2025-ci ildə Azərbaycanda kadr islahatları: Prezidentin vəzifəyə təyinatları və azad etdiyi şəxslər
Artıq 2025-ci ilin sona çatmasına sayılı günlər qalır.
İl ərzində Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kadr islahatları dövlət idarəçiliyində davam edən yenilənmə prosesinin əsas istiqamətlərindən biri olub.
2025-ci il ərzində müxtəlif dövlət qurumlarında kadr dəyişiklikləri aparılıb, bir sıra rəhbər vəzifələrə yeni təyinatlar həyata keçirilib, eyni zamanda vəzifədən azad edilmələrlə bağlı qərarlar qəbul olunub. Bu dəyişikliklər idarəetmədə səmərəliliyin artırılması, institusional fəaliyyətin gücləndirilməsi və dövlət strukturlarının müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyıb.
Kadr islahatları çərçivəsində peşəkar təcrübəyə, idarəçilik bacarıqlarına və strateji düşüncə tərzinə malik kadrların önə çəkilməsi əsas prioritetlər sırasında yer alıb. Eyni zamanda, fəaliyyətində gözlənilən nəticələri göstərməyən vəzifəli şəxslərlə bağlı müvafiq addımlar atılıb.
2025-ci ildə həyata keçirilən kadr qərarları dövlət idarəçiliyində çevikliyin artırılmasına, şəffaflığın möhkəmləndirilməsinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib.
1news.az 2025-ci ildə dövlət başçısı tərəfindən vəzifədən azad olunan və vəzifəyə təyin edilən şəxslərin siyahısını təqdim edir:
2025-ci ildə Prezident İlham Əliyevin kadr islahatları ilə bağlı ilk sərəncamı Samir Şərifovla bağlı olub. Belə ki, yanvarın 10-da Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilib, dövlət başçısının digər sərəncamı ilə o, Baş nazirin müavini təyin olunub.
Fevralın 3-də Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub.
Fevralın 5-də Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
Fevralın 6-da Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib, digər sərəncamla o, maliyyə naziri təyin olunub.
Onun yerinə fevralın 7-də Anar Əliyev nazir müavini vəzifəsindən azad edilərək, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Fevralın 12-də Elnur Bağırov Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin olunub.
Fevralın 13-də Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
Fevralın 17-də Prezident İlham Əliyev Azər Qasımovun Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.
Mart
Mart ayında təyinatla bağlı ilk sərəncam Şahin Babayevlə bağlı olub. Belə ki, martın 3-də o, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru təyin edilib.
Aprel
Aprelin 9-da Anar Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin olunub.
May
Mayın ilk günündə İlham Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Eyni gün Prezident Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Mayın 12-də Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olunub.
Mayın 13-də Bəhruz Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib.
Mayın 14-də Tural Piriyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin olunub.
İyun
İyunun 21-də Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
İyul
İyulun 7-də Nazim Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin olunub.
Sentyabr
Sentyabrın 9-da Hüseyn Hüseynov Azərbaycan Respublikasının Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Oktyabr
Oktyabrın 24-də general-mayor İlqar Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə Sərdar Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin olunub.
Oktyabrın 27-də Gürsel İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb, onun yerinə Fərid Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Məmməd Talıbov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras, Kolumbiya, Kosta Rika, Qvatemala, Panama və Peru respublikalarında səfir vəzifələrindən geri çağırılıb.
Seymur Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Eldar Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında səfir vəzifəsindən geri çağırılaraq, dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin sərəncamı ilə Şahin Abdullayev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında və Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Digər sərəncamla o, Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Eyni gün Mütəllim Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Əliyənnağı Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb, onun yerinə Taleh Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Oktyabrın 30-da Prezidentin imzaladığı sərəncamla İslam Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət Təhlükəsizliyi Xidməti bu ilin oktyabrında Balakən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində Islam Rzayev saxlanılıb.
Noyabr
Noyabrın 12-də Prezident İlham Əliyev həm Naxçıvan Muxtar Respublikasında, həm də bir sıra şəhər və rayonlarda icra strukturlarında kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.
Belə ki, Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib, onun yerinə Ceyhun Cəlilov həmin vəzifəyə təyin olunub.
Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Elvin Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Eyni gün Elşən Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.








