Bayram günlərində ölüm və xəsarətlə nəticələnən nə qədər qəza olub? - BDYPİ-dən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində ölüm və xəsarətlə nəticələnən nə qədər qəza olub? - BDYPİ-dən açıqlama

Qafar Ağayev16:13 - Bu gün
Bayram günlərində ölüm və xəsarətlə nəticələnən nə qədər qəza olub? - BDYPİ-dən açıqlama

Qeyri-iş günlərində, eləcə də həftəsonları avtomobil yollarında hərəkətin xarakteri dəyişir, səfərlərin intensivliyi artır və bu dövrlərdə təhlükəsizliyin təmin olunması xüsusi diqqət tələb edir.

Belə vaxtlarda hər bir sürücünün və piyadanın daha məsuliyyətli davranması, yol hərəkəti qaydalarına ciddi riayət etməsi ümumi təhlükəsizliyin qorunmasında həlledici rol oynayır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ölüm və xəsarətlə nəticələnən 29 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Paytaxt ərazisində baş verən qəzaların böyük əksəriyyəti piyadaların vurulması ilə bağlı olub. Toqquşma və aşma ilə xarakterizə olunan hadisələr isə əsasən avtomagistrallarda və rayonlararası yollarda baş verib.

Aparılan müşahidələr göstərir ki, hadisələrin başvermə səbəbləri sırasında sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, sükan arxasında mobil telefondan istifadə, eləcə də piyadaların yolu keçərkən diqqətsiz davranışları üstünlük təşkil edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, yol hərəkətində təhlükəsizliyin təmin olunması hər bir iştirakçının qaydalara ciddi riayət etməsindən, diqqətli və məsuliyyətli davranışından asılıdır. Unutmayaq ki, qaydaların pozulması hər an ağır nəticələrə səbəb ola bilər.

Paylaş:
121

Son xəbərlər

Bütün xəbərlər