Nərimanov rayonunda obyektdə partlayış baş verib - YENİLƏNİB 2 | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda obyektdə partlayış baş verib - YENİLƏNİB 2

10:55 - Bu gün
Nərimanov rayonunda obyektdə partlayış baş verib - YENİLƏNİB 2

Məlum olduğu kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

1news.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

10:32

Bakının Nərimanov rayonunda partlayış baş verən ofisdə xilasetmə itləri ilə birgə axtarış işləri aparılır.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dağıntılar altında qalanların olma ehtimalı var. Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.

TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Xatırladaq ki, partlayış səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb.

09:59

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.

09:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş:
2059

Son xəbərlər

Bütün xəbərlər