Sevinc Fətəliyeva: Kallasın ölkəmizə səfəri təsdiqləyir ki, Aİ Azərbaycanın əhəmiyyətini görür

“Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
“Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir”.
Deputat bildirib ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Yeni reallıqların müəllifi isə məhz bizim dövlətimiz və Prezidentimizdir. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana bu günlərdə reallaşan səfəri də məhz yeni reallıqlar fonunda müsbət dəyərləndirilə bilər. Xanım Kallasın səfəri və səfər zamanı dövlətimizin başçısı görüşü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi dəyərləndirilməlidir. Təsadüfi deyil ki, Kaya Kallas görüşdə Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib”.
Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının qaz və neft idxalından asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu artırmaq imkanları getdikcə artır.
“Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir. Bu gün ölkəmizə yaxın regionlarda davam edən qeyri-sabit vəziyyət Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib. Məlumdur ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Artıq nəzərdə tutulan hədəflərə doğru inamla irəliləyirik. Cənub Qaz Dəhlizi bu gün 12 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 12 ölkə Azərbaycandan qaz alır və onlardan 10-u Avropa ölkəsi, 8-i isə Aİ-nin üzvüdür. Bütün bu səbəblərdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”.
Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü yaradan dövlətdir. Məqsəd və məram isə bütün bölgə ölkələrini bir sülh ailəsində birləşdirməkdir. Nəzərdə tutulan hədəflərin və layihələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa məkanının enerji təhlıükəsizliyi sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaq. Bu amil ölkəmizə iqtisadi gəlirlər gətirməklə yanaşı, mühüm siyasi dividentlər də qazandırır. Azərbaycan beynəlxalq birliyə bir daha nümayiş etdirir ki, dünyada etibarlı tərəfdaşdır. Bu möhtəşəm nailiyyətlərə isə Prezidentimiz cənab İlham Əliyevin titanik fəaliyyəti və praqmatik, uzaqgörən siyasəti sayəsində nail oluruq. Qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da artıracaq və mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək.
“Beləliklə, xanım Kallasın ölkəmizə səfəri təsdiqləyir ki, Aİ Azərbaycanın əhəmiyyətini görür və əvvəl mövcud olmuş stereotiplər və yanaşmalardan geri çəkilir. Artıq ermənipərəst dairələr, Ermənistana lobbiçilik edən Avropa Parlamentinin üzvləri, müxtəlif Avropa ölkələrinin bəzi deputatları Kallasın Azərbaycana səfərindən “narahatlığını” səsləndiriblər. Lakin bütün bunlar əbəsdir. Çünki Avropa İttifaqı Azərbaycanın geosiyasi əhəmiyyətini anlayır və buna görə də, hansısa dairələrin maraqlarını özünün strateji maraqlarından üstün tutmaq niyyətində deyil. Kaya Kallasın ölkəmizə səfərinin nəticələri onu deməyə əsas verir ki, ikitərəfli əlaqələr yeni müstəviyə yüksəlir və bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.