Sevinc Fətəliyeva: Türk dövlətləri arasında münasibətlər daha da güclənməkdədir
“Türk dövlətləri arasında münasibətlər daha da güclənməkdədir. Türk Dövlətləri Təşkilatında (TDT) birləşən ölkələr, həm də müxtəlif platformalar çərçivəsində əməkdaşlıq edirlər. Onlardan biri də Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşüdür”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bu formatda ilk görüş 2022-ci il avqustun 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutub. Atrıq bu müstəvidə ikinci görüş də reallaşıb. Belə ki, yanvarın 29-da Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib. Görüşdə nazirlər gündəlikdə duran mövzular, o cümlədən xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrini inkişaf etdirməklə nəqliyyat və kommunikasiya sektorunda əməkdaşlığın gücləndirilməsi mövzuları üzrə çıxışlar səsləndiriblər. Görüşün nəticəsi olaraq imzalanmış Ankara Bəyannaməsində də vacib məqamlar əksini tapır.
Millət vəkilinin sözlərinə görə, Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətə davamlılığının artırılmasının vacibliyi qeyd edilib. Növbəti üçtərəfli görüş isə Azərbaycanda keçiriləcək.
“Azərbaycan bu il TDT-nin növbəti sammitinə ev sahibliyi edəcək. 16 il əvvəl Naxçıvanda bu təşkilat yaranandan keçən dövr ərzində TDT səmərəli fəaliyyət göstərib. Bu müddət ərzində mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin güclənməsində maraqlıdır. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini nəzərə alsaq, bu böyük ailənin inteqrasiyasının, birliyinin nə dərəcədə möhtəşəm nəticələr verə biləcəyini təsəvvür edə bilərik. Türk birliyi artıq dünyada qlobal güc rolunu oynamaqdadır. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zərurətə çevirəcək. Artıq bu istiqamətdə liderlər siyasi iradə nümayiş etdirir. Birgə həyata keçirilən planlar, layihələr türk dünyasının qarşıya qoyduğu hədəflərə tam nail olacağına deməyə əsas verir. Azərbaycan bu təşkilatın yaranmasında yaxından iştirak edib, hər zaman türk dünyasının sıx birləşməsinə çalışıb. Şübhəsiz ki, ölkəmiz TDT-nin 12-ci sammitinə də yüksək səviyyədə ev sahibliyi edəcək”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.