Donald Tramp: “Bu, Azərbaycan, Ermənistan, ABŞ və ümumilikdə dünya üçün tarixi bir gün olacaq”

ABŞ Prezidenti Donald Tramp sabah Ağ evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcəyini bəyan edib.
1news.az xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Tramp paylaşımında iki ölkə arasında uzun illər davam edən münaqişəyə toxunub və minlərlə insanın həyatına son qoyan bu qarşıdurmanın başa çatması üçün səylərini davam etdirdiyini bildirib:
“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti, sabah Ağ evdə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə sülhə dair sənədin imzalanma mərasiminin keçiriləcəyini bildirib. O, həmçinin qeyd edib ki, ABŞ Cənubi Qafqazın iqtisadi potensialının açılması və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq.
“Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və ümumilikdə dünya üçün tarixi bir gün olacaq”, – deyə Tramp paylaşımında qeyd edib.