalnız bizim üçün yox, ölkənin transformasiyası üçün də vacibdir. Abstrakt olaraq süni intellektin önəminin vurğulanmasından çox, konkret süni intellekt məhsullarının tətbiq olunması həyati önəm daşıyır. Milli ekosisteminin inkişafı üçün milli məhsulları önə çəkmək lazımdır.

Əgər ölkə onlara şərait yaratmazsa, onlar harada özünü sübut edə bilər? Bunun hərtərəfli həlli tapılmalıdır ki, Azərbaycan və region üçün bu sistem inkişaf etsin. Bizim ideyanın ölkə reallığında manifestasiyası özəl şirkətlərdir. Sistemin yaranmasında söhbət tək Azərbaycandan getmir. Bu coğrafiyanın özünün bu sahədə azadlığa ehtiyacı var. Özü öz taleyini bəlirləyə və qərarlar verə bilsin. Ola bilər, verdiyi qərar yanlış olsun, amma bu, diqtə olunmur. Bunun üçün ekosistem qurulmalıdır. Biz inanırıq ki, “Neurotime” bunun bir parçası olacaq!

Paylaş:
2403

Son xəbərlər

Bütün xəbərlər