Moskvada 50-yə yaxın reys ləğv edildi

Rusiyanın ən böyük aviaşirkəti olan “Aeroflot”un informasiya sistemində baş verən nasazlıq səbəbindən Moskvanın Şeremetyevo Hava Limanında 50-yə yaxın reys ləğv olunub.
1news.az xəbər verir ki, Şirkətdən yayılan rəsmi açıqlamada bildirilib ki, texniki nasazlıq bu gün hava limanında ciddi uçuş gecikmələri və ləğvlərinə səbəb olub. Ümumilikdə 49 reysin təxirə salındığı qeyd olunub. Ləğv edilən uçuşlar sırasında Astraxan, Qroznı, Yekaterinburq, İrəvan, Kazan və Minsk istiqamətləri də yer alır.
Moskva Şəhər Prokurorluğu məsələ ilə bağlı açıqlama yayaraq Şeremetyevo Hava Limanında yaranmış vəziyyətə dair araşdırmalara başlanıldığını bildirib.
Qeyd edək ki, son zamanlar Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlar və beynəlxalq sanksiyalar səbəbindən Rusiyada hava nəqliyyatı sahəsində problemlər artmaqda davam edir. Mütəxəssislər Rusiya aviasiya sektorunun ciddi çətinliklərdən keçdiyini bildirirlər.