“Reuters”: Müctəba Xameneinin səhhəti sual altındadır – niyə hələ də danışmır? | 1news.az | Xəbərlər
Dünya

“Reuters”: Müctəba Xameneinin səhhəti sual altındadır – niyə hələ də danışmır?

10:57 - Bu gün
“Reuters”: Müctəba Xameneinin səhhəti sual altındadır – niyə hələ də danışmır?

İranın yeni ali lideri Müctəba Xamenei atasının – ayətullah Əli Xameneinin həyatını itirdiyi ABŞ-İsrail zərbələri zamanı yaralandığı bildirilir.

1news.az xəbər verir ki, bu barədə "Reuters" yazır.

Agentlik qeyd edir ki, Müctəba Xameneinin yaralandığını təsdiqləyən rəsmi məlumat olmasa da, İran dövlət mediası buna işarə edən terminologiyadan istifadə edir.

“Dövlət televiziyasının aparıcısı Xameneini “Ramazan canbazı” (yaralı qazi) adlandıraraq onun yaralanması ilə bağlı yayılan şayiələri dolayısı ilə təsdiqləmiş kimi görünüb. İranda hazırkı münaqişə “Ramazan müharibəsi” kimi adlandırılır. Reuters isə onun sağlamlıq vəziyyətini rəsmi şəkildə təsdiqləyə bilməyib”.

Bildirilir ki, mümkün yaralanma və atasının fevralın 28-də öldürülməsindən sonra təhlükəsizliklə bağlı narahatlıqlar Müctəbanın sükutunu izah edə bilər. Belə ki, Ekspertlər Şurası (88 nəfərdən ibarət qurum) bazar günü axşam onun ali lider seçildiyini elan etdikdən sonra Xamenei hələ də ictimai açıqlama verməyib.

Hazırda real hakimiyyətin ən çox diqqət çəkən şəkildə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “beyt” adlandırılan ali liderin dəftərxanasının əlində cəmləşdiyi bildirilir. “Beyt” dövlət bürokratiyasının bütün strukturlarında paralel təsir sistemini idarə edir.

Ölkəni faktiki olaraq kimin idarə etdiyi ilə bağlı şübhələr şənbə günü demək olar ki, aradan qalxıb. Keçid dövründə ölkəni idarə etmək üçün yaradılan triumviratın üzvü olan Prezident Məsud Pezeşkian Fars körfəzi ölkələrindən hücumlara görə üzr istədikdən sonra geri addım atmağa məcbur olub. "Reuters" mənbələrinin bildirdiyinə görə, SEPAH rəhbərliyi bu üzrdən ciddi şəkildə qəzəblənib.

“Bir mənbə qeyd edib ki, mərhum ayətullah Əli Xamenei SEPAH-ı müəyyən qədər cilovlaya bilirdi, onun maraqlarını siyasi və dini elitanın mövqeləri ilə balanslaşdırırdı. İndi isə, yeni lider sükanı ələ almaq üçün kifayət qədər sağlam olsa belə, əsas qərarlarda son sözün böyük ehtimalla Keşikçilər Korpusuna məxsus olacağı gözlənilir”, – nəşr yazır.

Materialda daha sonra qeyd olunur ki, İranın yeni ali lideri postuna Müctəba Xameneinin namizədliyini məhz SEPAH irəli sürüb.

Yüksək vəzifəli iranlı mənbələrin sözlərinə görə, Korpus onu atasına nisbətən daha çevik və onların sərt kursunu dəstəkləməyə hazır fiqur kimi görür. Bu seçimin həyata keçirilməsi üçün SEPAH praqmatik siyasətçilərin etirazlarını da neytrallaşdırıb. Onsuz da böyük təsirə malik olan “keşikçilər” müharibə başlayandan sonra ölkədə daha da gücləniblər.

Mənbələr bildirir ki, onlar yüksək vəzifəli siyasətçilər və ruhani çevrələrdə mövcud olan tərəddüdləri qısa müddətdə aradan qaldırıblar. Həmin tərəddüdlər səbəbindən yeni liderin təyin olunmasının rəsmi elan edilməsi bir neçə saat gecikmişdi. Müxalif mövqedə olanların narahatlığını isə Xameneinin seçilməsindən təxminən 48 saat keçməsinə baxmayaraq hələ də açıqlama verməməsi daha da artırır. Bu isə minlərlə insanın həyatına son qoyan müharibənin qızğın vaxtına təsadüf edir.

Üç yüksək vəzifəli iranlı mənbə, keçmiş islahatçı məmur və daha bir insayder hesab edir ki, SEPAH-ın təşəbbüsü ilə Xameneinin seçilməsi İranın daha aqressiv xarici siyasət yürütməsinə və daxildə repressiyaların güclənməsinə səbəb ola bilər. Onlardan ikisi Keşikçilər Korpusunun üstünlüyünün İslam Respublikasını faktiki olaraq dini legitimliyin nazik pərdəsi altında fəaliyyət göstərən hərbi dövlətə çevirə biləcəyindən narahatdır.

Bu isə onsuz da zəifləyən hakimiyyət dayaqlarını daha da sarsıdır və rejimin mürəkkəb təhdidlərə reaksiya vermək imkanlarını məhdudlaşdırır.

Bəzi ayətullahlar hakimiyyətin faktiki olaraq irsi şəkildə ötürülməsinə etiraz ediblər. Onlar hesab edirlər ki, bu addım hətta mövcud sistemi dəstəkləyən qüvvələri belə uzaqlaşdıra bilər. Son bir həftə ərzində pərdəarxası danışıqlarda alternativ namizəd irəli sürmək cəhdləri də olub.

Lakin keçmiş islahatçı məmurun sözlərinə görə, SEPAH Xameneinin hakimiyyətə gəlməsini tənqid edənləri hədələyib. Digər bir insayder isə bildirib ki, Korpus Ekspertlər Şurasının üzvləri ilə birbaşa əlaqə saxlayıb və etirazlara baxmayaraq, sonda onların əksəriyyəti Müctəba Xameneinin namizədliyini dəstəkləməyə məcbur qalıb.

Əvvəlcə onun təyin olunmasının bazar günü səhər elan edilməsi planlaşdırılırdı, lakin müqavimət uzandığı üçün bu xəbər yalnız axşam saatlarında açıqlanıb. Atasının dövründə uzun illər “beyt” strukturuna rəhbərlik edən Müctəba Xamenei SEPAH-la, xüsusilə müharibədə həlak olan yüksək rütbəli generalların yerinə gələn ikinci eşelon komandirlərlə sıx əlaqələr qurub.

Mənbələr hesab edir ki, nəticədə İranın həm daxili, həm də xarici siyasətində radikalizmə doğru kəskin dönüş baş verə bilər. Beləliklə, Keşikçilər Korpusu uzun illər arzuladığı məqsədə – ölkə üzərində tam nəzarətə nail olub.

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər