Aqşin Kərimov: “Azərbaycanın təyyarə qəzasına görə izahat tələb edəcəyi ölkə birbaşa Rusiyadır” | 1news.az | Xəbərlər
Siyasət

Aqşin Kərimov: “Azərbaycanın təyyarə qəzasına görə izahat tələb edəcəyi ölkə birbaşa Rusiyadır”

Qafar Ağayev16:28 - 28 / 12 / 2024
Aqşin Kərimov: “Azərbaycanın təyyarə qəzasına görə izahat tələb edəcəyi ölkə birbaşa Rusiyadır”

“Rusiya informasiya məkanı AZAL-ın təyyarəsinin qəza səbəbləri barədə qlobal auditoriyaya, o cümlədən Azərbaycana yönəlmiş böyük həcmli yalan məzmun yayırdı”.

Bunu 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov deyib.

“Ancaq Prezident İlham Əliyevin keçirdiyi müşavirədə qəza səbəbləri ilə əlaqədar “müxtəlif versiyalar var” deməsi Azərbaycanın Rusiyanın yalan hekayələr səpmək cəhdlərinə qarşı ilk tutarlı bəyanatı oldu. Azərbaycan bundan sonra ilkin məlumatlar və ağlabatan versiyalar əsasında Rusiyanın dezinformasiya kampaniyasına qarşı mübarizəni uğurla apardı.

Azərbaycan dövlətinin media kanalları vasitəsilə Rusiyanın etdiyi hərəkətlərə dair məntiqli və ağlabatan versiyalar irəli sürməsi, buna verilən güclü ictimai dəstək Bakının Moskva qarşısında geniş izahat tələb etməsinin nümunəsi idi.

Çünki Azərbaycanın aidiyyəti təhlükəsizlik qurumlarında təyyarənin Rusiya tərəfindən vurulması ilə əlaqədar tutarlı məlumatlar var idi. Bunlara mediada hökumət mənbələrinə istinadən yayılan məlumatlar və təhlillər də əlavə olunanda Rusiyanın hadisədən götürəcəyi dərslər vurğulanmağa başladı”.

“Rusiya isə bundan sonra çıxış yolunun qalmadığını görüb ekspertlər səviyyəsində də olsa, təyyarənin vurulmasını dolayı və açıq dillə etiraf etdi, lakin bu, Azərbaycan üçün yetərli deyil” – deyə A.Kərimov əlavə edib:

“Rəsmi şəkildə isə Kreml hadisəyə görə Azərbaycanla öz ərazi subyekti olan Çeçenistan Respublikasını tərəf müqabili etmək cəhdini dövriyyəyə saldı. Kremlin təşəbbüsü yenə uğursuz oldu, çünki Azərbaycanın hadisəyə görə izahat tələb edəcəyi ölkə birbaşa Rusiya Federasiyasıdır.

Rusiya Federasiyası isə faktları və istintaq nəticələrini manipulyasiya etməyə girişməməli, hadisənin motivlərini obyektiv araşdırılmasına maneə yaratmamalıdır. İkinci bir cəhətdən o, dövlət etikası ilə hərəkət edib Azərbaycandan üzr istəməlidir.

Azərbaycanın bu məsələdə - istintaqın gedişatı məsələsində - Qazaxıstandan da gözləntiləri var. Çünki ehtimallar yaranır ki, Qazaxıstan Rusiya rəsmi aparatının versiyalarını bölüşən mövqe göstərsin”.

Politoloq deyib ki, Azərbaycanın qəzanın MDB Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılması barədə Rusiya və Qazaxıstanın təklifini rədd etməsi də bu fikri gücləndirir.

“Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin telefon danışığı bu kontekstdən də qiymətləndirilə bilər ki, Bakı Astanadan düzgün, ədalətli və obyektiv rəsmi nəticələr hasil etməyi gözləyir.

Azərbaycan bundan sonra Rusiyanın üzr istəməyəcəyi təqdirdə rəsmi və informasiya potensiallarını artırmaqla Moskva qarşısındakı izahatlar indeksini yuxarı qaldıra bilər”.

Qeyd edək ki, 25 dekabr 2024-cü il səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilotlar Rusiya ərazisində olan digər hava limanlarına enmək istəsə də, enişə icazə verilməyib. Pilotlar daha sonra Xəzər dənizinin üzərindən keçərək Qazaxıstanın Aktau hava limanının 3 kilometr yaxınlığında qəza enişi ediblər.

Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə nəticəsində onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda, dövlət başçısı 26 dekabrın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər