Könül Nurullayeva: Azərbaycan Prezidentinin qlobal siyasi proseslərlə bağlı fikri dünya mətbuatının da diqqətindədir

Artıq 3-cü ildir ki, Şuşa Qlobal Media Forumu dünyanı düşündürən mövzularla bağlı nüfuzlu beynəlxalq KİV nümayəndələrini bir araya toplayır. Budəfəki forum Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə Xankəndidə təşkil olundu. Sayca 3-cü olan forum Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi mövzusuna həsr olunub.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Şuşa Qlobal Media Forumunun özəlliyi Azərbaycan Prezidentinin forum iştirakçıları ilə görüşü, media mənsublarının qarşısına çıxaraq, onları maraqlandıran sualları cavablandırmasıdır. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsindən sonra bütün diqqətlər Cənubi Qafqaz bölgəsinə yönəlib. Qalib ölkə kimi Azərbaycanın, Prezident İlham Əliyevin dünyada gedən siyasi proseslərlə bağlı fikri beynəlxalq mətbuatın da diqqətindədir. Budəfəki forum da 3 saata yaxın davam etdi və dövlət başçımız müxtəlif mövzuları əhatə edən sualları cavablandırdı. Azərbaycanın COP29-a uğurla ev sahibliyi, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, Bakı ilə İrəvan arasında normallaşma prosesi, Zəngəzur dəhlizinin aqibəti, Azərbaycan-ABŞ, Azərbaycan-Rusiya, Azərbaycan-Aİ münasibətləri, həmçinin ölkəmizin iqtisadi baxımdan cəlbediciliyilə bağlı cənab Prezidentin mövqeyini dinlədik. Ölkə başıçısı hər zaman olduğu kimi, bu tribunadan da postmünaqişə reallıqlarını, Azərbaycanın milli maraqlarının ön planda olduğunu bəyan etdi. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının Ermənistandan, daha dəqiq desək, rəsmi Bakının şərtlərinin yerinə yetirilməsindən asılı olduğunu diqqətə çatdıran cənab Prezident bununla tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin mesaj da verdi. Bu, bir daha onu deməyə əsas verir ki, Ermənistan mövcud reallığı düzgün dəyərləndirməli və qərar verməlidir. Bu günlərdə Əbu-Dabidə baş tutran ikitərəfli görüşdə bu mövqe bir daha Ermənistanın diqqətinə çatdırılıb.
Zəngəzur dəhlizilə bağlı suala cavabında Azərbaycan Prezidenti bir daha əmin etdi ki, bu, sülh və əməkdaşlıq dəhlizidir. Destruktiv qüvvələrin bu layihə üzərindən regionda gərginlik yaratmaq cəhdləri baş tutmayacaq. Rəsmi İrəvan da bu məsələyə regionun təhlükəsizliyi prizmasından yanaşmalıdır. Çünki layihə bütün iştirakçıların, o cümlədən də dalan ölkəyə çevrilən Ermənistanın rifahına xidmət edəcək.
Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işləri də forum vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Xankəndi, Şuşa və digər bölgələrimzidə aparılan yenidənqurma işləri Qarabağın və Şərqi Zəngəzurun dəyişən simasını görməyə imkan yaradır.
Forumun əhəmiyyətinə gəlincə, müasir informasiya mühitində dezinformasiya inkişaf və qlobal stabillik üçün təhdidlərdən biridir. Dövlətlər real müharibələrlə yanaşı informasiya cəbhəsində də bir-biri ilə mübarizə aparır. Reallıq isə budur ki, cəbhədə savaş bitsə də, informasiya cəbhəsində mübarizə dayanmır. Belə bir mühitdə Azərbaycanın Şuşa Qlobal Media Forumunu təşkil etməsi strateji önəm kəsb edir. Forum müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri üçün müzakirə və birgə hərəkət platforması rolunu oynamaqdadır.
Forum iştirakçıları həmçinin burada yeni əməkdaşlıq imkanlarından yararlandıqlarını etiraf edilər. Hesab edirəm ki, 3-cü Şuşa Qlobal Media Forumu da proaktiv strategiyaların araşdırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi baxımdan uğurlu olacaq.