Nigar Məmmədova: “Mətn üzrə işin yekunlaşdırılması sülh müqaviləsinin imzalanması demək deyil” | 1news.az | Xəbərlər
Siyasət

Nigar Məmmədova: “Mətn üzrə işin yekunlaşdırılması sülh müqaviləsinin imzalanması demək deyil”

11:24 - Bu gün
Nigar Məmmədova: “Mətn üzrə işin yekunlaşdırılması sülh müqaviləsinin imzalanması demək deyil”

“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətni üzrə danışıqlarda razılaşma var və burada söhbət mətn üzrə razılaşmadan gedir”.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

“Azərbaycan XİN rəsmi bəyanatla çıxış edərək Ermənistanla sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını bəyan edib. Ermənistan XİN də məlumatı təsdiqləyib. İrəvan hətta Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu bildirib.

Əslində Ermənistan bu razılaşmanın eyforiyasını yaşayır, amma anlamır ki, mətn üzrə işin yekunlaşdırılması hələ ki, sülh müqaviləsinin imzalanması demək deyil.

Növbəti addım olaraq, rəsmi Bakının gözləntiləri var. Belə ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddialar Konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılmalıdır.

Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan Konstitusiyası dəyişməli və Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Bu, çox ciddi məsələdir və Ermənistan da, onun havadarları da yaxşı dərk edir ki, rəsmi Bakı bu məsələ ilə bağlı heç vaxt güzəştə getməyəcək.

Özünü sülhpərvər göstərməyə çalışan Ermənistan imzalanmanın yerinə və vaxtına fokuslanıb. Nikol Paşinyan ideyaların yaxınlaşmasından danışsa da burada vahid ideya dayanıqlı sülh olmalıdır. O, tərəflərin özünəməxsus ideyaları olduğunu deyir.

Təbii ki, Azərbaycanın mövqeyi aydındır. Burada mübahisəyə yer yoxdur. Azərbaycan Cənubi Qafqazda sülhə nail olmağın tərəfdarıdır və bu baxımdan, sülh prosesinin təşəbbüskarı da rəsmi Bakı olub. 12-ci Qlobal Bakı Forumunda Cənab Prezident də bəyan etdi ki, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.

Digər vacib məsələ - Ermənistan Azərbaycan ərazisində törətdiyi cinayətlərə görə təzminat ödəməlidir. 12-ci Qlobal Bakı Forumunda da Prezdient İlham Əliyev bəyan etdi ki, “biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını unutmayacağıq”.

Eyni zamanda Ermənistan Bakıdakı məhkəmə ilə əməkdaşlıq etməli, adı keçən və insanlıq əleyhinə cinayətlər törətməkdə şübhəli bilinən Ermənistan ərazisində olan şəxsləri təhvil verməlidir. Yalnız bunsan sonra yekun sülh haqqında danışmaq mümkündür.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər