Rusiyada 8,7 bal gücündə zəlzələ: Sunami təhlükəsi elan olundu, əhali təxliyə edilir

Rusiya Federasiyasının Uzaq Şərqində yerləşən Severo-Kurilsk şəhərində 1952-ci ildən bəri qeydə alınan ən güclü zəlzələ baş verib.
1news.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına əsasən, yeraltı təkanların gücü 8,7 bal təşkil edib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən təxminən 150 kilometr məsafədə yerləşib.
Zəlzələ nəticəsində Petropavlovsk-Kamçatskidə yerləşən 15 saylı uşaq bağçasının divarlarından biri uçub. Regionda sunami təhlükəsi elan olunub, əhali təxliyə olunur. Fövqəladə hallar xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, vəziyyətin tam nəzarət altında olduğu bildirilib. Əhalinin təhlükəsizliyini təmin etmək və bölgədə normal həyat şəraitini bərpa etmək üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Zəlzələnin təsirləri təkcə Rusiya ilə məhdudlaşmayıb. Yaponiya və ABŞ da sunami təhlükəsinə görə xəbərdarlıq ediblər.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, Kamçatkadakı zəlzələdən sonra ölkənin şərq və şimal-şərq sahillərinə doğru hərəkət edən sunami dalğalarının hündürlüyü 3 metrə qədər ola bilər. Sahilyanı ərazilərdə yaşayan insanlara dərhal təxliyə olunmaları tövsiyə edilib. İlk dalğaların yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30) Yaponiyanın Sakit okean sahillərinə çatacağı gözlənilir.
Sunami təhlükəsi səbəbilə Yaponiyanın “Tokyo Electric Power” (TEPCO) enerji şirkəti “Fukusima-1” Atom Elektrik Stansiyasından təmizlənmiş suyun axıdılması prosesini müvəqqəti olaraq dayandırıb. Stansiyanın işçiləri təhlükəsizlik məqsədilə təxliyə olunub. Qeyd olunub ki, bu, sunami təhlükəsi zamanı tətbiq edilən standart prosedurdur. “Fukusima-1” AES-in Sakit okean sahilində yerləşməsi səbəbilə əlavə ehtiyat tədbirləri görülüb.
Digər tərəfdən, ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi (NOAA) də Kamçatkada baş verən zəlzələyə görə sunami xəbərdarlığı yayıb. Kamçatkanın Yelizovski rayonunda yerləşən “Vodopadnaya” meteoroloji stansiyası yaxınlığında dalğaların hündürlüyünün 3–4 metr olduğu bildirilir.
Hazırda bölgələrdə təhlükənin miqyası qiymətləndirilir və mümkün fəsadların qarşısının alınması istiqamətində işlər aparılır.