Prezidentin Forumda Azərbaycan–Avropa münasibətləri ilə bağlı verdiyi mesajlar - Deputatdan ŞƏRH

“3-cü Şuşa Qlobal Media Forumu bir çox cəhətdən olduqca maraqlı beynəlxalq tədbir oldu”.
Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Deputatın sözlərinə görə, ilk növbədə Forumun milli mətbuatımızın yaranmasının 150-ci ildönümünə təsadüf etməsi olduqca əlamətdar hadisə idi:
“Bir çoxları tariximizi dərindən bilmədən və öyrənmədən hesab edir ki, bizim dövlətçiliyimiz və mədəni inkişafımız əsasən 1991-ci ildən başlayıb. Lakin Forum zamanı dünyanın müxtəlif bölgələrindən gəlmiş jurnalistlərdə mətbuat tariximiz və bununla bağlı olaraq milli-mədəni inkişafımız haqqında daha dolğun təsəvvür formalaşdı”.
Cavanşir Feyziyev bildirib ki, Prezident İlham Əliyevin ənənəvi sual-cavab sessiyası bölgədəki mövcud vəziyyətin real mənzərəsini təqdim etdi və Cənubi Qafqazla bağlı aktual məsələlərin mahiyyətini anlamağa geniş imkan yaratdı.
“Cənab Prezidentin çıxışında verdiyi açıqlamalardan çıxan ən mühüm nəticələrdən biri Azərbaycan-Ermənistan münasibətlərinin bu günkü vəziyyəti ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, sülh və regionun gələcək inkişaf perspektivləri məsələsində Azərbaycan və Ermənistanın strateji baxışları üst-üstə düşür”.
Deputatın sözlərinə görə, bu açıqlama bir sıra vacib məqamları özündə ehtiva edir:
“Birincisi, bu, bölgədə yeni müharibə ehtimalının demək olar ki, sıfıra endiyini göstərir. İkincisi, kənar qüvvələrin regiona təsiri mümkün olan maksimum dərəcədə neytrallaşdırılıb. Üçüncüsü və ən başlıcası, tezliklə sülh müqaviləsinin imzalanması və bütövlükdə regionun inteqrativ şəkildə inkişaf etdirilməsinə başlanması mümkündür”.
Deputat qeyd edib ki, Azərbaycan–Avropa münasibətləri ilə bağlı suala aydın və qəti cavab verən ölkə başçısı bu sahədə beynəlxalq mediada müşahidə olunan qeyri-müəyyənliyə də son qoymuş oldu:
“Prezident tərəfindən bu münasibətlərin müsbət dinamika ilə inkişaf etdiyinin publik şəkildə təsdiqlənməsi Ermənistanda hələ də bu əlaqələrin pozulmasına və nəticədə iki xalq arasında düşmənçiliyin yenidən alovlanmasına ümid edən revanşistləri məyus etdi”.
Cavanşir Feyziyev əlavə edib ki, bu bəyanat eyni zamanda Fransa, Belçika və İsveçrə parlamentlərində heç bir hüquqi əsası olmayan anti-Azərbaycan ruhlu qətnamələrin qəbuluna çalışaraq dəridən-qabıqdan çıxan erməni diasporu və lobbi təşkilatlarına da ciddi mesaj oldu:
“Bu çıxış onlara göstərdi ki, artıq ədalətli sülhün qəbulundan başqa yol yoxdur”.
“Düşünürəm ki, bütün bu mesajlar Cənubi Qafqaz bölgəsində yalnız öz maraqlarını təmin etməyə çalışan üçüncü qüvvələrə yersiz müdaxilədən çəkinmək çağırışı daşıyır. Eyni zamanda, hərtərəfli və davamlı sülhə gedən yolda mövcud maneələrin daha tez aradan qaldırılması üçün ciddi zəmin yaradır”, – deyə deputat Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.