“Sülh körpüsü” çərçivəsində növbəti görüş ekoloqlarla keçirilib - FOTO
6 aprel 2026-cı il tarixində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində ekologiya və ətraf mühit sahəsində fəaliyyət göstərən QHT nümayəndələri ilə görüş keçirilib.
1news.az xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov təşəbbüsü haqqında geniş məlumat verib.
O qeyd edib ki, təşəbbüs hər hansı konkret və ya vahid vətəndaş cəmiyyətini tam şəkildə təmsil etmir.
“Bu platforma müxtəlif baxış və yanaşmaları bir araya gətirən inklüziv dialoq mühiti kimi fəaliyyət göstərir. Təşəbbüs çərçivəsində müxtəlif sahələri təmsil edən vətəndaş cəmiyyəti nümayəndələri ilə mütəmadi görüşlər keçirilir, qarşılıqlı fikir mübadiləsi və etimad quruculuğu istiqamətində addımlar atılır”.
Vurğulanıb ki, indiyədək müxtəlif QHT nümayəndələri ilə bir sıra görüşlər keçirilib, müzakirələr aparılıb.
O, bildirib ki, bugünkü görüşün əsas məqsədinə gəldikdə isə digər sahələrdə olduğu kimi ekologiya sahəsində də əlaqələrin inkişafına ehtiyac var.
“Ermənistanla ekologiya istiqamətdə mövcud və potensial əlaqələrin müzakirəsi, qarşılıqlı maraq doğuran sahələrin müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə transsərhəd su ehtiyatlarının qorunması, çayların çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin mühafizəsi və sərhədyanı qoruqların birgə qorunması kimi məsələlər ön plana çıxır”.
Fərhad Məmmədov əlavə edib ki, ümumilikdə Ermənistanla əlaqələrin inkişafı istiqamətində daha sistemli və davamlı addımlar atılmalıdır.
“Bu isə yalnız dövlətlərarası səviyyədə deyil, həm də vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, dialoq platformalarının gücləndirilməsi və ortaq problemlərin birgə həlli mexanizmlərinin formalaşdırılması ilə mümkün ola bilər”.
Görüş çərçivəsində Ermənistanla ekologiya sahəsində problemlərin həlli istiqamətində əməkdaşlıq imkanları da müzakirə edilib.
İştirakçılar sülh prosesi, mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Bildirilib ki, indiyədək biomüxtəlifliyin qorunması istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilib və Ermənistan QHT-ləri ilə təmaslar mövcuddur.
Sülh quruculuğu çərçivəsində bu əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdən keçirilir.
Ortak maraqlara əsaslanan birgə layihələr, sərhədyanı qoruqlar və regional ekoloji mərkəzlərlə əməkdaşlıq imkanları böyük önəm kəsb edir.
Xüsusilə su resursları mövzusunun Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq üçün mühüm imkan yaratdığı vurğulanıb.
Tullantıların idarə olunması, dağ-mədən sənayesi və sərhədyanı çayların vəziyyəti də müzakirə mövzusu olub.
Monitorinqlərin gücləndirilməsi və məlumat mübadiləsi kimi birgə mexanizmlərin yaradılması təklif olunub.
İştirakçılar müxtəlif yanaşmaları bölüşərək, sülh prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasının və görüşlərin davamlı keçirilməsinin vacibliyini qeyd ediblər.
Tədbir iştirakçıları onları maraqlandıran suallar ünvanlayıblar. Suallar ətrafında geniş müzakirələr olunub.
Qeyd olunub ki, bu istiqamətdə görüşlər davam etdiriləcək.
Foto: Nadir İbrahimli

































