Dəm qazından zəhərlənən uşaqların ikisi dövlət müəssisəsinə yerləşdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəm qazından zəhərlənən uşaqların ikisi dövlət müəssisəsinə yerləşdiriləcək

16:37 - Bu gün
Dəm qazından zəhərlənən uşaqların ikisi dövlət müəssisəsinə yerləşdiriləcək

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, məsələ icra hakimiyyəti tərəfindən diqqətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırılıb: “Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.

Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilib, mənzil-məişət şəraiti yerində qiymətləndirilib. Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək”.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.

Xatırladaq ki, aprelin 1-də Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənib. Aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi - 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Hazırda xəstəxanada müalicə alan 5 uşaqdan üçünün vəziyyəti ağırdır. Uşaqlardan birinin həyatını itirməsindən sonra onların atası Kamil Cəbrayılov “TikTok” platformasında canlı yayım açıb. Bu addım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə yol açıb.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər