“Sea Breeze” ilə “Raffle Group” və “Accor Group” arasında əməkdaşlıq sazişi imzalandı - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Sea Breeze” ilə “Raffle Group” və “Accor Group” arasında əməkdaşlıq sazişi imzalandı - FOTO

17:23 - Bu gün
“Sea Breeze” ilə “Raffle Group” və “Accor Group” arasında əməkdaşlıq sazişi imzalandı - FOTO

Aprelin 2-də The Grand kompleksində “Sea Breeze” ilə “Raffle Group” və “Accor Group” arasında “Sea Breeze” ərazisində “Swissôtel & Raffle Residences” layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanma mərasimi keçirildi.

Sənədi “Sea Breeze” kurort şəhərciyinin təsisçisi və sahibi Emin Ağalarov, premium seqment üzrə fəaliyyət göstərən “Raffle Group” şirkətlər qrupunun həmtəsisçisi Rafail Nuri və “Accor Group” şirkətinin inkişaf üzrə vitse-prezidenti Filipp Bone imzaladılar.

“Bu gün “Swissôtel & Raffle Residences” layihəsinin icrası ilə bağlı sazişin imzalanması ilə “Sea Breeze” üçün daha bir önəmli mərhələyə qədəm qoyuruq. Tikintisi davam edən kazinonun yaxınlığında yerləşəcək və fərqli memarlıq üslubuna malik kompleksin inşasına yaxın zamanlarda başlanılacaq. Əminəm ki, bu layihə “Sea Breeze”-in ən məşhur obyektlərindən birinə çevriləcək”, – deyə Emin Ağalarov bildirdi.

““Sea Breeze” ilə əməkdaşlıqdan məmnunuq və bu layihəni 2029-cu ildə uğurla təhvil verəcəyimizə inanırıq. Bu, şirkətimizin böyüməsində önəmli addımdır və göstərilən dəstəyə görə Emin Ağalarova təşəkkür edirik”, – deyə Rafail Nuri vurğuladı.

““Accor Group” artıq uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir və brendlərimiz burada yüksək maraqla qarşılanır. Strategiyamız yalnız paytaxtda deyil, həm də kurort ərazilərində fəaliyyət sahəmizi genişləndirməyi nəzərdə tutur. İmzalanmış saziş “Swissôtel” brendinin ölkə bazarına daxil olmasını rəsmiləşdirir. Brend artıq regionun bir sıra paytaxtlarında uğurla təmsil olunur, sabit nəticələr göstərir və investorlar tərəfindən böyük maraq görür.

Onun Azərbaycan bazarına çıxışı gələcək inkişaf baxımından əhəmiyyətli mərhələdir”, – deyə Filipp Bone bildirdi.
Layihə 13 mərtəbəli kompleksdən ibarətdir və memarlıq konsepsiyası Melike Altınışık Architects (MAA) tərəfindən hazırlanıb. Konsepsiya Xəzər dənizinin dalğalarının ritmi və küləklərindən ilhamlanıb. Kompleksdə sahəsi 45 kv.m-dən 309 kv.m-dək dəyişən 458 rezidensiya nəzərdə tutulur. Gələcək sahiblərin rahatlığı üçün bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə birlikdə təqdim olunacaq. Hər mərtəbədə, künclərdə yerləşən rezidensiyalarda əlavə komfort elementləri, o cümlədən şəxsi terraslar və cakuzi nəzərdə tutulub. Yüksək icra səviyyəsi və memarlıq dəyəri layihəni həm yaşayış, həm də sərfəli investisiya üçün cəlbedici edir.

Kompleks Swissôtel standartlarına uyğun fəaliyyət göstərəcək və rezidentlərə yüksəksəviyyəli xidmətlər təqdim edəcək: 24/7 fəaliyyət göstərən resepşn, konsyerj xidməti, təmizlik və müştərilərin hər bir ehtiyacına fərdi yanaşma. Rezidensiyaların yaxınlığında 150 otaqlı “Swissôtel” premium brendinə məxsus hotel yerləşəcək və qonaqlara İsveçrə keyfiyyətində xidmət təqdim edəcək.

Kompleksin infrastrukturu fitnes və SPA mərkəzləri, qapalı və açıq hovuzlar, yeraltı və yerüstü parkinqlər, premium restoranlar, butiklər və birbaşa dənizə çıxışı olan şəxsi çimərlik ilə tamamlanacaq.
HalfMoon və Dream Arena konsert zalı, eləcə də kazino kompleksin yaxınlığında yerləşəcək. Hotel və rezidensiyaların açılışı 2029-cu ilin ortalarına planlaşdırılır.

2018-ci ildə təsis olunmuş “Raffle Group” premium daşınmaz əmlak şirkətidir. Şirkət yüksəkkeyfiyyətli yaşayış layihələri, o cümlədən şəhər və kurort tipli obyektlərin tikintisini həyata keçirir. “Raffle Group” Azərbaycanda müasir memarlıq və investisiya mühitinin formalaşdırılmasını qarşısına hədəf kimi qoyub.

Bu il “Sea Breeze” 20 illik yubileyini qeyd edir. Bu müddət ərzində layihə Xəzər dənizinin sahilində yerləşən kurort qəsəbəsi ideyasından Avropanın ən iri özəl daşınmaz əmlak və müasir həyat tərzi layihələrindən birinə çevrilib. Bu gün “Sea Breeze” memarlıq, infrastruktur, təbiət, texnologiya və mədəniyyətin vahid sistem kimi bir araya gəldiyi məkandır.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər