Azərbaycanda kapital bazarının gücləndiirlməsi üzrə işlər müzakirə olundu
Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin yekunları və kapital bazarlarının gücləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
1news.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov öz rəsmi "X" sosial şəbəkə hesabında yazıb.
"Mərkəzi Bankda Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşümüz oldu. Görüş çərçivəsində 2025-ci ilin yekunları üzrə kapital bazarlarında müşahidə olunan meyillər, sektorun inkişafına təsir edən əsas amillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik.
Bu zaman kapital bazarlarının davamlı inkişafı, investisiya şirkətlərinin maliyyə dayanıqlılığının artırılması, investor hüquqlarının qorunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən danışdıq", -deyə sədr yazıb.
Onun sözlərinə görə, görüşdə həm də mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin kapital bazarlarının inkişafının dəstəklənməsinə yönəlmiş təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.












