Bu ilin 11 ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb
Bu ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi Qrupundan 1news.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 min 441 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 403-ü narkotik vasitələrin qanunsuz satışı, 4 min 850-si narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 186-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
8 ton 334 kiloqram 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 37 kiloqram 413,78 qramını marixuana, 745 kiloqram 500,982 qramını heroin, 144 kiloqram 728,924 qramını tiryək, 75 kiloqram 384,242 qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871,261 qramını digər narkotik vasitələr və 149 kiloqram 660,186 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 15 min 516 ədəd metadon, 18 min 938 ədəd çətənə bitkisi, eləcə də 1 kiloqram 111,692 qram,108 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 milyon 600 min 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kiloqram 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 min 117 nəfər cəlb edilib, onlardan 4 min 961 kişi, 156 qadın olub.
Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə 936 kiloqram 501,249 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kiloqram 95,152 qram və 15 min 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb və 5,7 qram güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 274-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 658 kiloqram 377,574 qram narkotik vasitə, psixotrop maddə və 309 kiloqram 436,2 qram güclü təsir edən maddə müsadirə edilib.
2 min 439 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 2 ton 44 kiloqram 413,166 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunub.
Təhlil göstərir ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1108, qanunsuz satış ilə bağlı faktların sayı 434, satış məqsədi olmadan qanunsuz əldə edilib-saxlanılması ilə əlaqədar faktların sayı 628, narkotik tərkibli bitkilərin qanunsuz kultivasiya edilməsi faktlarının sayı 42, həmin kateqoriyadan olan digər cinayət faktlarının sayı 4, qaçaqmalçılıqla bağlı faktların sayı 4, qrup halında olan cinayətlərin sayı 39 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1576 nəfər azalıb. Bununla yanaşı, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 931 kiloqram 65,487 qram artıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 7 ton 37 kiloqram 413,78 qramını (84,4 faiz) marixuana təşkil edib. Onun da 6 ton 204 kiloqram 757,98 qramı (88,1 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 832 kiloqram 655,8 qram (11,8 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, həyətyanı sahələrdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə 2025-ci il yanvarın 28-də və 29-da qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiya tərəfindən ümumilikdə 2 min 358 məhkəmə qərarına əsasən, barəsində məhvetmə qərarı qəbul edilmiş 10 ton 121 kiloqram 801,942 qram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları, həmçinin 8 min 644 ədəd çətənə bitkisi məhv edilib.
Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı 64 rayon və şəhərdə 2 min 317 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 57 kiloqram 812,817 qram və 21 həb müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 4 kapsul güclü təsir edən maddənin və 562 ədəd çətənə bitkisinin məhv olunması təmin edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 87 min 765 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 5 min 179 nəfərdən 2 min 719 nəfərinin istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 282, QİÇS-lə Mübarizə Mərkəzində 315, Sumqayıt Narkoloji Mərkəzində 124 nəfər) 721 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmun Çatışmazlığı Virusuna (IIV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin noyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 54 (4,9 faiz) nəfəri inyekson narkotik istifadəçiləri olub.
Bu ilin yanvar-noyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1128 vətəndaş müraciəti daxil olub ki, onların 129-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 65-ı narkotik asılılıqdan müalicə, 934-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 194 məktub ünvanlanıb.
“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Bu ilin ötən dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 165 tədbir (99 maarifləndirici və təşkilati tədbir, 58 təlim, 6 sosial layihə, 2 televiziya kanalında verilişdə iştirak) təşkil olunub.












