Məktəblərdə bullinq: nəticələri və qarşısının alınma yolları | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə bullinq: nəticələri və qarşısının alınma yolları

12:10 - Bu gün
Məktəblərdə bullinq: nəticələri və qarşısının alınma yolları

Son dövrlərin ən aktual sosial problemlərindən biri məktəblərdə bullinq – yəni mütəmadi və məqsədli şəkildə törədilən zorakılıq hallarıdır.

UNESCO-nun məlumatına görə, dünyada hər üç şagirddən biri ayda azı bir dəfə bullinqin qurbanı olur. Azərbaycanda isə Uşaq Qaynar Xəttinin hesabatına əsasən, yalnız 2022-ci ildə 5000-dən çox müraciət qeydə alınıb. Onların 10%-i bullinq və ya kiberbullinqlə bağlı olub.

2025-ci ilin yanvarından etibarən Bakının ümumtəhsil məktəblərində Kapital Bankın təşəbbüsü və dəstəyi ilə “Dəyişiklik səndən başlayır!” sosial layihəsi start götürüb. Layihə Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi və Dərs Evi Tədris Mərkəzinin bullinqlə mübarizə üzrə mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.

Layihə çərçivəsində pilot məktəb seçilmiş 18 nömrəli məktəbdə yanvar-iyun ayları ərzində müəllimlər, valideynlər və şagirdlər üçün sorğular və təlimlər keçirilib.

Layihənin aralıq mərhələsində təşkilatçılar bəzi vacib müşahidələrini bölüşüblər:

№1. “Mən bullinqə məruz qalıram…”
Həm böyüklər, həm də uşaqlar tez-tez bullinqi adi uşaq münaqişəsi, aqressiv davranış və ya uşağın sinifdə “populyar olmaması” ilə qarışdırırlar. Uşaqlar isə bullinqi zarafat və ya oyun kimi qəbul edə bilirlər.

Bəs bullinq əslində nədir?
Bullinq (məktəb zorakılığı) — sistemli, qəsdən həyata keçirilən aqressiv davranışdır ki, bu zaman iştirakçılar arasında qeyri-bərabər sosial və ya fiziki güc müşahidə edilir.

Uşağa bunu necə izah etməli?
Deyin ki, əgər oyun zamanı bütün iştirakçılar əylənirsə, bu, oyundur. Amma əgər uşaqlardan biri bu “oyun” zamanı ağlayırsa, incidilirsə və bu tez-tez təkrarlanırsa – bu artıq oyun deyil, bullinqdir.

№2. “Axı onu vurmurlar…”
Bullinq müxtəlif formalarda özünü göstərə bilər. Böyüklər adətən fiziki zorakılığı asanlıqla tanıyır və onun qarşısını almağa hazır olurlar. Lakin bullinqin digər növləri — verbal (şifahi), sosial və emosional bullinq çox vaxt nəzərdən qaçır və problem kimi qəbul edilmir.

Ancaq başa düşmək lazımdır ki, bu cür zorakılıq uşağın psixikasına fiziki zorakılıqdan az ziyan vurmur.

Valideynlər uşağın bullinqə məruz qaldığını necə anlaya bilər?
Diqqət yetirməli olduğunuz əlamətlər: uşaq özünə qapanır, məktəbə getmək istəmir, dərsə gecikmələr artır, öz görünüşünə laqeyd yanaşır.

№3. “Mənim uşağım bullinqə məruz qalmırsa, bu məni maraqlandırmır…”
Bu fikir tez-tez valideynlər tərəfindən səsləndirilir.

Məsələ ondadır ki, bullinq təkcə qurbana deyil, bütün sinfə mənfi təsir göstərir.

Bullinq həm onun qurbanı, həm şahidləri, həm də aqressor üçün zərərlidir.

  • Qurban ağır nəticələrlə üzləşir, özgüvənin sarsılması intihara qədər gətirib çıxara bilər.

  • Şahidlər, vəziyyət onları birbaşa narahat etməsə belə, şüuraltı qorxu və sarsıntı yaşayır, liderlik keyfiyyətlərini itirirlər. Böyüdükcə müşahidəçi mövqeyi tuturlar, empatiyaları azalır, zorakılığa qarşı dözümlülükləri artır.

  • Aqressor isə öz növbəsində antisosial davranışa öyrəşir, qəzəbini idarə etməyi bacarmır, özünütərbiyə qabiliyyətini itirir və qeyri-real gözləntilərlə yaşayır.

№4. “Aqressorun cavabını vermək lazımdır!”
Bəzi böyüklər hesab edirlər ki, belə vəziyyətlər uşaqları daha güclü edir və problemin həlli üçün uşağa “cavab verməyi” öyrətmək kifayətdir.

Lakin bu yanaşma bullinqi dayandırmır. Əksinə, faciəli nəticələrə və fiziki xəsarətlərə səbəb ola bilər. Aqressor dava zamanı yaralanarsa, məsələ qurban üçün inzibati cəza ilə nəticələnə bilər.

№5. “Uşaqdırlar da, oynayırlar… Özləri həll edərlər…”
Çox vaxt böyüklər müdaxilə etməkdən çəkinir və düşünürlər ki, uşaqlar özləri “həll edəcəklər”.

Ancaq uşaqlar bullinqi özləri dayandıra bilməzlər. Ən yaxşı halda, şahidlər qurbanı bir-iki dəfə dəstəkləyə bilərlər. Bullinqin həlli yalnız böyüklərin məsuliyyətidir.

Uşağa əsas qaydanı öyrədin: “Əgər sən bullinqin qurbanı və ya şahidisənsə, dərhal böyüklərə — müəllimlərə, valideynlərə, məktəb rəhbərliyinə xəbər ver. Əgər bunu edə bilmirsənsə və ya kömək olunmayıbsa, Uşaq Qaynar Xəttinə (116-111) zəng et”.

№6. “Aqressoru danlamaq lazımdır: ‘Bir də belə eləmə!’”
Sadəcə danlamaq bullinqi dayandırmır. Əksinə, bullinq gizli hala keçir və problemin miqyasını çox gec başa düşə bilərsiniz.

Bunun əvəzinə, sinifdə sosial birlik yaratmaq, potensial aqressoru bullinqdən uzaqlaşdıran maarifləndirici dərslər və profilaktik məşğələlər keçmək lazımdır.

“Dəyişiklik səndən başlayır!” layihəsi də məhz bu məqsədlə həyata keçirilir.

Layihə çərçivəsində Dərs Evi Tədris Mərkəzinin bullinqlə mübarizə üzrə mütəxəssisləri təkcə məktəb heyəti üçün deyil, həm də bu mövzu ilə maraqlanan bütün şəxslər üçün açıq seminarlar keçirir. Belə tədbirlərdən biri 22 may tarixində Libraff Park Akademiya kitab mağazasında, beynəlxalq mütəxəssislərin iştirakı ilə baş tutub. Bu mövzuda Kapital Bank əməkdaşları üçün də xüsusi seminar təşkil olunub.

VƏ ƏN VACİBİ: Bullinq qurbanına necə kömək etməli?

  • Sakit olun və uşağı dinləyin. Ona yanında olduğunuzu göstərin.

  • Onun hisslərini təsdiqləyin (“Bu, doğrudan da çox pis haldır”).

  • Hadisənin anormal olduğunu vurğulayın (“Belə olmamalıdır”).

  • Şəxsiyyəti (aqressoru) deyil, onun davranışını tənqid edin.

  • Məktəb rəhbərliyi ilə əlaqə saxlayın.

  • Vəziyyət dəyişməzsə – 116-111 nömrəsi ilə Uşaq Qaynar Xəttinə zəng edin.

“Dəyişiklik səndən başlayır!” layihəsi yeni tədris ilində digər məktəblərdə də davam edəcək.

Unutmayın: bullinq – nə normal hal, nə də oyun deyil. Bullinq zorakılıqdır. Və biz onu birlikdə dayandıra bilərik.

Paylaş:
152

Son xəbərlər

Bütün xəbərlər