Tofiq Musayev: “UFC-də Azərbaycanı layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm”

İyunun 21-də Bakının "Crystal Hall" arenasında qarışıq döyüş növləri üzrə beynəlxalq UFC Fight Night turniri baş tutacaq.
Turnir ərəfəsində UFC Fight Night iştirakçıları media günü çərçivəsində yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüblər.
1news.az xəbər verir ki, Tədbirdə çıxış edən iştirakçılardan biri də Azərbaycanın tanınmış MMA döyüşçüsü Tofiq Musayev olub.
UFC-dəki debütü barədə fikirlərini bölüşən Musayev bildirib:
“UFC – hər bir döyüşçünün arzusudur. Bu, özünü göstərmək və sübut etmək üçün böyük bir imkandır. Bu, tamamilə fərqli bir səviyyədir. Döyüşə ciddi şəkildə hazırlaşmışam və Azərbaycanı layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Qələbə bizimlə olacaq!”
Rəqibi – Qırğızıstan təmsilçisi Mıktıbek Orolbay haqqında da danışan Musayev onunla döyüşə tam hazır olduğunu vurğulayıb:
“Rəqibim güclü və hörmətəlayiq döyüşçüdür. Onun döyüş tərzini hərtərəfli təhlil etmişəm. Bu görüşdə öz xarakterimi və iradəmi ortaya qoyacağam”.
Feliks Vişnevetski