“Üçüncü Bahar” İctimai Birliyinin 4-cü “YAŞA” Mərkəzinin açılışı baş tutdu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Üçüncü Bahar” İctimai Birliyinin 4-cü “YAŞA” Mərkəzinin açılışı baş tutdu - FOTO

17:27 - Bu gün
“Üçüncü Bahar” İctimai Birliyinin 4-cü “YAŞA” Mərkəzinin açılışı baş tutdu - FOTO

“Üçüncü Bahar” İctimai Birliyi 2017-ci ildən etibarən yaşlı insanların sosial rifahının yüksəldilməsi, həyat keyfiyyətinin artırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir.

1news.az xəbər verir ki, təşkilat 9 illik fəaliyyəti dövründə 45 mindən çox yaşlının həyatına toxunaraq onların gündəlik həyatına ümid, sevinc və yeni imkanlar qazandırıb.

Yaşlı insanların aktiv, sağlam və mənalı həyat sürməsini dəstəkləmək məqsədilə “Üçüncü Bahar” İctimai Birliyi tərəfdaşlarının dəstəyi ilə “YAŞA” Mərkəzləri şəbəkəsini formalaşdırıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir və müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.

“YAŞA” Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir.

Bu gün “Üçüncü Bahar” İctimai Birliyinin Bakıda fəaliyyət göstərən 4-cü “YAŞA” Mərkəzi İçərişəhərdə rəsmi olaraq istifadəyə verilib. Yeni mərkəz İçərişəhərdə və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, eləcə də fəal və mənalı həyat tərzinin təşviqini hədəfləyir.

Təşkilat ictimaiyyəti yaşlı insanların rifahının yaxşılaşdırılmasına, onların sosial həyata daha fəal cəlb olunmasına və həyat keyfiyyətinin artırılmasına yönəlmiş təşəbbüslərə dəstək göstərməyə çağırır.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər