Şuşanın qədim tarixə malik memarlıq abidəsi olan malikanə kompleksləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşanın qədim tarixə malik memarlıq abidəsi olan malikanə kompleksləri

17:40 - Bu gün
Şuşanın qədim tarixə malik memarlıq abidəsi olan malikanə kompleksləri

Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamda qeyd edilir ki, ölkəmiz şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Sənəddə vurğulanır ki, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür.

Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Şuşanın qədim tarixə malik memarlıq abidəsi olan malikanə kompleksləri” sərlövhəli məqaləsində yer alıb.

1news.az “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bu silsilədən olan məqaləni təqdim edir.

Mehmandarovların malikanə kompleksi

Mehmandarovlara məxsus Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. Kompleks daş divarlarla əhatələnmişdir.

Binanın memarlığında geniş pəncərələri vasitəsiylə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur. Böyük yaşayış binası və ailə məscidinin interyerləri Usta Qənbər tərəfindən çəkilmiş və divarları rəsmlərlə bəzədilmişdir. Binanın layihəsini dövrün memarı Kərbəlayi Səfixan Qarabağı vermiş, bəzi işlərini isə tanınmış dekorativ boyakarlıq və ornament ustası Qənbər Qarabağı həyata keçirmişdir.

Bununla yanaşı, sonralar məscidə gedən yolun üstündə bulaq tikilmişdir. Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-1978-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılmışdır. Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1985-ci il 26 sentyabr tarixli 502 nömrəli əmrinə əsasən qoyulmuşdur.

XIX əsrə aid tarixi memarlıq abidəsi olan Mehmandarovlar ailəsinə məxsus malikanə kompleksində 1987-ci il 19 may tarixindən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlamışdır. Bundan əvvəl isə sovet dövründə Mehmandarovların böyük yaşayış binasında Şuşa Şəhər Xəstəxanası fəaliyyət göstərmişdir. Eyni zamanda. yaşayış kompleksinə daxil olan, 1984-cü ildən etibarən Şuşada təbii dərman vasitəsi kimi istifadə edilən bitkilərin toplandığı məhəllə məscidi isə “Yaşıl Aptek” kimi fəaliyyət göstərmişdir.

2023-cü il mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər. Şuşanın azad edilməsindən sonrakı dövrdə - 2021-ci ilin oktyabrından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılmış, bulağın damı əvvəlki vəziyyətinə gətirilmişdir. Kompleksə daxil olan evin və məscidin binalarının dam örtükləri yenilənmiş, tavanlar bərpa edilməklə yanaşı, malikanə kompleksinin dağılmış divarı bərpa olunmuş, zədəli divarda bərkitmə işləri aparılmışdır. Həmçinin məscidin “Güldəstə”si restavrasiya olunmuşdur. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrünün texnologiyalarına uyğun bərpa edilmişdir.

Görülmüş işlərdən sonra malikanə kompleksində “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu - XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülmüşdür. Ekspozisiyada Azərbaycan Milli Kino-Foto Sənədləri Arxivi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun materialları, həmçinin elmi ədəbiyyat mənbə qismində istifadə edilmişdir.

Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilmişdir. Fotolar Şuşanın tanınmış zadəgan nəsilləri - Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilmişdir. Artıq buranı ziyarət edən hər bir insan özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış azərbaycanlı zadəganının evindəki kimi hiss etmiş olur. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə edilmişdir.

Mehmandarovların malikanə kompleksi

Hacı Qulunun malikanəsi

Şuşa şəhərində yerləşən ən möhtəşəm tarixi-memarlıq abidəsi sayılır. Üç mərtəbəli saray tipli evin inşasına 1849-cu ildə Qulu Məhəmmədəli oğlunun sifarişi əsasında başlanılmış, təxminən 1855-ci ildə tikilib başa çatdırılmışdır. Şuşa şəhərində yerləşən XIX əsrin tarixi memarlıq abidəsi olan və Hacı Qulu sarayı kimi tanınan mülk, öz memarlıq üslubu, həmçinin milli koloriti ilə xüsusilə seçilirdi. Sarayın 46 otağı və iki böyük qonaq zalı var idi.

Evin uzadılmış düzbucaqlı formasına malik olan planı, ara divarı boyunca inşa edilmiş və birinci mərtəbədəki xidməti otaqları ikinci mərtəbədəki yemək və yaşayış otaqları ilə birləşdirən pilləkəni ilə diqqət çəkir. Evin tamamilə parad xarakteri daşıyan üçüncü mərtəbəsi iri zal və onun yanlarında yerləşən qonaq otaqlarından ibarətdir.

Bu evin otaqları, xidmət məqsədinə uyğun olaraq müvafiq formada inşa edilmişdir. Zəngin Şuşa evləri üçün xarakterik olan böyük zal formalı qonaq otağı ilə yanaşı, burada yemək və yataq otaqları da istifadə profilinə uyğun memarlıq formalarına malikdir. Birinci mərtəbə ilə əlaqə parad və xidmətçilər üçün nəzərdə tutulmuş iki pilləkən vasitəsilə həyata keçirilir.

Şuşanın qədim tacir evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən mülkün birinci mərtəbəsində ticarət məkanları yerləşdirilmişdir. Evin divarları daş və əhəng-gil məhlulu qarışığından ina edilmiş, daların arasıda həmin məhlulla üzlənmişdir ki, bu da binanın fasadına xüsusi kolorit verir. Birinci mərtəbədə tikilinin fasadı tağvari formalı üç böyük girişə malikdir, ikinci mərtəbədə isə simmetrik formada üç pəncərə yerləşdirilmişdir. Əksər Şuşa ev və saraylarından fərqli olaraq Hacı Qulunun malikanəsi üçün tikilinin bütün fasadlarında yerləşən çoxlu sayda geniş pəncərələr xarakterikdir. Pəncərələr hamısı şəbəkə ilə işlənmişdir.

Şuşanın Çuxar məhəlləsindəki bu mülk bir zamanlar Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirə xidmət edən Hacı Qulu, daha sonra ticarətlə məşğul olmuş, Şuşanın varlı tacirlərindən birinə çevrilmişdir. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunmuşdur .

Hacı Qulunun malikanəsində sovet dövründə müxtəlif müəssisələr fəaliyyət göstərmiş, işğaldan əvvəl isə burada Qarabağ ipək fabrikinin toxuculuq sexi fəaliyyət göstərmişdir. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan silahlı dəstələri tərəfindən işğalı zamanı Hacı Qulunun malikanəsi top atəşinə tutularaq divarları dağıdılmışdır. Hazırda divarlarının bəzi hissələri qalmaqdadır.

Hacı Qulunun malikanəsi

Zöhrabbəyovların malikanə kompleksi

XIX əsrin memarlıq abidəsi olan Zöhrabbəyovların malikanə tipli tarixi yaşayış kopleksi Şuşanın məşhur soylarından olan Zöhrabbəyovlara məxsusdur. Bu soy Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biridir. Zöhrabbəyovların ulu babası Zöhrab bəy olmuşdur. Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Kompleksin memarlıq xüsusiyyətləri haqqında qeyd etmək olar ki, tarixi 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilmişdi. Hər mərtəbədə 200–250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşbazxana mövcud olmuşdur. Evlərin içərisi milli ornament və antik rəsmlərlə bəzədilmişdi.

XX əsrin 80-ci illərində kompleks bərpa edildikdən sonra həmin binada Şuşa Dövlət Rəsm Qalereyası fəaliyyət göstərmişdi. Bu memarlıq kompleksində keçmiş və müasir təsviri sənət ustalarının 200-dən çox əsəri nümayiş etdirilirdi. Qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin görkəmli nümayəndələrinin əsərləri təşkil edirdi, eyni zamanda yüksək bədii zövqlə düzəldilmiş dekorativ tətbiqi sənət nümunələri də nümayiş etdirilirdi. 1992-ci ildə Şuşa şəhərinin Ermənisran silahlı dəstələri tərəfindən işğalı zamanı bina talan edilmiş, şəbəkədən hazırlanmış pəncərələri və divar rəsmləri məhv edilmiş, dağıdılmış, binanın bir hissəsi qalmışdır.

Hacı Qulunun malikanəsi

Əsəd bəyin mülkü

Şuşa şəhərində Xurşidbanu Natəvanın sarayının yaxınlığında yerlşən Əsəd bəyin evinin memarlıq planında Şəki şəhərində yerləşən Şəkixanovların evi ilə çoxlu ortaq xüsusiyyətlər vardır. Əsəd bəyin də evinin kompozisiya mərkəzində böyük zal yerləşir. Evin digər otaqları isə həmin bu zalın ətrafında qruplaşdırılmışdır. Əsəd bəyin evinin bu cür plana malik əsilzadə evlərindən fərqləndirən əsas xüsusiyyəti onun çoxotaqlı olmasıdır. Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünmüşdür: mərkəzdə iri zal və onun ətrafında kiçik otaqlar, iki tərəfdə isə hər biri iki otaqdan ibarət olan daha iki qrup otaq yerləşir.

Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olur. Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır. Əsəd bəyin evinin ikinci mərtəbəsində iri qonaq zalı ilə yanaşı, bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da vardır. Bu iki iri zalla yanaşı, evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilmişdir. Birinci mərtəbənin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbənin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunmuşdur.

Əsəd bəyin mülkü

Şuşada yerləşən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış və şəhərin qədim evlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən Fərəməzovların, Səfərbəyovların, Qədimovların, Behbudovların, Qaraşarlıların, Mamay bəyin, Cahangir bəyin, Bəhmən Mirzənin, Hacı Məmmədin, Məşədi İbrahimin, Səfi bəyin, Hacı Əmirin, Məşədi Qaranın, Hacı Dadaşın, Cəfərqulu ağanın, Uğurlu bəyin və şəhərdə tanınmış digər insanların mülkləri Azərbaycan milli memarlığının parlaq ənənələrini əks etdirir.

Elçin Əhmədov

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər